"Adamlara həsrətlə baxanlar..." - Bircə dəfə oraya gedin!
05.02.2020 12:14 Fikirlər

"Adamlara həsrətlə baxanlar..." - Bircə dəfə oraya gedin!

“Siqaret bahalaşdı” başlıqlı xəbərlər kimisə sevindirir, kimisə kədərləndirir. Mən də əvvəllər sevinənlər arasında olmuşam. Amma illərdir bahalaşmanın təsiri fonunda siqareti azaldanların, tərgidənlərin çox az olduğuna şahidlik edirəm.

Yaşlı qadın örpəyini ağzına tutub, qəzəbli şəkildə deyinə-deyinə pilləkənlərə tərəf addımlayırdı: “Zəhər çəkmişlərin elə bil ürəyi partlayır. Bu zəhrimarı heç olmaya çıxın, sonra çəkin də!”

Bu mənzərə ilə demək olar, hər gün qarşılaşıram: insanların axınla toplu şəkildə addımladığı hər yerdə - keçidlərdə metroya, avtobus dayanacaqlarına istiqamətlənmiş bir çox yollarda. Tüstüsü başından çıxanların arxasınca addımlayırsansa, məcbursan nəfəsini tuta-tuta, ağzını dəsmalla büküb yeriyəsən.

Adamlara həsrətlə baxanlar...

”Siqareti söndürün” deməyinə səni peşman edir

Yüz illərlə məhv olmayan plastik tullantılarla təbiəti məhv elədiyimiz kimi, havanı bu cür korlayan da az deyil. Təbiətin təmiz havasını burnumuzdan gətirirlər. Hər dəfə siqaretin qiyməti artanda, bu zərərli vərdişdən yaxa qurtarmağa çalışanların sayının azalacağına ümid edirsən. Siqaretin əsirinə çevrilmişlər həm ciblərinə, həm canına qəsd etməkdən əl çəkərlər. Amma nə fayda? Görünən odur ki, ilbəil qiymət artsa da, bunun elə də hiss ediləcək təsiri olmur. Siqareti tərgidənlər şüurlu şəkildə ziyanlı olduğunun fərqinə varan, bəzən də ciddi həkim diaqnozunun qorxusu ilə üz-üzə qalanlar olur. Yerdə qalanlar isə özlərinə qəsd etdikləri yetmirmiş kimi, ətraflarındakı insanları da zəhərləməyə davam edirlər.

Bir çoxumuz yaxşı bilirik ki, siqaret tüstüsü məhz ətrafdakılara dörd dəfə artıq təsir göstərir. Əgər kiminsə siqaretə allergiyası varsa, nəinki tüstüsü, hətta siqaretin paltara çökmüş, ağıza hopmuş qoxusu belə, boğucu təsir göstərir.

Bəzən siqaret çəkənlərin bundan xəbəri olmadığını da düşünmüşəm. Elə ötən gün metrodan çıxıram, yanımca bir gənc oğlan addımlayır. Bir də baxdım ki, dodağında siqaret. Elə ayağını təzəcə pilləkənlərə atmışdı ki, çaxmağı yandırdı və susamış adam kimi siqaretini ciyərlərinə çəkdi. Yan tərəfdə də “Yaxınlarınızı tütünün zərərli təsirindən qoruyun”...

5 dəqiqəyə yaxın dayanacaqda vaxtının çatmasını gözləyən, yola düşər-düşməz siqaretini tüstülədən avtobus sürücülərindən isə danışmaqdan da, irad bildirməkdən də artıq bezmişəm. ”Siqareti söndürün” deməyinə səni peşman edir, elə reaksiya verirlər ki, elə bil şəxsiyyətlərini alçaldırsan. Bu əsnada yanında dayanıb yolu ayaq üstə müşayiət edən yoldaşları da geri çönüb sənə elə baxır, sanırsan ki, demək istəyir “Düş maşından, aşağıda söhbət edək”.

Adamlara həsrətlə baxanlar...

Siqaret dərd ortaqlarına ölümü arzuladacaq qədər amansız divan tutur

Siqaret tüstüsünə boğulduğumuz yerlərdən biri də şadlıq saraylarıdır. Araqdan içib, barmaqları arasındakı siqaretini ara-sıra dodaqları ilə qovuşduran insanların əlindən nə yeməyini yemək olur, nə də rahat nəfəs almaq. İlk dəfə bununla qarşılaşanda əslində, çox təəccüblənmişdim. Axı böyük-kiçik hər kəsin süfrə arxasında toplaşdığı bir yerdə necə belə rahat-rahat siqaret tüstülətmək olar? Məgər bu insanlar siqaretin yaşlıya, körpə uşaqlara mənfi təsirindən xəbərsizdirlər, ya dərk etmirlər? Bu əməlin süfrə mədəniyyətinə uyğun gəlmədiyi haqda danışmağa isə lüzum görmürəm.

Bu mənzərələr gündəlik hər birimizin müşahidə edə biləcəklərimizdir. Bir də xəstəxanalar, ələlxüsus da “Ağciyər Xəstəlikləri İnstitutu” var ki, orada vəziyyət lap ürək ağrıdandır. Tütün vərdişindən nəfəs ala bilməyən, iynə-dərmanla ciyərləri bir az sağalan kimi ayağa duran, ilk fürsətdə gizlin-gizlin elə xəstəxana dəhlizində, tualetində siqaret çəkən insanların acizliyi çox sarsıdıcı mənzərədir.

Ümumiyyətlə, siqaretə yoluxmuş, heç cür özünə qalib gələ bilməyən insanlara bircə dəfə “Ağciyər Xəstəlikləri İnstitutu”na getməklərini, oradakı xəstələri müşahidə etməklərini tövsiyə edərdim. Oksigen yetməzliyindən bir dəri, bir sümük qalmış, rəngi kömür kimi yanmış, gözləri çuxura düşmüş, əl-ayaqları titrəyən, çöldə rahat-rahat hərəkət edən adamlara həsrətlə baxan xəstələri görmək, özünü bir neçə dəqiqəlik onların yerində təsəvvür etmək lazımdır. Danışdırsan, onların da çoxu belə olacağını, bu cür nəticələnəciyini düşünməyən, qəbul etməyən insanlar olublar. Siqaret 100 nəfərdən 98-ni öldürür dedikdə, özlərinin yerdə qalan o 2 nəfərdən biri olacağını düşünüblər.

“Siqaret çəkmək qadağandır” işarəsi azlıq edir

Siqaret dərdi unutdurmur, keyləşdirərək aldadır, hər gün zərrə-zərrə öz toru ilə qucaqlayır və bir gün o tor sənin nəfəsini kəsir. Siqaret dərd ortaqlarına ölümü arzuladacaq qədər amansız divan tutur. Ölüm döşəyində tüstüsünə sığındığın günlərin nə qədər mənasız və fani olduğunu sənə anlatmayınca yaxanı buraxmır.

Məncə, “Siqaret çəkmək qadağandır” işarəsi azlıq edir, gərək yanında faktiki cəriməsi də qeyd edilsin, ciddi şəkildə cərimələnmə olsun, əks halda bu işarə bir işə yaramır. Həmin işarənin yanında siqaret çəkib “tirpaşlıq” edərək şəklini də çəkdirib yayanları tapmaq, cərimələmək lazımdır. Heç olmaya özünü məhv edənlər, yanlarında başqalarını da bu cəhənnəmə sürükləməzlər.

Siqareti tərgitməyin bir yolu var, o da özünə və ətrafındakı insanlara – doğmalarına, əzizlərinə vurduğun ziyanı dərk etmək və qəbul etməkdir. Düşünürəm, şüurlu insan olduğunu iddia edənlər üçün bu, elə də çətin olmamalıdır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm