“Aktyorlar hər gün başqa bir insanın ağrısını, acısını, taleyini yaşayır” - ŞƏRH
Görkəmli teatrşünas alim Cəfər Cəfərov yazır ki, teatr ilk növbədə aktyor deməkdir. Teatr sintetik sənətdir, sənətlər birliyidir, lakin sonda tamaşaçı ilə üzbəüz qalan aktyordur. Aktyor yaradıcı qüvvədir: Yazıçı (dramaturq), bəstəkar və rəssam kimi aktyor da fərdi xüsusiyyətlərə malik olan bir yaradıcıdır. Onun da özünə görə fikir və obraz aləmi vardır.
Teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı MediaPost-a açıqlamasında qeyd edib ki, bu gün Məhəmməd adlı bir aktyor axşam Kral Lirdir:
“Aktyorun aləti onun öz canı, öz əsəbi, öz ürəyidir. Hər insan həyatda təkcə öz problemlərini, öz əsəblərini yaşayır, amma aktyorlar hər gün başqa bir insanın ağrısını, acısını, taleyini yaşayır. Yaratmaq sözü yalnız Allaha aid olduğu halda aktyor da öz timsalında sanki başqa insan yaradır. Məsələn, bu gün Məhəmməd adlı bir aktyor axşam Kral Lirdir, onu yaşayır. Bu heykəltəraşın yaratdığı daş deyil. Bu rəssamın çəkdiyi kətan üstündəki rənglər deyil, öz canıdır”.