34 630 sahibkara dövlət tərəfindən maliyyə yardımı göstərilib
16.04.2020 15:47 İqtisadiyyat

34 630 sahibkara dövlət tərəfindən maliyyə yardımı göstərilib

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası nəticəsində zərərə məruz qalmış 34 630 sahibkara 46,915 milyon manat maliyyə dəstəyi göstərilib.

"MediaPost" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev məlumat verib.

Məlumata görə, həmin vəsait dövlət büdcəsindən, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 5 tranş çərçivəsində ayrılıb.

Sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 11 607 vergi ödəyicisinə 28,21 milyon manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 23 023 fərdi (mikro) sahibkara 18,705 milyon manat olmaqla onların müvafiq bank hesablarına köçürüb.

Tədbirlər Planında pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara ölkə prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ümumilikdə 295 milyon manat maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında xəzinədarlıq orqanları maliyyələşməni gündəlik əsasda davam etdirir.

Xəbərlər departamenti

Gündəm