AMEA: Tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi sürüşməyə səbəb olub
09.01.2020 15:30 Cəmiyyət

AMEA: Tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi sürüşməyə səbəb olub

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsinə baxış keçiriblər.

İnstitutdan "MediaPost"a verilən məlumata görə, Geomorfologiya və təbii risklər şöbəsinin işçiləri - coğrafiya üzrə fəlsəfə doktorları Rəfail Abdullayev və dosent Starə Tarixazər sürüşmə zonasında olublar.

"Hadisə yerində olan əməkdaşlar Bayıl yolunun Badamdar qəsəbəsinin 1,1 km-liyində (400 19I 56 II N-şimal enliyi; 490 48I 40II E-şərq uzunluğu) baş vermiş torpaq sürüşməsinin yolu tam bağladığını müşahidə etmişlər. Onlar sürüşmə kütləsinin böyüklüyünü və onun 80-85 m enində olan bir hissəsinin 100-120 m uzunluqda yerdəyişməyə məruz qaldığını xüsusi qeyd ediblər.

Tədqiqatçılar bildirirlər ki, Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən neft mədənlərində istifadə olunan ağır texnikanın hərəkətini təmin edib. Son vaxtlar yol ətrafı qruntda baş vermiş aktivlik tam şəkildə antropogen təsirin nəticəsidir. Ərazinin intensiv mənimsənilməsi, tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi, kanalizasiya xətlərinin olmaması, yeni yolların salınmasında buraxılmış səhvlər və s. ümumu tarazlığın pozulmasına və ərazidə sürüşməyə meylli kütlənin aktivləşməsinə gətirib çıxarıb. Belə aktivləşmədə təbii amillərin təsiri (atmosfer yağıntılarının miqdarı, qrunt sularının səviyyə artımı və s.) daha az ehtimal olunur", - Coğrafiya İnstitutundan bildirilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm