9 minə yaxın ailəyə dövlət tərəfindən mənzil veriləcək - Bu il
06.08.2020 14:41 Gündəm Cəmiyyət

9 minə yaxın ailəyə dövlət tərəfindən mənzil veriləcək - Bu il

“Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb”. 

“MediaPost” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib. Dövlət başçısının sözlərinə görə, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması gəlirlərimizə çox mənfi təsir göstərib: 

“Lakin nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Qeyd etməliyəm ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir”.

Könül Vəliyeva

Gündəm