Abdulla Şaiqin Gürcüstanda əbədiləşdirilən xatirəsi silinmək təhlükəsi ilə üz-üzədir - <span>VİDEO</span>
23.05.2023 13:07 Təhlil Mədəniyyət

Abdulla Şaiqin Gürcüstanda əbədiləşdirilən xatirəsi silinmək təhlükəsi ilə üz-üzədir - VİDEO

Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiq fəaliyyəti və yaradıcılığı ilə görkəmli yazıçı, böyük müəllim və ictimai xadim kimi xalqımızın qəlbində əbədi yer tutur. Onun xatirəsi hər zaman böyük hörmətlə yad edilir, həm uşaqlar, həm də böyüklər əsərlərini bu gün də sevə-sevə və maraqla oxuyurlar.

Tiflisdə doğulan görkəmli maarif xadiminin atası axund Mustafa Talıbzadə Gürcüstanın tarixi Borçalı mahalının Sarvan, indiki Marneuli rayonundan qədim Talıblılar nəslindən olub. Yazıçı əsərlərində Borçalı mövzusuna da müraciət etmiş, həmin yerlərə “Ey ulu əcdadımızın mədfəni” deyə xitab etmişdi.

Abdulla Şaiqin Marneulidə xatirəsi anadan olmasının 120-ci ildönümündə - 2001-ci ildə oğlu, akademik Kamal Talıbzadənin təşəbbüsü ilə əbədiləşdirilib. Həmin ilin avqustun 10-da Marneulinin Karkaraşvili küçəsində, Talıblılar nəslinin qohumu Nəriman Axundovun fərdi yaşayış evində xatirə guşəsinin açılışı olub.

Xatirə guşəsi üç lövhədən ibarət olub – mərkəzdə Abdulla Şaiqin 120 illiyinə həsr edilmiş barelyefi, ad-soyad, təvəllüd və vəfat tarixinin göstərildiyi və “Görkəmli yazıçı və pedaqoq bu evdə yaşamışdır” sözlərinin yazıldığı lövhə. Sonuncu lövhə artıq mövcud deyil, yerindən düşərək qırılıb, yararsız vəziyyətə düşüb.  

Axundovlar ailəsindən “MediaPost”un yerli bürosuna bildirilib ki, Abdulla Şaiq ata yurdu olan Sarvanda tez-tez olub, lakin onların evlərində yaşamayıb. Yazıçının həmin evdə yaşadığının qeyd olunduğu lövhənin vurulması Kamal Talıbzadənin istəyi olub. 
Lakin Abdulla Şaiqin xatirəsinə Marneulidə yaradılmış guşə bu gün təəssüflər olsun ki, diqqətdən kənarda qalıb. Xatirə lövhələrinin yerləşdiyi hasar divarı çat verib, lövhədəki yazılar pozulmaq üzrədir. Abdulla Şaiqin barelyefi isə köhnələrək ilkin görünüşünü itirib. 
22 il öncə yaradılan guşənin bu gün bərpaya, ətrafının isə abadlaşdırılmasına ciddi ehtiyac yaranıb. Axundovlar ailəsi xatirə guşəsini bu günədək imkanları daxilində qoruyub saxlaya bilib. 

Şəxsi təşəbbüs əsasında yaradıldığından guşənin bərpası məsələsini Marneulinin hansısa dövlət qurumu qarşısında qaldırmaq mümkün deyil. 
 

“MediaPost”un yerli bürosu xatirə guşəsinin vəziyyəti ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyini məlumatlandırıb. Diplomatik nümayəndəliyimizdən bildirilib ki, guşənin bərpası istiqamətində müvafiq işlərin aparılmasına dəstək göstəriləcək. 
Ümid edirik ki, tezliklə əsaslı yenilənmə və ətrafının gül-çiçəklə bəzədilməsi ilə xatirə guşəsi Abdulla Şaiqin adına və ədəbiyyatımızdakı yerinə layiq formaya gətiriləcək.

 

Xəbərlər departamenti

Gündəm