Ali təhsil alıb sonradan avtomobil ustası işləməkdənsə...
11.12.2019 09:16 Fikirlər

Ali təhsil alıb sonradan avtomobil ustası işləməkdənsə...

İnsan həyatı üçün ən önəmli məsələlərdən biri də peşə seçimidir.

Bir çoxu seçdiyi peşəni təhsil alacağı ixtisasla bağlayır. Əlbəttə, bu çox vacibdir, amma tək çıxış yolu deyil.

Bəzi peşələr ali təhsili tələb etmir. Amma cəmiyyətdə "qonşudan qalma dala" prinsipiylə yaşayan və övladını istəmədiyi ixtisasa yönləndirən valideynlər hələ də var. Deməli, seçim etməli olan şəxsin həyatında bir çox problem yaranır.

Şübhəsiz, ali təhsil almaq önəmli məsələdir. Ali məktəb bizə müəyyən dövrdə yalnız elm deyil, həm də cəmiyyətdə davranış qaydaları və bir çox digər praktik məsələni öyrədir.

Uşaq yaşlarında yaranan hansısa peşəyə məhəbbət bir çox hallarda sonralar dəyişir. Bu da normaldır. Lakin müəyyən yaş dövründə hər bir şəxs gələcək peşəsiylə bağlı qərar verməlidir.

Bəzi hallarda bərbər, avtomobil ustası və digər ali təhsil tələb etməyən ixtisasa yiyələnmək istəyən övladı valideyni manipulyasiya edərək mütləq ali təhsil almaq istiqamətinə yönəldir. Nəticədə, hətta yüksək bal göstəricisiylə ali təhsil ocağına daxil olan tələbə yalnız vaxtını itirmiş olur.

Həmin tələbə təhsil dönəmində yüksək nəticə göstərə də bilər, amma təhsilini başa vurduqdan sonra o, yenə də öz ağlında olan peşəyə yiyələnəcək.

Əlbəttə, ali məktəb ona bir çox şey öyrədir, di gəl, arzuladığı bərbər peşəsində bu bilik toplumu ona heç lazım olmayacaq. Ömrü boyu rəfdə saxlayacağı diplomu qazanmaqçün itirdiyi dörd ili elə bərbərlik peşəsinin sirlərini öyrənməyə sərf etməsi düzgün olardı.

Məsələnin digər tərəfi tələbənin ali təhsil ixtisasını düzgün seçməməsindədir. Bəyənmədiyi ixtisas bəzi tələbələri ruhdan salır, o, gələcək planlarının fiaskoya uğradığını düşünür və bir çox halda depressiyaya düşür.

Fikrimcə, bu, yanlışdır. Çünki bakalavr təhsilini humanitar sahədə alan şəxs sonradan magistr və ya ikinci ali təhsilini texniki sahə üzrə də ala bilər. Yəni hansısa ixtisasa yiyələnə bilmədiyiniz üçün təəssüflənməyə dəyməz. Bu işi sonra da etmək olar.

Problemin həlli təhsil sistemində peşə seçimi barədə xüsusi maarifləndirici, yolgöstərici təlimlərin keçirilməsindədir. Orta məktəbin son illərində belə bir yardıma məktəblinin ehtiyacı var. Əsas məsuliyyət isə yenə də valideyn və müəllimlərin üzərinə düşür.

Dahi Nizaminin “kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” ifadəsi bu gün də aktualdır. Ali təhsil alıb sonradan avtomobil ustası işləməkdənsə, elə birbaşa sevdiyin peşəyə yönəlmək məsləhətdir.

Xəbərlər departamenti

Gündəm