ABŞ-dan 1 milyard dollarlıq COVID-19 vaksini razılaşması
06.08.2020 09:08 Gündəm Dünya

ABŞ-dan 1 milyard dollarlıq COVID-19 vaksini razılaşması

Amerikanın məşhur dərman istehsalçısı “Johnson&Johnson” 100 milyon dozada yeni tip koronavirus vaksinin istehsalı və təslimatı üçün ABŞ hökuməti ilə 1 milyard dollarlıq müqavilə imzalayıb.

“MediaPost” xəbər verir ki, şirkətdən verilən açıqlamada razılaşma çərçivəsində “Ad26.COV2.S” adı verilən vaksin nümunəsinin ABŞ Qida və Dərman İdarəsindən təcili vəziyyətdə istifadə icazəsi və ya təsdiqinin alınmasından sonra ölkə miqyasında istifadə ediləcəyi bildirilib. Açıqlamada bununla yanaşı, ABŞ hökumətinin 200 milyon doza əlavə vaksin ala biləcəyi qeyd olunub.

“Johnson&Johnson” "Ad26.COV2.S" adı verilən vaksin nümunəsinin 1-ci və 2-ci kliniki təcrübələrinə ABŞ və Belçikada başlayıb. Şirkət kliniki təcrübələrin uğurlu olacağı təqdirdə növbəti il 1 milyard dozadan çox vaksinin hazırlanmasını hədəfləyir.

Qeyd edək ki, ABŞ hökuməti iyul ayında da Amerika dərman şirkəti “Pfizer” ilə türk elm adamı Prof. Dr. Uğur Şahinin şəriki olduğu alman biotexnologiya firması “BioNTech”in hazırladığı COVID-19 vaksin nümunəsindən 100 milyon doza almaq üçün 1.95 milyard dollarlıq müqavilə imzalayıb.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm