Almaniya avtomobillərinə maraq azalıb - SƏBƏBLƏR
17.02.2020 08:13 İqtisadiyyat

Almaniya avtomobillərinə maraq azalıb - SƏBƏBLƏR

“Mediapost” xəbər verir ki, Almaniya avtomobil istehsalçıları birliyi 2019-cu ildə dünya üzrə satılan Almaniya istehsalı olan avtomobillərinin sayını açıqlayıb.

Məlumata görə, 2019-cu ildə Almaniya avtomobil istehsalçıları 4,70 milyon avtomobil istehsal edib. Bu göstərici 2018-ci illə müqayisədə 9% azdır.

Ötən il Almaniyada istehsal olunan avtomobil sayı, 1997-ci ildən bu yana olan ən aşağı göstəricidir. Almaniya avtomobil sənayesi satış həcminə görə, 22 il öncəki göstəricilərə qayıdıb.

Mütəxəssislərin sözlərinə görə, alman maşınlarının az istehsal olunmasına səbəb, bu maşınlara tələbin azalmasıdır. Tələbin azalmasına ilkin səbəb isə, həmişə öz keyfiyyəti ilə seçilən alman avtomobillərinin bu göstəricisinin aşağı düşməsi olub.

Satışlara mənfi təsir edən ikinci əsas amil kimi alman avtomobillərinin dizel qalmaqalı olub. Nəticədə ABŞ-da satılan Almaniya avtomobilləri əhəmiyyətli dərəcədə azalıb.

2019-cu ildə Almaniyadan kənarda 3,9 milyon avtomobil satılıb. Bu 2018-ci illə müqayisədə 13% azdır.

3-cü səbəb isə bazarda müxtəlif markalı avtomobil modellərinin çoxalmasıdır. Əksər brendlər müxtəlif siniflərdə avtomobil istehsal etməyə başlayıblar. Bu da rəqabətliliyi artırıb.

Digər bir səbəb kimi isə elektrokarlar göstərilir. Bu sahədə Alman avtomobil istehsalçılarının zəif olduğu bildirilir.Belə ki Mercedes ilk elektrokarı olan EQS-ni ötən ilin mayında satışa buraxsa da, 2019-cu ilin noyabrında cəmi 55 avtomobil satılıb. Halbuki Mercedes rəsmilərinin planlarına görə, günə 100 elektrokar satılmalı idi.

Xeybər Heydərov

Xəbərlər departamenti

Gündəm