Ali məktəblərə tələbə qəbulu qaydalarındakı dəyişiklik nə vəd edir? - ŞƏRH
08.02.2020 10:57 Fikirlər

Ali məktəblərə tələbə qəbulu qaydalarındakı dəyişiklik nə vəd edir? - ŞƏRH

Ötən gün Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, ixtisas qruplarındakı ixtisasların bəziləri ləğv edilib və yeniləri əlavə olunub.

Təhsil eksperti Elşən Qafarov “MediaPost”a açıqlamasında Nazirlər Kabinetinin sözügedən qərarını şərh edib. O, bu dəyişikliyin zərurətdən yarandığını bildirib:

Ali məktəblərə tələbə qəbulu qaydaları nə vəd edir? - ŞƏRH

“Dəyişiklik Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən qərara alınıb. İxtisas qruplarında bəzi ixtisasların ləğvi və yenilərinin əlavə edilməsi əmək bazarının tələbləri ilə uyğundur. Bu, çox yerində bir addımdır və mütləq şəkildə davam etdirilməlidir. Dəyişikliyə görə mahiyyət etibarilə bəzi ixtisasların adı dəyişdirilib və ya hazırda əmək bazarında tələb olunan yeni ixtisaslar yaradılıb. Məsələn, məktəbəqədər təhsil və tərbiyə məktəbəqədər təhsillə əvəz olunub. Onlarla ixtisas var ki, bu ixtisaslarda təhsil alanlar əmək bazarında iş tapa bilmirlər. Ona görə də düşünürəm ki, hazırda ölkənin inkişafına uyğun olaraq hansı sahədə tələbat böyükdürsə, həmin sahədələr üzrə kadr hazırlanmalıdır. Hesab edirəm ki, kadr hazırlığının məzmunu da dəyişilməli, yəni həm təcürbə, həm də nəzəri baxımdan daha güclü olmalıdır”.

Ekspert müxtəlif qruplardakı ixtisaslarla bağlı yeni təklif də irəli sürüb: “Məsələnin başqa bir tərəfi də odur ki, DİM artıq zamanın tələbinə uyğun olaraq qruplar üzrə qəbulu dayandırmalı, bu prosesi ixtisaslar üzrə aparmalıdır. Konkret olaraq ixtisası seçən şəxs qruplar üzrə deyil, həmin ixtisas üzrə ali təhsil müəssisəsinə sənəd verməlidir. Yəni insanlar ixtisası əvvəlcədən seçməlidir. Bu ali təhsilin səmərəliliyini artırmaq baxımından daha faydalı olardı”.

Xəbərlər departamenti

Gündəm