2020-ci il üçün ağlasığmaz proqnozlar: dünyanı nə gözləyir?
04.12.2019 12:58 Fikirlər

2020-ci il üçün ağlasığmaz proqnozlar: dünyanı nə gözləyir?

Danimarkanın məşhur investisiya bankı "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen və onun həmkarları ənənəvi olaraq hər il bütün dünya üçün şok proqnozlar hazırlayırlar. Hər kəsə məlum olan hadisələrə fərqli bucaqdan baxmağa çalışır, təxəyyüllərini işə salmaqdan çəkinmirlər. Yakobsen gəldiyi nəticələri və proqnozlarını bölüşmək üçün dünya turnesinə çıxaraq müxtəlif şəhərlərdə təqdimatlar keçirir. Tanınmış iqtisadçının 2020-ci il üçün də heyrətamiz proqnozları var. İlin təzələnməsinə bir ay qalmış iqtisadçı planetimizin sakinlərindən bunları təsəvvür etmələrini istəyir - Avropa İttifaqından daha bir ölkə çıxacaq, ABŞ-da prezident seçkilərində qadın namizəd qalib gələcək, dollar çökəcək, dünyada başqa bir böyük valyuta ortaya çıxacaq...

2020-ci il üçün ağlasığmaz proqnozlar: dünyanı nə gözləyir?

HANSI PROQNOZLAR TUTMAYIB?

Yakobsenin qarşıdakı il üçün nəyi necə gördüyünə keçməzdən əvvəl qeyd edək ki, onun proqnozlarına kor-koranə inanmağa dəyməz. Bunu analitikin özü də etiraf edir. Məsələn, bir il əvvəlki proqnozları arasında özünü doğrultmayanları da olmuşdu. Danimarkalı iqtisadçı "Tesla"nın öz təsir dairəsini və məhsul xəttini genişləndirmək üçün "Apple"ın nəzarətinə keçəcəyini, ABŞ Federal Ehtiyat İdarəsinin rəhbəri Serom Pauelin işdən çıxarılacağını, müxalifyönlü Ceremi Korbinin baş nazir seçilməsi ilə Britaniya funtunun dəyər itirəcəyini, televiziya nəhəngi "Netflix"in borc səbəbindən çökəcəyini, ÜDM-ni hesablamaqdan imtina ediləcəyini, həmçinin Günəşdə güclü yanğın baş verəcəyi, bunun nəticəsində bir çox elektrik cihazının sıradan çıxacağı və bu səbəbdən dünya iqtisadiyyatına dəyən ümumi zərərin 2 trilyon dolları keçə biləcəyini proqnozlaşdırmışdı. Bütün bunlar gerçəkləşmədi. Yalnız Almaniya iqtisadiyyatında gözlənilən durğunluq reallığa çevrildi.

SÜRPRİZ "BOŞANMA"

Stin Yakobsenin qarşıdakı il üçün əsas proqnozlardan biri Macarıstanın Avropa İttifaqından (Aİ) çıxmasıdır. Dünya Londonla Brüssel arasındakı "Brexit" danışıqlarını diqqətlə izlədiyi bir vaxtda Budapeşt də eyni addımı atmağa hazırlaşır. Bunun bir neçə səbəbi var: Baş nazir Viktor Orbanın anti-Avropa ritorikası və Avropa İttifaqı rəhbərliyinin qurumun bu "sözə baxmayan" üzvünə qarşı tətbiq etdiyi sanksiyalar.

Ötən il ittifaq sazişinin 7-ci maddəsi əsas götürülərək, Avropanın təməl dəyərlərindən uzaqlaşmağa görə cəza tədbirləri nəzərdə tutan uzun bir bürokratik prosedur işə salındı. Macarıstanla bağlı əsas narazılıq ölkədə millətçi və anti-immiqrant əhvalın böyüməsi, həmçinin hökumətin qaçqınları kvotaya uyğun qəbul etməkdən imtinası idi.

Mümkün cəza tədbirlərindən ən ciddisi ölkəyə daxil olan subsidiyaların azaldılmasıdır. Bu subsidiyaların sayəsində Budapeşt maliyyə vəziyyətini xeyli yaxşılaşdıra bilmişdi. İş üzrə növbəti məhkəmə iclasının dekabrın 10-da keçirilməsi planlaşdırılır. Əsas qərarlar isə gələn il qəbul ediləcək.
Stin Yakobsen deyir ki, bu, Orban və milyonlarla sıravi macarın "15 illik evlilikdən sonra boşanma" qərarı verməsinə yaxşı bir əsas ola bilər.

2020-ci il üçün ağlasığmaz proqnozlar: dünyanı nə gözləyir?

TRAMP XANIM PROFESSORA UDUZACAQ?

2020-də ABŞ-dakı əsas hadisə noyabr ayında keçirilməsi planlaşdırılan prezident seçkiləridir. "Saxo Bank" Birləşmiş Ştatlarda sürprizlər üçün zəmin görür. Bank analitiklərinin fikrincə, respublikaçı Tramp nəinki postunu qoruya bilməyəcək, hətta demokrat namizəddən 20 milyon səs fərqi ilə geridə qalacaq. Bu namizəd nə keçmiş vitse-prezident Co Bayden, nə də məşhur solçu Berni Sandersdir. Söhbət iqtisadiyyat üzrə professor Elizabet Uorrendən gedir. O, uğur qazanacağı təqdirdə Hillari Klintonun 4 il əvvəl edə bilmədiyini gerçəkləşdirəcək - ilk qadın prezident olacaq.
"Uorrenin dəqiq proqramı var. O, pulsuz səhiyyənin tərəfdarıdır və bir çox amerikalı üçün sərfəli olmayan sığortanın ləğvini tələb edir. Lakin seçkilər hələ noyabr ayında keçiriləcək və Trampın seçiciləri cəlb etmək üçün kifayət qədər vaxtı var. İlkin olaraq "Amerika hər şeydən üstündür" adı altında yeni 25 faizlik verginin tətbiqi köməyə çatmalıdır. Bu şəkildə Tramp hətta rəsmi barışıqdan sonra da Çinlə ticarət müharibəsini davam etdirməyə ümid edir. Vergi bazası xarici şirkətlərin (Amerika korporasiyalarının xarici filialları da daxil olmaqla) ABŞ bazarındakı gəliri olacaq", - analitiklər deyir.

Əsas məqsəd xəzinəni doldurmaq deyil, bütün istehsalın ölkəyə keçməsinə nail olmaqdır. Dünyanın hər yerindəki şirkətlər ödənişdən azad ola bilər, bir şərtlə ki zavodları Amerika şəhərlərinə köçürsünlər. İndiki prezidentin həddən artıq protektsionist siyasəti ona əvvəlki populyarlığını qaytaracaq. "Saxo bank" hesab edir ki, əslində bu, demokratlara və şəxsən Uorrenə əlavə "kart" verəcək.

2020-ci il üçün ağlasığmaz proqnozlar: dünyanı nə gözləyir?

YENİ VALYUTA DOLLARI "YEYƏCƏK"

Asiyada da fırtınalı hadisələr baş verəcək. Ticarət savaşından bezmiş Çin bölgənin digər ölkələrini öz ətrafına toplayacaq və "Asian Draw Right" (və ya ADR) adlı yeni ehtiyat valyuta yaradacaq. Asiya istehlakçılarından getdikcə daha çox asılı olan OPEC üzvləri və Qərbin sanksiyaları ilə üzləşən İran, Rusiya tez bir zamanda bu hesablamalara keçəcək. Bununla da Moskvanın dollardan yayınmaq arzusu nəhayət, gerçəkləşəcək.
İndiyə qədər ehtiyatlarını "etibarlılıq etalonu" sayılan ABŞ dövlət istiqrazlarında saxlayan ölkələrin sayı kəskin azalacaq. Nəticədə Vaşinqton üçün həm büdcə, həm də ticarət kəsirini ödəmək daha çətin olacaq.

Dollar ADR-ə nisbətdə 20 faiz (bir ADR üçün iki dollaradək), qızıla nisbətdə 30 faiz dəyərsizləşəcək. Qətiyyətli Asiyaya qarşı çıxarkən bir çox inkişaf etməkdə olan ölkələr öz problemləri ilə yüklənməkdə davam edəcəklər. Ən bariz nümunə, iqtisadiyyatı bir neçə ildir dövlət elektrik şirkəti ESKOM-dan və onun böyük borcundan asılı olan Cənubi Afrika olacaq.

2020-ci il üçün ağlasığmaz proqnozlar: dünyanı nə gözləyir?

Hökumətlər mütəmadi olaraq büdcədən yeni vəsaitlər ayırsalar da, bu kifayət etmir. Çünki ESKOM-un gəliri əməliyyat xərclərini və kreditorlar üçün faizləri ödəmir. Bunun səbəbi əhalinin ödəmə qabiliyyətinin çox aşağı olmasıdır. Şirkət ölkə əhalisinin 95 faizini elektrik enerjisi ilə təmin edir.

2020-ci ildə Cənubi Afrika hökuməti özünün əsas korporasiyası üçün xərcləri daha da artırmalı olacaq. Büdcə kəsiri son 10 ilin ən yüksək səviyyəsində olacaq - 60 faiz. Əvvəlki tədbirlərin səmərə vermədiyini görən xarici investorlar artıq Cənubi Afrika iqtisadiyyatına sərmayə qoymayacaqlar.

Milli valyuta (rand) bir dollar üçün 15-20 rand arasında zəifləyəcək. Hökumət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədikdə ölkə defolt həddində olacaq. Onun ardından inkişaf etməkdə olan digər ölkələr də uçuruma doğru gedəcək və rifah səviyyəsinə görə lider ölkələrlə aralarındakı fərq maksimuma çatacaq.

RUSİYA ÜÇÜN UĞURLU İL...

Stin Yakobsen deyir ki, Rusiya ilə bağlı narahatlığa əsas yoxdur. Uzun müddət xalq iqtisadiyyatı üçün bir yük və hətta lənət kimi qəbul edilən neft və qaz sənayesi 2020-ci ildə ölkəni yenidən irəliyə aparacaq.

2016-cı ildə OPEC-lə bağlanmış saziş sayəsində neftin dünya bazar qiymətləri ilk dəfə bir barrel üçün 90 dollara qalxa bilər ki, bu da ehtiyatları daha da artırmağa və nəhayət onlara investisiya qoymağa imkan verəcək.

Eyni zamanda, yaşıl enerji tənəzzülə uğrayacaq. Bahalı tədqiqatlar səbəbindən istehsal xərcləri ikiqat artacaq. Bir sıra layihələr bağlanacaq ki, bu da yalnız ənənəvi yanacağa tələbatı artıracaq.

2020-ci il üçün ağlasığmaz proqnozlar: dünyanı nə gözləyir?

İsveçdən olan məktəbli qız Qreta Tunberq başda olmaqla ekoloqların səyləri nəticəsiz qalmayacaq. Dünya elektrikli avtomobillərə oturmağa davam edəcək.

Burada Rusiya ilə bağlı bir məqam var. Rusiya tullantıları azaltmaq üçün avtomobil sənayesində istifadə olunan metalın ən böyük istehsalçısıdır. 2020-ci ildə dünyada bu metala tələbat artacaq. Eyni şey avtomobil akkumulyatorları üçün əsas xammal kimi kobaltı əvəz edəcək nikellə də baş verəcək. İndoneziyadakı daxili məhdudiyyətlər səbəbindən Rusiya və bu bazarın əsas oyunçusu - "Nornikel" faktiki olaraq rəqibsiz qalacaq. Beləliklə, Moskva uğurla iki cəbhədə oynayacaq və "iki dovşanı" eyni anda tutacaq.

“İndiyə qədər Rusiya ilə bağlı nikbin olmağım üçün səbəblərim az idi. Hər dəfə bura gələndə, məni inandırırdılar ki, ölkə iqtisadiyyatında bir irəliləyiş olacaq. Ancaq qayıdarkən məlum olurdu ki, təxirə salınıb və görüləcək işlər hələ də var. Lakin bu dəfə bəyan etməliyəm ki, gələn il həqiqətən də Rusiya üçün uğurlu olmalıdır", - Yakobsen deyir.

İqtisadçı bildirir ki, ümumilikdə dünyanı böyük dəyişikliklər gözləyir:

“Ona görə yox ki mən və ya "Saxo Bank" belə istəyərik. Sadəcə dünya dəyişməyə meyllidir".

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm