Aİ: İraqdakı mövcud zorakılıq nəzarətdən çıxmamış dayandırılmalıdır
04.01.2020 09:54 Xarici siyasət

Aİ: İraqdakı mövcud zorakılıq nəzarətdən çıxmamış dayandırılmalıdır

"MediaPost"un Trend-ə istinadən məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelin yaydığı bəyanatda bildirilir.

Bəyanatda Aİ-nin İran və ABŞ-ı təmkinli olmağa çağırması yer alıb:

"Aİ bütün iştirakçıları və təsir gücünə malik tərəfdaşları maksimum təmkinli və məsuliyyətli olmağa çağırır. Əks təqdirdə İraqda sabitliyin bərpası üçün göstərilən səyləri təhlükə altına ata bilər. Davam edən eskalasiya bütün regionu təhdid edir. Yaxın Şərqdə vəziyyətin sabitləşməsi istiqamətində uzunmüddətli həll yolları təklif etmək üçün daha çox dialoq və qarşılıqlı anlaşmanı artırmaq vacibdir. Aİ gərginliyi azaltmaq və münaqişənin dinamikasının zəifləməsinə töhfə vermək üçün bütün tərəflərlə işləməyə hazırdır".

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm