2020-ci ildə manatın taleyini nə gözləyir? - ŞƏRH
27.12.2019 12:59 Fikirlər

2020-ci ildə manatın taleyini nə gözləyir? - ŞƏRH

Dünya iqtisadiyyatında baş verən dəyişikliklər beynəlxalq valyuta bazarına təsir göstərir. Bir çox xarici şirkətlər dolların məzənnəsində yaşanacaq dəyişikliklə bağlı bədbin proqnoz veriblər. Buna səbəb kimi qlobal iqtisadiyyatın artım tempinin yavaşlaması riski, investorların riskli aktivlərə olan marağı və FED-in faiz dərəcələrinin eyni səviyyədə qalacağı (və ya daha da azaltması) ilə bağlı narahatlıqlar göstərilir.

Avronun məzənnəsi haqda isə analitiklərin gələn ilin sonuna qədər avronu məzənnəsinin 1,16 dollar təşkil edəcəyini bildirir.

Manatın məzənnəsinə gəlincə, yerli ekspertlər növbəti il üçün köklü dəyişiklik olacağını düşünmədiklərini söyləyiblər.

Bəs qarşılamağa hazırlaşdığımız 2020-ci ildə milli valyutaların məzənnəsində hansı dəyişikliklərin olması gözlənilir?

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, hökumətin gələn il üçün hazırladığı proqnozlara baxmış olsaq, manatın məzənnəsinin sabit saxlanacağı ehtimalları daha yüksəkdir:

2020-ci ildə manatın taleyini nə gözləyir? - ŞƏRH“Hazırki həm daxili, həm xarici konyuktur imkan yaradır ki, 2020-ci ildə manatın məzənnəsində hər hansı ciddi bir dəyişikliyə gedilməsin. Çünki bir sıra hesablamalar zamanı neftin 1 barrelinin qiyməti 55 dollardan götürülübdür. Və indiki halda dünya bazarlarında neftin qiyməti 65 dolların üzərindədir. Eyni zamanda “Azərlight” 68 dollaradək təqdim oluna bilir. Əgər biz beynəlxalq təşkilatların, OPEK, ABŞ Enerji Administrasiyasının Beynəlxalq Enerji Agentliyinin proqnozlarına baxmış olsaq, neftin qiymətinin 2020-ci ildə 60 dolların üzərində olacağı ehtimalı daha yüksəkdir”.

Ekspert müxtəlif siyasi-iqtisadi hadisələrin neftin qiymətinə təsir edə biləcəyini istisna etməyib:

“Təbii ki, neft bazarında proqnazlaşdırma aparmaq o qədər asan deyil. Müxtəlif siyasi və iqtisadi faktorlar prosesə birbaşa təsir göstərir. Ümumi yanaşma ondan ibarətdir ki, ticarət savaşları fonunda 2020-ci ildə dünya iqtisadiyyatında enerji resurslarına olan tələbdə azalma müşahidə oluna bilər. Bu azalma son nəticədə neftin qiymətinə neqativ təsir edə bilər. Amma buna baxmayaraq proqnozlar 60 dolların üzərindədir. Yəni Azərbaycanın hesablamaları ilə müqayisədə təxminən 12,13 faiz daha yuxarıdır. Və bu şərtlər daxilində Azərbaycanda manatın məzənnəsinin sabit saxlanılması ehtimalı yüksəkdir. Yəni mövcud konyuktur əslində manatın məzənnəsinin möhkəmlənməsinə şərait yaradır”.

Rəşad Həsənov onu da əlavə edib ki, 2020-ci ildə də çalışılacaq ki, neftin qiyməti bazar şərtləri daxilində formalaşmasın:

“Bu proses növbəti ildə davam edəcək. Amma hökumətin ortaya qoyduğu mövqe məzənnənin 1,70 səviyyəsindən aşağı düşməsinə imkan vermir. Bilirsiniz ki, manatın məzənnəsi bazar şərtləri daxilində formalaşmır. Və 2020-ci ildə də bu siyasət davam etdiriləcək. Növbəti dövrlərdə məzənnədə dəyişikliyin olmaması üçün hökumət daha ehtiyatlı mövqe sərgiləməkdədir. Bu kimi halları nəzərə alaraq deyə bilərik ki, 2020-ci il üçün məzənnə ilə bağlı ciddi dəyişikliklər gözlənilmir. “Yol xəritələri”ndə 2020-ci ildə üzən məzənnə tam keçidlə bağlı punktlar var. Bunun 2019-cu ildə olması nəzərdə tutulsa da, gələn ilə saxlanıldı. Amma bilirsiniz ki, manatın məzənnəsində əsas faktor məhz neftin qiymətidir. Neftin bugünkü qiyməti hökumətin məzənnəni sabit saxlaması üçün daha əlverişli şərait formlaşdırıb. Bu baxımdan da hökumət hər hansı bir ciddi dəyişikliyə getməyəcək”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm