2 bankın bağlanma ehtimalı daha çoxdur - EKSPERT
27.04.2020 14:34 İqtisadiyyat

2 bankın bağlanma ehtimalı daha çoxdur - EKSPERT

Azərbaycan Respublikasnın Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub.

Bəs hansı halda banklara müvəqqəti inzibatçılar təyin olunur? Bu bankların bağlanma ehtimalı varmı?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən banklar üzrə hüquqşünas-ekspert Əkrəm Həsənov bildirdi ki, banklar haqqında qanuna əsasən hər hansı bir bankın ödəmə qabiliyyətində problem olan zaman Mərkəzi Bank müvəqqəti inzibatçı təyin edə bilər:

"Bu o deməkdir ki, bankın bütün rəhbərliyi idarəetmədən kənarlaşdırılır və birbaşa Mərkəzi Bankın təyin etdiyi şəxslər həmin bankı idarə etməyə başlayırlar. Müvəqqəti inzibatçının isə işi bu bankda yaranan maliyyə problemlərini araşdırmaq, ödəmə qabiliyyətini itirməyin əsl səbəbini müəyyən etməkdir ki, buna uyğun qərar verilsin".

Ekspert bildirib ki, bankın ödəmə qabiliyyətini itiməsinə səbəb 2 cür problem ola bilər: "İlk olaraq problem müvəqqəti likvidlik problemi ola bilər. Likvidlik problemi odur ki, bankın əslində, ödəmə qabiliyyəti olsa da, kreditləri vaxtlı-vaxtında ödənilmir və problemli kreditlərdir. Banka borcla bağlı işlər məhkəməyə verilib ki, bu da vaxtı uzadır. Lakin əvvəl-axır bank o işləri udacaq, girovları satacaq və problemli kreditləri geri qaytararaq borclarından çıxacaq. Bu halda belə bankın bağlanması məqsədəuyğun olmaz. Bu zaman banka yardım məqsədilə Mərkəzi Bank bu banka kredit verməli və ya əlavə səhmdar tapılmalıdır.

İkinci məqamda isə ola bilər ki, bankın verdiyi kreditləri qaytarmaq, ümumiyyətlə mümkün olmasın. Bu kreditlərə keyfiyyəti aşağı olan və girovsuz kreditləri misal göstərmək olar. Belə halda isə bankın bağlanması, gözlənilən ola bilər. Məsələn, bu banklar arasında "AtaBank"ın vəziyyəti yaxşı deyil və verdiyi kreditlərin əksəriyyətinin qayıtmayacağı gözlənilir. Bu bankın verdiyi kreditllərin əksəriyyəti girovsuzdur. "NBC Bank"da da oxşar vəziyyət mövcuddur. Lakin "AGBank" Və "Amrahbank"da vəziyyət fərqlidir. Məsələn, "AG Bank"ın sırf verdiyi kreditləri toplaya bilmədiyi qeyd olunur".

Ekspertin sözlərinə görə, əgər müvəqqəti inzibatçı bu bankların birində verilən kreditlərin geri qaytarıla bilməyəcəyini müəyyən etsə, bu bankların bağlanma ehtimalı var. Həmçinin bu banklardan hər hansı birinin digər bankla birləşməsi, yəni konsolidasiya olması ilə bağlı qərar da verilə bilər.

Xəbərlər departamenti

Gündəm