“Aktyoru teatrda saxlayan məvacib deyil, zatən hamı teatrın məvacibin bilir” - Rejissor
90-cı illərdə Azərbaycan teatr prosesinə yeni bir forma meydana gəldi. Azərbaycana pantomima janrını Bəxtiyar Xanızadə gətirdi və öz teatrını yaratdı. Teatrımızın tarixində ilk pantomima tamaşası «Bir aktyor üçün him-cim oyunu»dur. Sonralar bu tamaşanı «Ümid» adlandırdılar. Bu Azərbaycan teatrı üçün yeni sənət hadisəsi, ilk sözsüz tamaşa idi. 1994-cü ilin mayında Bəxtiyar Xanızadə «Dəli yığıncağı» pantomima studiyasını yaratdı. Aktyorlar Bəxtiyar Xanızadənin öz tələbələri idilər. Qısa zaman içində Azərbaycan teatr xadimləri İttifaqının və «Dəli yığıncağı» pantomima studiyasının təşəbbüsü ilə Bakıda «Him-cim» adlı I və II Beynəlxalq pantomim festivalları keçirildi. Sonralar da onlar dünyanın bir çox ölkələrində keçirilən festivallarda iştirak edib mükafatlar qazandılar. 2000-ci ildən dövlət teatrı statusu alan Pantomima Teatrında nəsillər bir-birini əvəzləyir və teatr tərkib etibarilə gənclərin teatrı olaraq qalır.
Mövzu ilə bağlı aktyor, rejissor Ceyhun Dadaşov MediaPost-a öz fikirlərini bildirib. O qeyd edib ki, bu gün aktyoru teatrda saxlayan onun çalışmaq istəyidir, yaradıcılıqdır:
“Pantomima teatrını yaşadan həmişə öz işi ilə məşğul olması, kənar işlərə qoşulmamasıdır. Mən rejissor kimi tamaşa qurmalıyam, aktyorla işləməliyəm, aktyor yetişdirməliyəm. Aktyorun vəzifəsi nədir? Gəlib məşq eləməli, öz üzərində işləməli və tamaşada oynamalıdır. Pantomima teatrını formada saxlayan həmişə bu olub. Bu teatrda aktyorlar heç vaxt boş qalmırlar. Aktyor boş qalanda başqa şeylərlə – teatra, yaradıcılığa aid olmayan işlərlə məşğul olur. Pantomima teatrında heç kim, heç vaxt hər şeyin əla olduğunu düşünmür. Həmişə məşq etməyə, üzərində işləməyə nəsə tapşırıq var. Vacib deyil ki, tapşırıq kənardan verilsin, özü bilir ki, nəyin üzərində işləməlidir – hansı cəhəti zəif, hansı cəhəti güclüdür. Bu teatra məhz sənətlə məşğul olmaq istəyənlər gəlir. Mən həmişə deyirəm, aktyoru teatrda saxlayan məvacib deyil, zatən hamı teatrın məvacibin bilir. Bu gün aktyoru teatrda saxlayan onun çalışmaq istəyidir, yaradıcılıqdır”.