"1 manatlıq dönərlər əsasən leş ətlərindən hazırlanır"
24.01.2020 13:11 Fikirlər

"1 manatlıq dönərlər əsasən leş ətlərindən hazırlanır"

Yol kənarlarında, insan axınının çox olduğu yerlərdə dönərxanaların sayı hər ötən il daha da artır.

Maraqlıdır ki, mal ətininin, toyuğun və müxtəlif ərzaqların qiyməti hər il artsa da, dönərin qiyməti dəyişmir - 1 manat. Bu isə bəzi alıcılarda müəyyən suallar yaradır. Yediyimiz nə ətidir ki, belə ucuzdur və dəyişmir? Yedikləri ucuz dönərin tərkibi onları narahat etsə də, baha dönərdə də eyni cür məhsuldan istifadə olunduğuna inanırlar.

Lakin burada diqqət yetirilməli başqa bir məqam da var. Belə ki, ucuz dönərlər istehlakçının sağlamlığına zərər vurduğu kimi, bir çox sahibkarların cibinə də ziyan vurur. Bəzi dönərxana sahibləri 1 manatlıq dönərlərin onların biznesinə zərər vurduğundan şikayətlənirlər.

1 manatlıq dönərlər əsasən leş ətlərindən hazırlanır

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hər zaman istəmişik ki, məhsulların qiyməti ucuz, amma keyfiyyətli olsun:

“Təəsüf ki, biz bazarda ədalətli rəqabət görmürük. Ölkənin rəqabətə nəzarət edən İqtisadiyyat Nazirliyi tərkibində olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti düzgün işləmir. İl yarım öncə Cənab Prezident fərman verib ki, bu qurum dəyişdirilsin, normal quruma çevrilsin. Və ölkə başçısı dəfələrlə yığıncaqlar da deyib ki, ölkədə inhisarçılıq var, bunun qarşısını almaq lazımdır. Ona görə də, bazarda haqsız və ədalətsiz rəqabət mühiti var. Ucuz dönərlərin keyfiyyəti məsələsi uzun müddətdir müzakirə olunur. Əlbəttə, belə dönərlər əsasən vaxtı keçmiş, çox yaşlanmış heyvan ətindən, bəzən 50 qəpik, bir manata alınmış leş ətlərindən hazırlanır. Qida Təhlükəsizliyi Agentliyi dövlət qurumu olaraq hamısına nəzarət etmək iqtidarına sahib deyil. Ona görə də, ictimaiyyət AQTA-ya kömək etməlidir. Şübhəli, iylənmiş bir qida gördükdə mütləq AQTA-nın 1003 telefon xəttinə zəng vurulub deyilməlidir. İstisna olunmur ki, dönər üçün istifadə olunan ətlərin əksəriyyətinin mənşəyi məlum deyil. Ola bilər ki, başqa heyvan ətləridir. İctimaiyyət bu məsələdə fəal olmalıdır”.

Ekspert qeyd edib ki, dönərləri qanuni hazırlayan və dövlət tərəfindən icazəsi olan iki müəssisə var:

“Bu şirkətlərin elə avadanlıqları var ki, dönərləri hazırlayıb, mənfi 40 dərəcə dondurmadan keçirirlər. Bu zaman heyvanda olan bir qisim xəstəliklər məhv olur. Sözügedən avadanlıqları olduğu üçün dövlət tərəfindən icazə verilib ki, hətta toyuq dönəri də hazırlasınlar. Lakin Azərbaycanda fəaliyyət göstərən dönərxanaların heç bir faizi də oradan dönər almır. Özləri bir yerdən ət alırlar, onun sertifikatından istifadə edilər. O sertifakatı əsas gətirərək, hər cür dönər hazırlayırlar. Düşünürəm ki, istehlakçılar təhlükəsiz dönər almaq istəyirlərsə, həmin şirkətlərin istehsal etdiyi və dönərxanalara çatdırdığı dönərlərin sənədlərini öyrəndikdən sonra istifadə edə bilərlər”.

1 manatlıq dönərlər əsasən leş ətlərindən hazırlanır

“MediaPost” mövzuyla bağlı AQTA-nın mətbuat xidməti və “Qaynar xətt”i ilə əlaqə saxlamağa çalışıb. O cümlədən quruma müraciət ünvanlanıb. Məsələnin araşdırılacağı və yaxın zamanda ətraflı məlumat veriləcəyi bildirilib.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında dönər köşklərinə və dönər satışı ilə məşğul olan müəssisələrə nəzarət edəcək “Süfrə” MMC adlı qurumun yaradılacağını açıqlayıb.

Xəbərlər departamenti

Gündəm