ABŞ və İranı müharibəyə aparan səbəblər - ŞƏRHLƏR
08.01.2020 11:12 Fikirlər

ABŞ və İranı müharibəyə aparan səbəblər - ŞƏRHLƏR

Günlərdir davam edən ABŞ İran gərginliyi bu gün ən pik həddinə çatıb. İran ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbəsi endirib. Hadisə nəticəsindən 80-dən çox ABŞ hərbçisinin həyatını itirdiyi söylənilir.

Yaranmış bu vəziyyət Yaxın Şərqi yeni müharibəyə apara biləcəkmi? Əgər müharibə olacaqsa, bunun Azərbaycana hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “MediaPost”a açıqlamasında, vəziyyətin kritik həddə çatmasını bir neçə gün öncə İraqda ABŞ səfirliyinə edilən hücumla əlaqələndirdi:

“Orada bir neçə səfirlik nümayəndələri də öldürüldü. Bu hadisədə ABŞ İranı günahkar hesab etdi. Bunun nəticəsi olaraq da Obama hakimiyyəti vaxtında hazırlanan bir plan artıq Trampın hakimiyyəti vaxtında həyata keçirildi. Və İranın ən böyük generallarından biri olan, Yaxın Şərqdə ABŞ və İsrailin planlarını puça çıxaran Qasım Süleymani öldürüldü. Bu da əlbəttə ki, İranla ABŞ arasındakı münasibətlərin ən pik nöqtəsinə gətirib çıxardı. Artıq İran ABŞ-ı yaxın ölkələrdəki hərbi bazaları ilə hədələyir. ABŞ-da bu hədələrə qarşılıq olaraq İranın tarixi yerləri, strateji ərazilərinə zərbələr endirməklə hədələyib”.

Türkiyə-ABŞ münasibətlərində qaranlıq bir səhifə açıldıPolitoloq hər iki dövlət arasında müharibə məsələsinin hələ də sual altında qaldığını bildirib:

“İranla ABŞ müharibəsinin başlaması məsələsi bu gün böyük bir sual olaraq qarşımıza çıxır. Bilirsiniz ki, onların müharibə etməsi digər qonşu dövlətlərə də təsirsiz ötüşməyəcək. Başlaya biləcək müharibənin ABŞ-da, yoxsa İran torpaqlarında olması məsələsi də sual altındadır. ABŞ Yaxın Şərqdəapardığı müharibələrin hər birini bu ərazilərə daxil olan torpaqlarda həyata keçirib. Məncə, İran da müharibəni öz ərazisi daxilində etmək niyyətində deyil. O da neytral dövlətlərin, yəni sərhəddən kənarda olan dövlətlərin ərazisində aparmaq niyyətindədir. Görürsünüz ki, ABŞ və İran öz problemlərini İraq ərazisində həll etməyə başlayıb. Lakin artıq İraq məclisi ABŞ ordusunun İraqdan çıxarılmasına qərar verdi. Çünki onlar öz dövlətlərində yeni müharibədən çəkinirlər. Düşünürəm ki, hazırkı şəraitdə İran öz ərazisində müharibə aparmaq istəməz. İran əsasən, ABŞ-ın təsir dairəsinə saldığı əraziləri hədəf alacaq”.

Ramiyə Məmmədova qeyd edib ki, bu vəziyyətdə Azərbaycanla Türkiyə neytral mövqe sərgiləyir:

“Burada ən böyük problem Türkiyənin üzərinə düşür. Ölkə həm islam dövlətidir, həm də Amerikanın NATO üzrə müttəfiqidir. Türkiyə də bu gün hədəfdə ola bilər. Lakin hazırda neytral mövqe sərgiləyir. Bu məsələyə qarışsa, nəticənin necə olacağını bilir. Azərbaycan isə hər zaman balanslı siyasət yürüdüb. Biz də neytral mövqe sərgiləyirik. Çünki hər hansı bir tərəfdə olduğumuzu göstərsək, bu bizim ölkəmiz üçün də təhlükə yarada bilər. Azərbaycan indiyə qədər hər iki dövlətlə balanslaşdırılmış siyasət yürüdüb, bundan sonra da bu cür addım atacaq. Biz də ümid edirik ki, müharibə olmayacaq, elə təhdid çərçivəsində də qalacaq”.

Bu barədə “MediaPost”a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, bu gün bütün dünyanın diqqəti İran-ABŞ münasibətlərinə yönəlib:

“Bağdadda Qasım Süleymaninin qətlə yetirilməsi Qərb dairələrini, İsrail, ABŞ və onun müttəfiqlərini və eyni zamanda Türkiyə, Rusiyanı ciddi şəkildə narahat edir. Çünki qeyd etdiyim dövlətlər Yaxın Şərqdənüfuz savaşında maraqları olan tərəflərdir. Ona görə də bu qətli bəzi siyasi şərhçilər Birinci Dünya müharibəsinin səbəbi olan Avstriya taxt-tacının vəliəhdi Frans Ferdinandın öldürülməsi ilə müqayisə edirlər. Burada müharibənin başlanmasına bir qətl səbəb olub. Qasım Süleymani Yaxın Şərqdə şiə qüvvələrinin həm Suriyada, həm İraqda, eyni zamanda Yəməndə rəhbərlik edirdi. Əhali, mücahidlər arasında İranın maraqlarının müdafiəçisi kimi böyük nüfuza malik idi. Ona görə də bu qətl həm İranda, həm də İran meyilli qüvvələr arasında böyük rezonans doğurdu. İran bunu 3 günlük matəm ilə yad etdi”.

Ekspert qeyd edib ki, hadisələrin bu cür gedişində Azərbaycan da bu müharibədən yan keçə bilməyəcək:

Trampın gedişi təsdiqlənərsə, siyasi arenada nələr baş verə bilər? - ŞƏRH“Azərbaycanda da Qasım Süleymaninin öldürülməsinə münasibət birmənalı olmadı. Həm sosial şəbəkədə, həm mediada fikirlər haçalandı. İran bizim qonşumuz, eyni zamanda iqtisadi və siyasi münasibətlərimiz olan bir dövlətdir. Bizim İranla böyük regional münasibətlərimiz var. Ona görə də İran ABŞ müharibəsi baş verərsə, təbii ki, bu Azərbaycana təsirsiz ötüşməyəcək. Qətllə bağlı İran müxtəlif planlar cızır. Bu hadisəyə cavab vermək üçün İran öz qüvvələrini səfərbər edir. Yaxın Şərqdə İranın hərbi qüdrəti kifayət qədər böyükdür. İran şiə fundamentalizmi üzərində öz maraqlarını qurur. Onu da qeyd edə bilərik ki, bu günə qədər bunu çox uğurla həyata keçirir. Yaxın Şərqdə yürüdülən siyasətin başında isə Qasım Süleymani dururdu. İranı daxilində də Qasım Süleymaniyə münasibət birmənalı deyildi. Çünki onun böyük nüfuzu İranın daxilindəki qüvvələri də narahat edirdi. Yəni onun ölümü bir növ İranın hakimiyyətdə olan bəzi dairələrinə də sərf edir deyə bilərik. Lakin İran istənilən halda Qasım Süleymaninin qətlinə görə adekvat bir cavab verilməsi gözlənilir. Amma bunun ABŞ-la İranı müharibə həddinə gətirəcəyini düşünmürəm”.

Politoloq əlavə edib ki, Azərbaycan da bu münasibətlərdə ayıq sayıq olmalıdır ki, biz də bu ikitərəfli münasibətlərdə zərər çəkən tərəf kimi olmayaq:

“Düşünürəm ki, siyasi proseslər hərbi, siyasi qarşıdurmalar elə Yaxın Şərqdə baş verəcək. İranın dəstəklədiyi hər hansısa qruplaşmalar, ABŞ hərbi bazalarına, səfirliklərinə, bir zərbə endirə bilər ki, bu terror aktının cavabını versin. Amma ondan sonra hansı hadisələr bizi gözləyir, bu zəncirvari proseslər nə ilə nəticələnəcək? Bunu indidən demək bir az çətindir”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm