Agentlikdən "keçid neçəyə başa gəlir" sualına qəribə cavab - SƏNƏD
16.12.2019 10:57 Cəmiyyət

Agentlikdən "keçid neçəyə başa gəlir" sualına qəribə cavab - SƏNƏD

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 saylı Layihə idarəetmə Qrupunun direktoru Valeh İbrahimovun quruma ünvanlanan suala verdiyi cavab maraq doğurub.

Mediapost.az xəbər verir ki, Bakının Neapol küçəsində yerüstü piyada keçidi ilə bağlı dövlət agentliyinə müraciət ünvanlanıb.

Qurumun "keçid neçəyə başa gəlir, smeta dəyəri nə qədərdir" sualına göndərdiyi rəsmi sənəd müzakirələrə yol açıb.

Belə ki, V.İbrahimov cavabında tikinti ilə paralel olaraq layihələndirmə işlərinin aparıldığını bildirib:

"Qeyd olunan piyada keçidinin layihələndirmə və tikinti işləri eyni vaxtda paralel olaraq aparılır. Bununla əlaqədar layihə-smeta sənədləri tam hazır olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin "Tikintidə Qiymətqoyma Mərkəzi" tərəfindən qiymətləndirilərək lahiyənin son dəyəri təsdiqlənəcək".

Məsələ ilə bağlı Mediapost.az-a açıqlama verən AAYDA sözçüsü Anar Nəcəfli bildirib ki, məktubu cavablandıran şəxslə əlaqə saxlayıb mövzunu araşdıracaq.

Araşdırıldıqdan sonra sayta məlumat verən qurum rəsmisi "bəzən belə istisnalar olur, təcrübədə bu cür hallara rast gəlinir" - deyə söyləyib.

Qeyd edək ki, sənəd "Bərbad Bakı" feysbuk səhifəsində paylaşılıb.

Agentlikdən keçid neçəyə başa gəlir


Xəbərlər departamenti

Gündəm