2019-cu ilə damğa vuran qadınlar!
08.01.2020 13:35 Fikirlər

2019-cu ilə damğa vuran qadınlar!

2019-cu ilə damğasını vuranlar arasında qadınlar da var. Onlar illərdir kişilərin hökmran olduğu sahələrdə liderliyi ələ aldılar, bacarıq və nailiyyətləri ilə səslərini bütün dünyaya eşitdirdilər. Aralarında prezident və baş nazir də var, iş adamı, idmançı və kosmonavt da...

AVROPA KOMİSSİYASINDA İLK QADIN RƏHBƏR!

2019-a damğa vuran qadınlar!

"MediaPost" xəbər verir ki, ötən il Avropa Komissiyası də üçün əlamətdar olub. Tarixində ilk dəfə qurumun rəhbərliynə bir qadın gəlib. Ursula fon der Lyayen Avropa Komissiyanın sayca 13-cü sədridir. Həkim-ginekoloq, fəlsəfə doktoru olan Lyayen siyasətə gələndə artıq 40 yaşına çatmışdı. O, daha əvvəl ailə işləri naziri, əmək naziri, Almaniyanın müdafiə naziri postlarını tutmuşdu.

61 yaşlı Ursula fon der Lyayen 7 uşaq anasıdır və ailə qayğıları ona məsul vəzifələr tutmağa əngəl yaratmır.

Xanım Lyayen jurnalistlərə müsahibəsində etiraf edib ki, hər zaman çoxuşaqlı ana olmağı arzulayıb. Özünün də belə bir ortamda böyüdüyünü deyən Lyayen ailəni uşaqsız təsəvvür etmədiyini bildirib.

FİN MÖCÜZƏSİ!

2019-a damğa vuran qadınlar!

34 yaşlı Sanna Marin dünyanın ən gənc baş naziridir. Finlandiya hökumətinin yeni başçısı bundan əvvəl nəqliyyat və rabitə naziri vəzifəsində çalışıb.

Sanna Marin ötən ilin dekabr ayından hökumətə rəhbərlik edir. Finlandiyanın yeni hökuməti 5 partiyadan formalaşdırılıb. Və bu partiyaların hamısına qadınlar rəhbərlik edir. Onlardan dördünün yaşı 40-dan azdır.

Marin siyasətə aşağılardan gəlib. Ailə üzvləri arasında ilk ali təhsili alan da o olub.

Səlahiyyətlərinin icrasına yeni başlasa da, artıq ölkənin iş qrafiki ilə bağlı maraqlı təşəbbüs irəli sürüb. Baş nazir bildirib ki, insanlar ailələri ilə daha çox vaxt keçirməli, sevdikləri iş və məşğuliyyətlərə vaxt ayıra bilməlidirlər. Bunun üçün də iş saatı qısa olmalıdır.

Onun təklifinə görə, Finlandiya sakinləri hər gün 6 saat olmaqla həftədə 4 dəfə işləməlidirlər. Hazırda isə ölkədə iş qrafiki həftədə 5 gün, gündə 8 saatdır.

BELÇİKA TARİXİNDƏ İLK!

2019-a damğa vuran qadınlar!

Sofi Vilmes 2019-da Belçikada baş nazir posutunu tutub. O, ölkə tarixində hökumətə rəhbərlik edən ilk qadındır.

S.Vilmes İctimaiyyətlə Əlaqələrin Öyrənilməsi İnstitutunu bitirib. Ali məktəbi başa vurandan sonra Avropa Komissiyasında maliyyə məsələləri üzrə köməkçi işləyib. Dörd il bundan əvvəl Belçika hökumətində büdcə məsələləri üzrə nazir təyin edilib. Ötən ildən Belçika hökumətinin başçısıdır.

44 yaşındadır, ailəlidir, dörd övladı var.

"ULDUZU PARLAYAN" VƏKİL

2019-a damğa vuran qadınlar!

Vəkil, korrupsiyaya qarşı mübarizə aparan fəal Zuzana Çaputova siyasətdə yeni simadır. 2019-cu ilə qədər Slovakiya vətəndaşlarının böyük qismi onu tanımırdı.

Martın 30-da keçirilən prezident seçkilərində qalib gəldi və müstəqil Slovakiya tarixində bu postu tutan ilk qadın oldu. 46 yaşındadır, iki qız övladı var, həyat yoldaşından ayrılıb.

DANİMARKANIN ƏN GƏNC BAŞ NAZİRİ

2019-a damğa vuran qadınlar!

42 yaşlı Mette Frederiksen Danimarka tarixində hökuməti idarə edən və ən gənc baş nazir olan ikinci qadındır. Bu baxımdan 2019 onun üçün də əlamətdardır. Baş nazir olmazdan əvvəl Məşğulluq və ədliyyə naziri postunu tuturdu.

2015-ci ildən Sosial Demokrat Partiyasının lideridir. Mətbəəçi və müəllim ailəsində anadan olub. Universitetdə idarəetmə və ictimai elmlər üzrə təhsil alıb. Bir qızı var.

DÜNYANIN ƏN NÜFUZLU İKİNCİ QADINI

2019-a damğa vuran qadınlar!

2019-da Avropa Mərkəzi Bankının rəhbəri ilk dəfə olaraq bir qadın oldu. Kristin Laqard bundan əvvəl Beynəlxalq Valyuta Fondunun direktoru idi. Daha əvvəl isə Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyinə rəhbərlik etmişdi.

İlk vaxtlar xanım Laqardı idman karyerası maraqlandırırdı. O, Fransanın sinxron üzgüçülük komandasının üzvü idi.

2019-cu ildə "Forbes" Laqardı dünyanın ən nüfuzlu ikinci qadını (Angela Merkeldən sonra) adlandırmışdı. Kristin Laqard iki oğlan anasıdır.

ALMAN ŞİRKƏTİNİN AMERİKALI "ULDUZU"

2019-a damğa vuran qadınlar!

Avropanın ən böyük proqram təminatı istehsalçısı olan SAP-a ötən ilin dekabrından 48 yaşlı Cennifer Morqan rəhbərlik edir.

SAP həm də Almaniyanın ən bahalı şirkətidir. C.Morqan şirkətdə 15 ildir fəaliyyət göstərir. 2004-cü ildən bu yana burada bir sıra rəhbər vəzifələrdə çalışıb. Şimali Amerikada SAP İctimai Sektorunun rəhbəri, daha sonra Regulated Industries bölməsinin prezidenti olub.

O, həm də SAP-ın İdarə Heyətinə düşən ilk amerikalıdır. Xanım Morqan Şimali Amerika, Latın Amerikası və Asiya-Sakit Okean bölgəsindəki SAP müştərilərinin gəlirləri, strategiyası və uğurlarına məsul idi.

YOXSULLUĞA QARŞI MÜBARİZƏ

2019-a damğa vuran qadınlar!

Ötən il fransız iqtisadçı, 47 yaşlı Ester Duflo tarixdə Nobel İqtisadiyyat Mükafatını alan ikinci qadın oldu. O, yoxsulluqla mübarizədə eksperimental yanaşmaya görə bu mükafata layiq görülüb.

Həyat yoldaşı Abhicit Banerci və həmkarı Maykl Kremeri ilə kasıb ölkələrdə insanların həyatını öyrənib.

Duflo yoxsulluğa qarşı mübarizənin effektivliyini qiymətləndirmək üçün araşdırmalar aparıb, metodologiya hazırlayıb.

Xanım Duflo Massaçusets Texnologiya İnstitutunun professorudur. ABŞ Milli Elmlər Akademiyasının həqiqi, Britaniya Akademiyasının müxbir üzvüdür. 1994-cü ildə Paris Ali Normal Məktəbinin magistr, 1999-cu ildə Massaçusets Texnologiya İnstitutunun fəlsəfə doktoru elmi dərəcəsini alıb.

SÖZ USTASI

2019-a damğa vuran qadınlar!

Ötən il ədəbiyyat üzrə Nobel mükafatı iki il (2018, 2019) üzrə verildi. 2018-ci il Nobel mükafatına Ukrayna əsilli Polşa yazıçısı Olqa Tokarçuk, 2019-cu il üzrə isə avstriyalı yazıçı Piter Handke layiq görüldü.

Olqa Tokarçuk vətəndə və onun hüdudlarından kənarda ən populyar yazıçılardan biridir. Əsərləri bir çox dillər tərcümə olunub. Ən məşhur romanları "Pravek və digər zamanlar", "Gündüz evi, gecə evi" və "Qaçağanlar"dır. Olqa Tokarçuk iki il əvvəl Beynəlxalq Man Buker mükafatına da layiq görülüb.

KOSMOS VƏ QADINLAR...

2019-a damğa vuran qadınlar!

2019-cu ildə açıq kosmosda ilk dəfə olaraq yalnız qadınlardan ibarət heyət işləyib. Bunlar NASA-nın kosmonavtları Kristina KukCessica Meirdir. Ona qədər qadınlar kosmosda yalnız qarışıq komandaların tərkibində (kişilərlə birlikdə) işləyirdi.

QARA DƏLİYİ DÜNYAYA GÖSTƏRƏN QADIN

2019-a damğa vuran qadınlar!

2019-da astronomlar ilk dəfə qara dəliyin fotosunu çəkməyə müvəffəq olublar. Bu, gənc amerikalı alim Ketrin Bouman və həmkarları sayəsində mümkün olub. 29 yaşlı elmlər doktorunun işləyib hazırladığı alqoritm sayəsində dünya qara dəliyi görüb.

Qara dəliyin şəkli müxtəlif qitələrdə yerləşdirilmiş səkkiz teleskopun köməyi ilə çəkilib. Boumanın hazırladığı alqoritmlə bütün şəkilləri toplayıb bir mənzərə halına gətirmək mümkün olub.

FUTBOL TARİXİNƏ DÜŞƏN QADIN

2019-a damğa vuran qadınlar!

Stefani Frappard fransız futbol hakimidir. UEFA kişi futbol turnirinin həlledici matçında baş hakim olmaq şərəfinə layiq görülən ilk qadındır. 2019-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən UEFA Superkubokunun finalında iki ingilis klubu - "Liverpul" və "Çelsi" qarşılaşmışdı. Tarixdə ilk dəfə keçirilən matçı qadın hakimlərdən ibarət briqada idarə etdi. Matçın baş hakimi Stefani Frappar idi və işinin öhdəsindən uğurla gəldi.

Stefani 2019-cu ildə Beynəlxalq Futbol Tarixi və Statistikalarının keçirdiyi səsvermədə dünyanın ən yaxşı qadın hakimi seçilib.

MOTOYARIŞ ŞAHZADƏSİ

2019-a damğa vuran qadınlar!

Rusiyadan olan motosiklet yarışçısı Anastasiya Nifontova da 2019-da adını dünyaya eşitdirən qadınlardandır.

40 yaşlı motosikletçi texniki dəstək komandası olmadan Dakar Ralli yarışını başa vuran yeganə qadın olub. O, mexaniklərin köməyinin qadağan olunduğu və idmançıların avtomobillərini müstəqil şəkildə qoruduğu ən çətin kateqoriyanı uğurla bitirib.

Anastasiya iki ali təhsil alıb, ailəlidir, iki övladı var.

İQLİMİN XİLASKARI

2019-a damğa vuran qadınlar!

Ötən il iqlim dəyişikliyi dünya gündəminin əsas mövzusu, İsveçdən olan məktəbli qız Qreta Tunberq isə onun simvolu oldu. Onun İsveç parlamentinin önündə təkbaşına keçirdiyi piketlər bütün dünyaya səs salaraq "Fridays for Future" kütləvi hərəkatına çevrildi.

Qretanın radikal açıqlamaları və mediada populyarlığına münsibətin necə olmasından asılı olmayaraq, bir şey dəqiqdir ki, bu qızcığaz qlobal istiləşmə probleminə bütün dünyanın diqqətini çəkə bildi.

QARADƏRİLİ GÖZƏL

2019-a damğa vuran qadınlar!

"Kainat gözəli-2019" müsabiqəsinin qalibi Cənubi Afrika Respublikasının təmsilçisi, 26 yaşlı Zozibini Tuntsi oldu. Bu yarışdan sonra mətbuat Zozibini aktiv şəkildə müzakirə etməyə başladı. Məsələ qalibin qaradərililər arasından seçilməsində deyildi. CAR gözəlini diqqət mərkəzinə gətirən əsas səbəblər onun gender bərabərliyi, zorakılığa qarşı mübarizə və bu kimi fəaliyyətlərdə fəallığı idi.

Tərcümə“MediaPost”a məxsusdur

Xəbərlər departamenti

Gündəm