7 dəfə evlənən, Merilin Manro ilə gizli eşq yaşayan prezident
17.02.2020 15:00 Fikirlər

7 dəfə evlənən, Merilin Manro ilə gizli eşq yaşayan prezident

Bəziləri onu millətin xilaskarı, bəziləri isə amansız diktator adlandırırdı. Qadınlar ondan ötrü "ölür", kişilərsə ölümünü arzulayırdı. Yerli sakinlər arasında onun mistik gücə sahib olduğuna dair əfsanələr dolaşırdı. Söhbət, İndoneziyanın ilk (1945-1967) prezidenti Əhməd Sukarnodan gedir.

“Sukarno ölkəsini, xalqını, qadınları, sənəti, hər şeydən əvvəl özünü sevirdi. İndoneziyalıların onu güclü bir insan kimi qəbul etməsini xoşlayırdı. İnsanlar ondan danışarkən belə deyirdilər - fövqəladə güc yalnız tanrılara və qəhrəmanlara xasdır", - amerikalı yazar diktatora həsr olunmuş kitabında yazır.

İNDONEZİYALI "PLAYBOY"

7 dəfə evlənən, Merilin Manro ilə gizli eşq yaşayan prezident

"MediaPost" xəbər verir ki, ətrafındakı qadınlar Sukarnoya heyranlıqla baxırdılar. Onun gözlərində sehrli bir parıltı olduğunu, qadınları özünə maqnit kimi çəkdiyini deyirdilər.

Sukarno parlaq bir natiq, həm də istedadlı rəssam idi. Gözəl ifası və rəqsi ilə ağılları başdan alırdı.

İndoneziyalı "Don Juan" qarşı cinsə qarşı zəifliyini gizlətmir, bunu gözəlliklə əhatə olunmaq istəyi ilə izah edirdi.

Bütün dünyanı gəzərək çoxlu rəsm əsərləri və heykəllər alırdı. Onların da böyük qismi erotik xarakter daşıyırdı. Amerikalılar Sukarnonun bu hobbisindən xəbər tutan kimi onu şantaj etmək üçün tələlər qurmağa başladılar. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları onun məşhur aktrisa Merilin Monro ilə görüşünü təşkil etmişdi.

"Hollywood" ulduzu diktatoru nəvazişlə "Şahzadə Sukarno" adlandırdı. Ətrafdakılar aktrisa ilə prezidentin bir-birlərini bəyəndiklərini deyirdilər.

Bir dəfə Sukarno və Merilin eyni oteldə ("Beverly Hills") qalmışdılar. İndoneziya lideri sonralar etiraf etmişdi ki, Monro onun oteldəki nömrəsinə zəng edərək görüşmək istədiyini bildirib. Adətən, Sukarno sevgidəki "zəfərləri" ilə öyünür və bu barədə danışmaqdan çəkinmirdi. Lakin nədənsə Monro ilə münasibətlərinin təfərrüatlarını bioqrafları ilə bölüşməmişdi.

MONRO VƏ RUS TƏRCÜMƏÇİ...

7 dəfə evlənən, Merilin Manro ilə gizli eşq yaşayan prezident

Monro isə dostlarından birinə İndoneziya lideri ilə gecə keçirdiyini demişdi.

"The New York Times" qəzetinin yazdığına görə, Sovet İttifaqına səfəri zamanı Sukarnoya rus tərcüməçi qız təyin edilir. Həmin qız sonradan onunla birlikdə İndoneziyaya uçur...

Prezidentin Vaşinqton səfəri də macərasız ötüşməmişdi. Avtomobillə şəhəri gəzən Sukarno səkidə tək dayanan yaşlı bir amerikalı qadın görür və ona "Anacan, səni öpə bilərəmmi?", - deyə müraciət edir. Qadını yanaqlarından öpəndən sonra isə "bu, İndoneziya öpüşü idi" deyir.

"Asiyalı pleyboy" yeddi dəfə evlənib. Sevgililərinin sayı-hesabını isə bilən yoxdur. Hər yeni sevgili özündən əvvəlkindən daha gənc olurdu. Bəzən diktatorla sevgilisi arasında yaş fərqi 40-ı keçirdi.

Sukarno bütün tədbirlərə qısa donlu gənc və gözəl qızların əhatəsində gedirdi. Ölümündən sonra həyat yoldaşları onunla bağlı xatirələrini dərc etməyə başlamışdılar. Və etiraf etmişdilər ki, böyük sevgi ilə evləniblər.

HƏR XANIMA BİR MALİKANƏ...

7 dəfə evlənən, Merilin Manro ilə gizli eşq yaşayan prezident

"O, hər gözəlin ardınca sürünürdü. Onu olduğu kimi qəbul etməyə çalışsam da, bu vəziyyətlə barışmaq mənim üçün ağır idi. Lakin o, bir qadının qəzəbini necə yox etməyi yaxşı bilirdi. Ya bahalı hədiyyələr alır, ya da kağız parçasına intim nələrsə yazırdı", - deyə həyat yoldaşlarından biri xatırlayır.

Sukarno hər bir həyat yoldaşına dəbdəbəli malikanə hədiyyə etmişdi. Ən gözəl və eleqant mülk dördüncü xanımının - yapon Naoko Nemetonun (sonradan ona müsəlman adı verilmişdi - Ratna Sari Devi) payına düşmüşdü.

Deyilənlərə görə, prezident ən çox Sipanas sarayını və Boqordakı rezidensiyasını sevirmiş. Sipanas Cakartadan 100 kilometr məsafədə yerləşir. Malikanə Hollandiya hakimiyyət nümayəndələrinin kurortda olarkən təmiz və sərin dağ havasından zövq alması üçün inşa edilmişdi. Yer o qədər mənzərəli idi ki, Sukarno təbiətdən zövq almaq üçün ona yüksək təpələrin birində kiçik bir ev tikilməsini istəmişdi.

Boqordakı saray 28 hektarlıq böyük bir bağla əhatə olunmuşdu. Rezidensiyada geniş kitabxana, dövlət başçısının ofisi, qonaq otaqları, nazirlərlə görüş otağı, qəbul otağı və teatr otağı vardı. Sarayı 440-dan çox rəsm və 210 heykəl bəzəyirdi və onların əksəriyyətini Sukarno şəxsən özü əldə etmişdi.

Yaşayış yerini əhatə edən altı pavilyonun birində prezident ailəsinin üzvləri üçün geniş bir hovuz tikilmişdi.

BİOQRAFİYA

7 dəfə evlənən, Merilin Manro ilə gizli eşq yaşayan prezident

“1901-ci ilin 6 iyununda, səhər saatlarında dünyaya gəlib. Atası zəngin Yava sultanlarından olan bir ailənin varisi idi. Anasının əcdadları Bali adasındakı hindular idi və ən yüksək "brahmanlar" kastasına aid olunurdular. Atası İslam dininə etiqad edir, anası hinduizmi qəbul etmişdi", - İndoneziyanın birinci prezidentinin bioqrafiyası ayrı-ayrı mənbələrdə adətən belə başlayır.

Sukarno vətəninin iki əsas dinini təmsil edirdi. Mistik inanclarla böyüdülən anası oğlunun böyük gələcəyininin olacağını proqnozlaşdırmışdı.

Onun ideologiyası marksizmlə islamçılığın və millətçiliyin qarışığı idi. İnsanlara təklif etdiyi şüarlar asanlıqla yadda qalırdı: "Hər şey sadə insanlar üçündür!", "Biz Allahın seçilmiş xalqıyıq", "Biz böyük bir millətik". Üçüncü Reyxə və Adolf Hitlerə açıq şəkildə pərəstiş edirdi.

Sukarno güzgü qarşısında çıxış edərək natiqlik qabiliyyətini artırır, idmanla məşğul olur, formada qalmaq üçün gecələri qaçırdı.

Onu dinləyənlərə sehrli şəkildə təsir edirdi. Mitinqlərdə və nümayişlərdə ölkə əhalisi onu izdihamla qarşılayırdı.

ETİRAZLAR, HƏBS VƏ SÜRGÜN...

7 dəfə evlənən, Merilin Manro ilə gizli eşq yaşayan prezident

Hakimiyyət onu müstəmləkə orqanlarına qarşı təbliğat apardığına görə həbs etmişdi. Həbsxanada, sonra sürgündə, ardınca yenidən həbsxanada olmuşdu. Dəmir barmaqlıqlar arxasında olanda daima elmini artırmaqla məşğul olurdu. Mülayim bir nəzarətçi ilə rastlaşdıqda Sukarno ondan yemək və isti paltar yox, xarici dildə dərsliklər, sənət və fəlsəfə kitabları almağı xahiş edirdi. Nəticədə siyasətçi beş xarici dildə sərbəst danışırdı.

Azadlığa çıxdıqdan sonra yeni bir dövlət qurmağa başladı. İslahatlar üçün ABŞ və SSRİ-dən maliyyə dəstəyi lazım idi. Hər iki ölkənin İndoneziya ilə bağlı öz maraqları vardı və onu öz tərəflərinə çəkməyə çalışırdılar. 1960-cı ildə SSRİ baş katibi Nikita Xruşşov ailəsi ilə İndoneziyaya getmişdi.

Sukarno qonaqları şərq dəbdəbəsi ilə qəbul etmiş, onlara möhtəşəm saraylarını, rəsm kolleksiyasını və Java adasında uşaqlıq illərinin keçdiyi şəhərciyi göstərmişdi.

Sukarno özü SSRİ-yə dörd dəfə gəlmişdi. Hər səfərində teatr və muzeyləri ziyarət etməyi çox sevirdi. Kreml Sarayında 60 illik yubileyi qeyd olunanda İndoneziya diktatoruna gənc qız təsvirli tunc heykəl təqdim edilmişdi. Həmin vaxt İndoneziyanın səfiri zarafatla demişdi ki, belə əlamətdar gündə prezidentə canlı qız verilsəydi, daha yaxşı olardı.

Moskvaya səfəri zamanı Sukarno "Lujniki"də çıxış etmiş, geri qayıdandan sonra xüsusi ehtiyac olmadığı halda, eyniadlı stadionun ölkəsində inşasına göstəriş vermişdi.

7 dəfə evlənən, Merilin Manro ilə gizli eşq yaşayan prezident

İndoneziya lideri bahalı geyimləri sevirdi. Xarici səfərlərdə açıq rəngli kostyumlara və milli şapkaya üstünlük verirdi. Uca boylu, bəyaz dişli centlmen gülüşü ilə işıq saçırdı.

Asiya ölkələrində isə milli köynək geyinməyə üstünlük verirdi. Onu "magiyanın kralı" adlandırırdılar. Xalq prezidentin ölümcül xəstələri sağalda biləcəyinə inanırdı.

İndoneziyalılar Sukarnonun Allah tərəfindən seçilmiş başçı olduğunu deyirdilər. Bu kor-koranə inam onun hakimiyyətdə 20 ildən çox qalmasına kömək etdi.

SONUN BAŞLANĞICI...

İndoneziya diktatoru təkcə ölkəsini deyil, qonşu ölkələri də idarə edə biləcəyinə qərar verir və Malayziya ərazilərinə basqın edir. Moskva və Vaşinqton Sukarnonu qınayır, nəticədə 1964-cü ildə İndoneziyanın bu iki aparıcı güclə münasibətləri pozulur.

İndoneziyanın özündə iqtisadi islahatlar iflasa uğrayır, xırda təsərrüfatlar çökür, neft və qaz ixracı baş tutmur, zavodlar dayanır, SSRİ-dən alınan kreditlər (təxminən 1 milyard dollar) məmurlar tərəfindən talan edilir.

İndoneziyada Sukarnonun ölkədən böyük bir sərvət çıxardığına dair söhbətlər gəzməyə başlayır. Amma onu tapmaq üçün edilən bütün cəhdlər nəticəsiz qalır. Hesabındakı böyük pullar və Cakartanın nüfuzlu ərazilərindəki bir neçə malikanə övladlarına qalır. Bu sərvət onlara uzun illər rahat yaşamağa imkan verir.

7 dəfə evlənən, Merilin Manro ilə gizli eşq yaşayan prezident

İndoneziyalılar ayılmışdı və ölkədə Sukarno əleyhinə nümayişlər başlamışdı. 1965-ci ildə o, hakimiyyəti qorumaq üçün son cəhdini edərək ölkədəki çətin siyasi vəziyyətdən yararlanmağa çalışdı. Vətəndaş müharibəsi başladı. Kommunistlər ordunun rəhbərliyini bir gündə öldürdülər. Yalnız generallar möcüzə ilə canlarını qurtara bildi. Hərbçilər qoşunları toplayaraq ölkə boyu kommunistlərə hücum etdilər. Qanlı qırğın yüz mindən çox insanın ölümünə səbəb oldu.

İKİ BOŞQAB DÜYÜ, BİR STƏKAN ÇAY...

Sukarno yenidən hamını barışdıra bilən "millət atası" kimi çıxış etməyə qərar vermişdi. Lakin diktator məğlub oldu. Hakimiyyət general Suxartonun rəhbərlik etdiyi hərbçilər tərəfindən ələ keçirildi.

Ölkənin ilk prezidenti korrupsiyada, xalqın iqtisadi və mənəvi böhranına səbəb olan siyasət yürütməkdə günahlandırıldı.

Yeni hökumət qan tökülməsindən qorxduğu üçün Sukarnonu mühakimə etmədi. Həbsxana ev dustaqlığı ilə əvəz olundu. Ona xalq və siyasi partiyalarla təmaslar qadağan edildi.

Üç il (ölənə qədər) keçmiş "millət atası" Cakarta yaxınlığındakı kiçik bir evdə tək yaşadı. Gün ərzində ona yalnız iki boşqab düyü, bir stəkan çay verilirdi. Artıq nə arvadı, nə də sevgililəri ona baş çəkirdi. Diktatora sadiqlik andı içən keçmiş silahdaşları da ondan üz döndərmişdilər. Onu görməyə yalnız uşaqları gəlirdi.

Onu vəzifəsindən uzaqlaşdıran Suxarto diktatorun ölümündən 9 il sonra müstəqil İndoneziyanın ilk prezidentinin xatirəsini ehtiramla yad etməyə icazə verdi. Onun şərəfinə 18 metrlik abidə qoyuldu...

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm