30 milyonluq baxış sayı, 8 milyon dollarlıq reklam...
22.04.2020 13:20 Fikirlər

30 milyonluq baxış sayı, 8 milyon dollarlıq reklam...

Karantin tədbirlərinə görə evlərinə qapanan insanlar bu aralar həm də fəal oxucuya (dinləyici və izləyiciyə) çevriliblər. Dünyanın gündəmini zəbt edən mövzuya - koronavirus pandemiyasına dair xəbərləri diqqətlə izləyir, az qala hər dəqiqə yeni məlumat gözləntisində olurlar.

Koronavirusa yoluxanların, bu xəstəlikdən ölən və ya qurtulanların statistikası təbii olaraq hamı üçün maraqlıdır. Lakin məlumat bolluğu fonunda yalan, şişirdilmiş, təhrif edilmiş xəbərlər ciddi çaşqınlıq yaradır. Belə bir məqamda ABŞ-dan olan 17 yaşlı gənc bütün dünyanın diqqətini yeni yaratdığı sayta çəkməyi bacardı.

"MediaPost" xəbər verir ki, söhbət, "Ncov2019.live" saytının qurucusuAvi Şiffmandan gedir. Avinin saytı sayəsində bütün dünya koronavirusla bağlı dəqiq, sistemli və operativ məlumatlar yayan mənbə ilə tanış oldu. Amerikalı gəncin layihəsi cəmi bir neçə ay ərzində o qədər populyarlaşdı ki, reklamçılardan təklif dalınca təklif gəlməyə başladı.

TƏTİLDƏ YARANAN İDEYA

Avi "Ncov2019.live" xidməti üzərində 2019-cu ilin dekabr ayının sonunda işləməyə başlayıb. Həmin vaxt Çində mindən az yoluxma hadisəsi qeydə alınmış, virus hələ Asiyadan çıxmamışdı. Sayt yaratmaq ideyası Avinin ağlına valideynləri ilə birlikdə istirahət etdiyi dağ-xizək kurortunda gəlib. Anasının dediyinə görə, həmin gün oğlu nə xizək sürüb, nə istirahət edib. Lakin günün sonunda üzündə elə bir ifadə olub ki, sanki xərçəngin dərmanını tapıb.

30 milyonluq baxış sayı, 8 milyon dollarlıq reklam...

“Yoluxanların sayını göstərən sadə bir informasiya mənbəyi qurmaqistəyirdim. Bundan əvvəl məlumat axtarmaq çətin idi. Son rəqəmlər üçün Çinin hökumət saytlarını ziyarət etmək lazım gəlirdi. Və hər şey Çin dilində idi. Beləliklə, rəqəmləri çıxartmaq və onları daha geniş məlumatlara əlavə etmək qərarına gəldim. Və bunu hər bir ölkə ilə bağlı etdim", - Avi bildirir.

Avinin saytı veb-skreypinq texnologiyası ilə işləyir. Dünyanın müxtəlif mənbələrində yayılan məlumatlardan istifadə olunur. Bura Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Xəstəliklərin İdarə Olunması və Profilaktikası Mərkəzi, dünyanın demək olar ki, hər ölkəsindən olan tibbi təşkilatlar və xəbər portalları daxildir.

MƏLUMATLAR HƏR DƏQİQƏ YENİLƏNİR!

"Ncov2019.live"in əsas səhifəsi hər dəqiqə yenilənir. Burada xəstələrin, ölənlərin və sağalanların sayı haqqında ən yeni məlumatlar yer alır. Hər şeyi göz önündə saxlamaq üçün Avi sadə bir interfeys hazırlayıb: mərkəzdə qitələr, ölkələr, bəzi hallarda isə ştatlar və ya bölgələr üzrə cədvəllər əks olunub.

30 milyonluq baxış sayı, 8 milyon dollarlıq reklam...

Saytda koronavirus haqqında ümumi məlumatların yer aldığı, həmçinin bütün dünyada yoluxma hallarını göstərən interaktiv xəritə bölməsi də var. Və bütün bunlar 10 dildə təqdim olunur.

"Ncov2019.live" olduqca tez hazırlansa da, müəllifi çox ciddi bir problemlə qarşılaşıb - məlumatların doğruluğu. İstənilən an saytda yanlış rəqəmlər görünə bilirdi. Məsələn, bir dəfə xəstəlik sayındakı səhvə görə ana səhifədə göstərilən rəqəmlər iki dəfə artmışdı. Bu səbəbdən Avi daha bir yenilik etməli oldu. Artıq məlumatı onlarla mənbə ilə yoxlamaq mümkün idi. Üstəlik, səhv məlumatları dərhal bildirmələri və onunla əlaqə yaratmaları üçün istifadəçilərə hədəflənən bölmə yaradılmışdı. İndi Avi gün ərzində yüzdən çox elektron məktub alır.

Koronavirus nə qədər geniş yayılırsa, "Ncov2019.live"ə daha çox ziyarətçi gəlir. İlk ayda səhifənin bir milyon ziyarətçisi olmuşdu. Şiffmanın sözlərinə görə, yaxın gələcəkdə onun saytına daxilolmaların sayı 1 milyardı keçəcək. “Bir dəfə sanki partlayış olmuşdu. Saytı bir gündə 350 milyon insan ziyarət etmişdi. İndi gündə təqribən 30 milyon insan olur".

MİLYONLUQ TƏKLİFLƏR

Saytın böyük populyarlıq qazanması, reklamverənlərin də diqqətindən yayınmayıb. Avinin elektron poçtuna hər gün onlarla reklam təklifi gəlir. Onların arasında 8 milyon dollarlıq təklifi də var. Lakin Avi bu təkliflərin hamısına "yox" cavabı verib.

"Böyük pullara əhəmiyyət vermədiyim üçün reklamdan imtina etmək çox asan olur. Böyüklər üçün bu, rahat həyata çıxmağın bir yoludur. Lakin mən 17 yaşında bunu yaşamaq istəmirəm".

30 milyonluq baxış sayı, 8 milyon dollarlıq reklam...

Avi "Twitter" hesabından bildirib ki, çoxmilyonluq müqavilə onu sayta bezdirici bannerlər yapışdırmağa məcbur edəcəkdi. Bu da əsas işi - koronavirus statistikasına asan və rahat çatım ideyasını məhv edəcəkdi.

Lakin Avi qazancdan tamamilə imtina etmək niyyətində deyil. Buna görə də veb-saytında ianələr üçün "Buy me a Coffee" ("Mənə bir qəhvə al") başlığı altında xüsusi bölmə açıb.

Şiffman saytın inkişafı ilə demək olar ki, təkbaşına məşğul olur. Ona yalnız məlumatların digər dillərə tərcüməsində kömək edirlər.

Özü yeni funksiyalar əlavə edir, çoxsaylı səhvləri aradan qaldırır və bütün bunları gündəlik edir.

"Ncov2019.live" saytını yaratmaqla Avi həm proqramlaşdırma ilə məşğul olmaq, həm də faydalı məlumatları insanlara çatdırmaq istəyində olub: “Virusun yayıldığını gördüm. Yəni o, sürətlə hər yerə nüfuz edirdi".

Evdəkilər üçün tibbi maskalar alanda Avinin bu jestini valideynləri belə, qiymətləndirməyiblər. "O, ikinci mərtəbədən qaçaraq gəldi, gözlərini geniş açıb qışqırdı: daha 500 yoluxma! Sadəcə, başımı tərpətdim və bunun bizə yaxın olmadığını dedim", - deyə Avinin anası bildirir.

30 milyonluq baxış sayı, 8 milyon dollarlıq reklam...

Avi işinin bəhrəsinin belə olacağını təsəvvürünə belə, gətirməmişdi. "Mən sadəcə, məlumatların əldə olunmasını asanlaşdırmaq istədim. Düşünməzdim ki, nəticə belə böyük olacaq", - Avi Şiffman "New Yorker" jurnalına verdiyi müsahibədə bildirib. O, saytının tezliklə 1 milyard baxış sayına nail olacağını da deyib.

Avi məlum ideyanın gələcəkdə yaşana biləcək digər pandemiya və ya təbii fəlakətlər zamanı da faydalı ola biləcəyinə əmindir.

AVİ KİMDİR?

Avi proqramlaşdırma ilə yeddi yaşında məşğul olmağa başlayıb və artıq üçüncü sinifdə ilk veb-saytını yaradıb. 17 yaşı olsa da,veb və cross-platformalı (müxtəlif əməliyyat sistemlərində işləyən) mobil inkişaf sahəsində böyük təcrübəyə malikdir. Bundan başqa, Avi UX və UI dizaynı ilə də işləməyi bacarır.

Hazırda on böyük layihə həyata keçirir. Anası deyir ki, oğlunu həddən artıq çox şey maraqlandırır və bu səbəbdən də bəzən fikrini cəmləməkdə çətinlik çəkir.

Avinin həmçinin "Autodesk Maya" kimi məşhur 3D modelləşdirmə proqramı "After Effects və Premier»də videotənzimləmə bacarıqları da var. O, "Mojave" proqram təminatı şirkətinin və "StudentSpin" onlayn jurnalının həmtəsisçisidir. Həmçinin "The Mars Society" proqramında könüllü kimi çalışır. Bu təşkilatın üzvləri Marsın tədqiq olunmasına tərəfdardırlar.

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm