ABŞ - "Taliban" razılaşması: İrana qarşı növbəti zərbə olacaq? - ŞƏRH
18.02.2020 13:20 Fikirlər

ABŞ - "Taliban" razılaşması: İrana qarşı növbəti zərbə olacaq? - ŞƏRH

"MediaPost" xəbər verir ki, tərəflər arasında sülh sazişinin imzalanması gözlənilir. "Taliban" bazar ertəsi Əfqanıstanda 18 illik müharibəyə son qoymaq üçün beynəlxalq təminatçıların iştirakı ilə ABŞ-la sülh sazişini bu ayın sonuna qədər imzalayacağına əminliyini ifadə edib.

ABŞ-la razılığın əldə olunması, regionda "Taliban" qruplaşmasının əl-qolunun açılmasına imkan yarada bilər. Bu isə Yaxın Şərq regionunda ABŞ-la İran arasındakı vəziyyətin yenidən gərginləşəcəyi ehtimalını ortaya çıxarır. Belə ki, "Taliban" ABŞ-ın maraqlarına uyğun olaraq İrana bağlı qüvvələrlə döyüşə girə bilər.

Belə bir vəziyyətdə "Taliban" İran üçün yeni bir təhlükə ola bilərmi? Regionda başqa münaqişə ocağı meydana çıxacaqmı?

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ İraqa və Əfqanıstana girməklə çoxlu sayda həm maliyyə vəsaiti itirdi, həm də əsgərlərinin ölümü bahasına bu kampaniyaya qoşuldu:

ABŞ-Taliban

"Ekspertlər hesablayıblar ki, ötən dövr ərzində ABŞ Yaxın Şərqdə milyardlarla dollar hesabına kampaniya aparıb. Bu xərclər ölkə əhalisinin dövlətə verdiyi vergi və dövlət büdcəsi hesabına ödənilib. Təbii ki, bu, ABŞ daxilində əhalinin böyük narazılığına səbəb olur və ölkədəki müxalif qüvvələr də bu məsələdən yola çıxaraq xal qazanmağa çalışırlar. Hesablamalara görə, Əfqanıstanda 12-13 minə qədər ABŞ hərbiçisi yerləşib. Hələ ABŞ həmin ərazidə qoşunlarının sayını azaldaraq bu hesaba çatdırıb. Lakin Birləşmiş Ştatların müdafiə naziri Mark Esperin bildirdiyinə görə, hərbiçilərin sayı 8600-ə çatdırılacaq. Ona görə də, ABŞ "Taliban"la öz danışıqlarını apararaq bu terrorçu qruplaşmanı nüfuzdan salmağa və öz tərəfinə çəkməyə çalışır".

ABŞ-Taliban

Politoloq qeyd edib ki, tərəflər arasında 7 günlük sülh sazişi imzalanıb: "Daha sonra isə tərəflər böyük bir saziş imzalanması üçün yeni prosesə hazırlaşacaqlar. Lakin tarixə baxanda görürük ki, "Taliban"ın yaradılması da ABŞ-ın planı idi. Və bu plan uğurla həyata keçirilib. Hazırda əsas məsələ Əfqanıstanda olan ABŞ hərbiçilərinin sayının azaldaraq "Taliban"la razılıq əldə olunmasıdır. Gələcəkdə bu qruplaşmanın İrana qarşı istifadə olunması məsələsi mümkündür. Amma mən düşünmürəm ki, "Taliban" o qədər geniş səlahiyyətlər alsın ki, region üçün İŞİD qədər təhlükə mənbəyinə çevrilsin. Çünki əsas məsələ bölgədə gərginliyin artırılması yox, azaldılmasıdır. İŞİD təcrübəsi onu göstərdi ki, münaqişə ocaqları daha da alovlandıqca, burada Rusiya, Türkiyə, İranın maraqları artır. Bu baxımdan da əsas məsələ gərginliyin azaldılmasına hesablanıb. ABŞ oradan hərbiçilərini çəkməyi əsas hədəf kimi qarşısına qoyubsa, düşünmürəm ki, "Taliban"ın əli ilə İranı sıxışdırsın. Daha bir incə məqam ondan ibarətdir ki, İran artıq Qasım Süleymaninin əvəzinə öz namizədini və Qüds qüvvələrinin rəhbəri kimi İsmayıl Qanini irəli sürüb. Həmin şəxs də Süleymaninin yaxın silahdaşı kimi bölgədə İranın milli maraqlarının təmin olunmasını həyata keçirəcək".

Xəbərlər departamenti

Gündəm