2 metr yerdə keçən həyat: yaradıcı insan üçün olduqca cansıxıcıdır
24.12.2019 14:07 Fikirlər

2 metr yerdə keçən həyat: yaradıcı insan üçün olduqca cansıxıcıdır

İnsan həyatının böyük hissəsi işdə keçir. Yəni hər günümüz çox aydın bir qrafikə uyğunlaşıb: 8 saat işin özü, 1 saat nahar fasiləsi, 2-3 saat işə gedib-gəlmək üçün yolda itirilən zaman, 8 saat yuxu. Şəxsi həyat üçün cəmi 4 saat qalır, onu da bəzən heç effektiv istifadə edə də bilmirik. İşə çatanda da ofisdə bir çox məsələni həll etməliyik.

Müasir ofisin daxilində həlli çətin görünən onlarla problem var. İşçi rəhbərlikdən narazıdır, rəhbərlik də işçidən. Bu növ qarşıdurma isə ümumi prosesə pis təsir edir.

Rəhbərlik nədən narazıdır?

Əsas narazılıq işçinin tutduğu mövqeyə uyğun olub-olmamasına bağlıdır. Burada daha vacib olanı əməkdaşın peşəkarlığı yox, rəhbərliyin gözləntisinə uyğunluğu daha vacibdir. Bəzən rəhbərlik yeni ofis yaradır, yeni ideyalarla bazara daxil olur. Belə halda sahəni bilən az adam tapılar, perspektivli gəncləri toplayıb onlarla birgə addımlamağa üstünlük vermək doğru olar. Amma kimsə dil kursu açırsa, burada Amerika kəşf etməyə lüzum yoxdur, işi bilən və bacarıqlı kadrlarla işləmək daha məsləhətdir. Ofis komandasının formalaşmasına bəzən uzun müddət tələb olunur.

İşə gecikmək bəzən rəhbərliyi qıcıqlandıran çox ciddi məsələdir. İşçi var, nə qədər çalışsa da, həmişə gecikir, işçi var, ya gecikmir, ya da özündən asılı olmayan səbəbdən çox nadir halda gecikir. Ofisdə olan nəzarət sistemləri, hətta qeydiyyat dəftərləri də gecikmənin qarşısını almağa yönəlib, amma faydası yoxdur bəzən.

Ofisdəki səliqəsizlik də narazılıq doğuran məqamlardandır. Əməkdaşların bir çoxunun masası və ya şəxsi yeşiyində səliqə-sahman olmur. Yemək qalıqları, kağız qeydləri, artıq əşyalar hər yeri doldurur. Hətta klaviaturanı belə təmizləməyə imkan yoxdur. Başıaşağı çevirsən, xeyli zibil aşağı töküləcək.

Bəzən işçilərin səliqəsizliyi, ofisdəki natəmizlik təşkilatın rəhbəri və ya baş menecerdə narazılıq doğurur. Bunu açıq-aydın bildirir, işçilərə xəbərdarlıq göndərilir. Bəzi ofislərdə hətta xanımların dikdabanda gəzməsi də mümkünsüzdür, çünki səsdən işləmək olmur. Hətta dikdabanın taqqıltısı aşağı mərtəbədə yaşayan insanların qəzəbinə və şikayət etməsi gətirib çıxarır.

İşçi nədən narazıdır?

Hətta ən yüksək gəliri olan əməkdaş demək olar həmişə maaşın azlığından şikayətlidir. Pul nə qədər çox olsa belə, azlıq edir. Əsas arqument kimi də başqa şirkətlərdə olan əməkhaqqının səviyyəsi, iş şəraitinin daha uyğun olması göstərilir.

İşçi verilən maaşdan çox artıq işlərin görülməsindən narazıdır. Hər ofisdə olmasa da, Azərbaycanda işçini əlavə işlətmək və buna görə pul ödəməmək praktikası var. Həm də təcrübə toplamaq adı ilə gəncləri işə dəvət edib cüzi maaşa işlətmək ənənəsi də yer alıb. Yol pulunu və yeməyini güclə ödəməyə bəs edən bir maaşla çalışan gənc əməkdaşı bəzən bir müddət sonra “işini bacarmır” adı ilə işdən azad edirlər.

İş rejiminin sərtliyi də işçidə narazılıq doğuran faktorlardandır. Sərtlik özünü rəhbərliyin ardı-arası irəli sürdüyü bir-birinə zidd tələblərdə özünü göstərə bilər. Öz mövqeyinə uyğun olmayan işlərlə yüklənən əməkdaş da işi dırnaqarası yerinə yetirər. Köhnə avadanlıq vaxtı-vaxtında əvəzlənmək əvəzinə kompüterin istismarı son gününə kimi davam edər.

Müasir qurğu ilə bir işi 15 dəqiqəyə görmək olursa, əməkdaş bəzən bu işə saatlar sərf etməlidir. Əlində neçə layihəsi var, amma ya internet yoxdur, ya kompüter donub, amma rəhbərlik problemi həll etmək əvəzinə sərt formada işin tezliklə təhvil verilməsini tələb edir.

Çıxış yolu nədir?

Həm rəhbərliyin, həm də əməkdaşların narazılığında haqlı və haqsız tərəflər olur. Burada əsas məsələ orta məxrəcə gəlməkdir. Rəhbərliyin də ofisin formalaşmasında hansı baxışının olması əhəmiyyətlidir. Hazırda dünya praktikasında Google nümunəsi var. Burada ən mütərəqqi ideyalar sintez olunur. Bu baxımdan bu şirkətdə həm də əməkdaşların birgə komandada çalışmaq və məhsul istehsal etmək bacarığı yoxlanılır. Rəhbər-əməkdaş münasibəti demək olar aradan qaldırılıb, hamı nə edəcəyini dəqiq bilir, məsləhətə ehtiyacın varsa, bu halda daha təcrübəli kuratora müraciət edə bilərsən.

Müasir ofis yaradıcı işlə məşğul olan insanların toplusudur. Bu axı, zavod və ya fabrik deyil, konveyer başında da duran yoxdur. İnsanın yaradıcı gücünün tam formada üzə çıxması isə hər hansı bir şərtilikdən uzaq şəraitin yaradılmasına bağlıdır. Əgər təşkilatın lideri nizam-intizamı, ağlı-biliyi, fərasəti, bacarığı ilə seçilən birisidirsə, bu halda işçinin işə gecikməsi, nizam-intizamı pozması, buraxdığı səhvləri, masası üzərində olan səliqəsizliyi belə narazılıq doğurur. Amma Azərbaycan şəraitində bu nə qədər doğrudur?

Almanın, yaponun və ya finin nəqliyyatı dəqiq işləyir, bir dəqiqə belə gecikmək mümkün deyil. Heç kim gecikmir də. Bizim reallıqda işə gecikməmək özü bir qəhrəmanlıqdır. Dəyişmək üçün yəqin zaman tələb olunur. Yaradıcı insanın masası üzərində səliqəsizlik tam normaldır, çünki əməkdaşa 2 metr yer verilir, həyatının da üçdə biri burada keçir. Ona lazım olan hər bir vacib əşyanı, qida məhsullarını, hansısa avadanlığı birtəhər bu kiçik yerdə saxlamalıdır. İşin gərginliyi bəzən heç əməkdaşa ən mühüm ehtiyacını belə ödəməyə imkan vermir. Burada həm yeyir, həm içir, həm də yorğunluqdan əsnəyir.

Müasir dövrdə hər şirkətin rəhbərliyi ofisdən gələn siqnalları dəqiq bilməlidir. İşin effektivliyini hər vasitə ilə artırmaq lazımdır. Avadanlıq köhnədirsə, dəyişmək, əməkdaşı narahat edən və ya narazı salan nəsə varsa, problemin həllini düşünmək lazımdır. Ofisdə sıxlıq varsa, deməli işçinin yaradıcı proseslə bağlı problemi olacaq. Kollektivdə gərgin münasibətlər yaranıbsa, deməli korporativ yığıncağın vaxtıdır. Qeyri-formal şəraitdə olan bir ziyafət çox problemi aradan qaldırar. Yığıncaq və namaz otağı, məkanın fen-şuy üslubunda qurulması, təbii bitkilərin kifayət qədər olması da vacibdir. Fərli-başlı havalandırması olmayan ofisin faydalı işindən danışmaq belə gülməlidir.

Google təcrübəsi bir çox ölkədə yayılmaqdadır. Məsələn, elə Rusiyanın Yandex şirkətində olduqca mütərəqqi qayda-qanun hökm sürür. Burada dəqiq çərçivəyə alınmış iş saatı yaradıcı heyət üçün yoxdur. Ürəyin istəyirsə, lap gecə gəl. İşçinin məkanı da 2 metrlə məhdudlaşdırılmır. Kim istəsə, noutbuku götürüb çox rahat ofis yastığının üstündə oturub işləyə bilir. Tennis oynamaq üçün otaq da var, ürəyin meyvə istəyirsə, get mətbəxə, banan, portağal, narıngi və ya alma seç. Əməkdaş kiçik bir yerdə, dar çərçivədə yox, ofisin istədiyi yerində düşünə bilər.

Biznesə xeyir gətirə biləcək hər bir faydalı təcrübədən Azərbaycanda da yararlanmaq ümumi rifahın artmasına, bizim şirkətlərin də dünya səviyyəsində rəqabətə davamlı olmasına şərait yarada bilər. Kim birinci yararlansa, o da irəlidə olacaq.

Xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm