50 min ödənişli iş yeri açılır - İş üçün necə müraciət etməli?
13.04.2020 16:22 İqtisadiyyat

50 min ödənişli iş yeri açılır - İş üçün necə müraciət etməli?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub. Bu gündən artıq həmin ictimai iş yerlərinin yaradılmasına başlanılıb.

Bəs sözügedən iş yerlərinə kimlər və necə müraciət edə bilərlər?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirdi ki, bu iş yerləri rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçən vətəndaşlara təklif olunacaq:

"Rayonlar üzrə kvota müəyyən olunub və həmin kvotaya uyğun olaraq məşğulluq mərkəzi və yerli icra hakimiyyəti orqanları işsiz vətəndaşları dəvət edərək onlarla müqavilə bağlayacaqlar. Sənədlər həmçinin onlayn qaydada da təqdim oluna bilər. Bu iş yerləri rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçən şəxslərə təklif olunacaq".

F. Talıbovun sözlərinə görə, elə işsiz şəxslər var ki, onlar birdəfəlik ödəmə almaq hüququndan yararlana bilmirlər:

"Bəzi işsiz şəxslər birdəfəlik yardım məbləğini (190 manat) almaq üçün müəyyən edilmiş tələblər çərçivəsinə düşmürlər (həyat yoldaşının rəsmi iş yerinin olması, həyat yoldaşının fərdi sahibkar olması və s.). Burada məqsəd həmin şəxslərin indiki dönəmdə müvəqqəti məşğulluğunu təmin etməkdir. Hazırda dezinfeksiya edən qurumlarda iş yerləri yaradılır, həmçinin sosial xidmətlərin göstərilməsində əmək qüvvəsinə ehtiyac var və bu ehtiyaclar da məhz işsiz vətəndaşlar vasitəsilə təmin olunacaq. İctimai iş yerləri üzrə ödəniş məbləği 250 manat nəzərdə tutulub".

Qeyd edək ki, yeni açılan 50 min ictimai iş yeri yalnız elektron qaydada rəsmi işsiz kimi qeydiyyatdan keçən şəxslərə təklif olunacaq. İşsiz şəxslər isə rəsmi olaraq qeydiyyata alınmaq üçün www.e-sosial.az portalına daxil olmalı, “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir.

Xəbərlər departamenti

Gündəm