Amerika dollarına söykənən dünya iqtisadiyyatı iflasa uğrayır: “qara qızıl"ın qara günləri
21.04.2020 14:53 İqtisadiyyat

Amerika dollarına söykənən dünya iqtisadiyyatı iflasa uğrayır: “qara qızıl"ın qara günləri

Hazırda dünya neft bazarlarında təlatüm yaşanır. Qiymətlərdə qeyri-stabillik neft şirkətlərini narahat etməyə bilməz. Ötən gün WTI markalı Texas neftinin nəinki ucuzlaşması, hətta mənfi 40 dollara düşməsi bu sahədə ciddi dəyişikliklərin olmasından xəbər verir.

Məsələni “MediaPost”a şərh edən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, ötən gün neft qiymətlərinin mənfi 40 dollara qədər enməsi fyuçers müqavilələrinin may ayında sona çatması ilə bağlı idi: "Bu o demək deyil ki, neft həmişə mənfi qiymətə olacaq. Sözsüz ki, belə qiymət uzunmüddətli dövr ərzində mükün deyil. Lakin neftdə artıq uzunmüddətli qiymətlərin aşağı olması trendi müəyyənləşib və bu heç də yalnız koronavirusla və ya hər hansı qısamüddətli proseslərlə bağlı deyil. Dünya iqtisadiyyatında yeni texnoloji quruluş formalaşır və bu neftin enerji daşıyıcısı kimi önəminin azalması, digər tərəfdən bütövlükdə yeni iqtisadi modelin formalaşması şəraitində, neftə olan tələbatın azalması ilə bağlıdır. Ona görə, düşünürəm ki, bu uzunmüddətli bir trenddir. Qiymətlər təxminən 20 dollar ətrafında dəyişir və bu belə də davam edəcək. Nəzərə alsaq ki, anbarlar neftlə dolmaq üzrədir və tələb təklifdən 30% geri qalır. Odur ki, təklifin 10-15% azalması da, prosesin sabitləşməsinə, neft qiymətlərinin artmasına şərait yaratmır. Ona görə də qiymətlərin 20 dollardan da bir qədər aşağı düşməsi mümkündür. Uzunmüddətli pesrpektivdə qiymətlərin kəskin artımını gözləmirəm”.

“ABŞ-da bir çox şirkətlər müflis olacaq”

Ekspertin sözlərinə görə, ABŞ iqtisadiyyatında şist neft texnologiyaları ilə bağlı kifayət qədər çoxpilləli sığorta sistemi var: “Qiymətlərin enməsi, avtomatik olaraq neft hasilatı ilə məşğul olan şirkətlərin iflasa uğraması demək deyil. Amma bu proses onsuz da olacaq. ABŞ iqtisadiyyatında çox ciddi struktur problemləri var. ABŞ-da bank sektorunun və neft şirkətlərinə sığorta ilə bağlı dəstək verən qurumların ciddi problemləri yaranacaq. Ona görə hesab edirəm ki, şist texnologiyaları ilə bağlı proses hələ Amerikada uzun müddət tənəzzül yaşayacaq. Bir neçə ay sonra bütövlükdə müflisləşmələr ABŞ-da kəskin şəkildə artacaq və bu, o cümlədən də neft hasilatı ilə məşğul olan şirkətlərə öz təsirin göstərəck. Çünki neftə olan tələbat kəskin şəkildə azalacaq. Hesablamalara görə, ABŞ iqtisadiyyatı 30-40% kiçiləcək”.

Amerika dollarına söykənik dünya iqtisadi iflasa uğrayır – “Qara qızılın qara günləri başlayır”

“Yaxın müddətdə Azərbaycanda bu prosesləri görəcəyik”

Neft qiymətlərinin düşməsinin şübhəsiz ki, Azərbaycan iqtisadiyyatına da təsiri olacaq. M. Elşadın sözlərinə görə, Azərbaycanın əsas ixrac məhsulu neftdir: "Ölkəmiz büdcə daxilolmaları baxımından təxminən 60% bilavasitə neftdən asılıdır. Dolayısıyla digər sahələrə də neftin təsiri var. Ümumi daxili məhsul baxımından da neftin rolu böyükdür. Hesab edirəm ki, biz istəsək də, istəməsək də yeni iqtisadi idarəetmə modelinə keçid reallaşdırmalıyıq. Bu, o cümlədən xarici iqtisadi siyasətimizə də çox ciddi şəkildə öz əksini tapacaq. Çünki bizim iqtisadi inkişafımız xarici iqisadi siyasətdə enerji daşıyıcılarının, əsasən, neftin Avropa bazarlarına ixrac olunmasına söykənmişdi".

Dünya iqtsadiyyatında “əl dəyişir”?

Son zamanlar baş verənlər fonunda ən çox səsləndirilən fikirlərdən biri də dünya iqtisadiyyatında “ əl dəyişikliyi”nin baş verməsi fikridir.

Elşad Məmmədov bu məsələyə də aydınlıq gətirib: “Sözsüz ki, Amerika dollarına söykənmiş dünya iqtisadi, o cümlədən maliyyə sistemi iflasa uğrayır. Bu, artıq faktdır. Belə ki, kapitalist iqtisadi modelinin artımla bağlı çərçivələri var. O da qeyri-məhdud şəkildə arta bilməzdi. Bu proses uzun illər davam etdi. Nəticədə biz gördük ki, bazarlar tam şəkildə qloballaşdı.

Amerika dollarına söykənik dünya iqtisadi iflasa uğrayır – “Qara qızılın qara günləri başlayır”

Bundan sonra kapitalist iqtisadi modeli üçün satışı genişləndirmək imkanı yoxdur. Demək olar ki, dünyada vahid qlobal bazar yaranıb. Son illər görürdük ki, kredit yükünün artırılması, tələbatın süni şəkildə stimullaşdırılması ilə Amerika Birləşmiş Ştatlarında formalaşan iqtisadi idarəetmə modelinin ömrü süni şəkildə uzadılırdı. Paralel olaraq biz gördük ki, Çin Xalq Respublikasında sosialist iqtisadiyyatı ilə kapitalist iqtisadiyyatının sintezi əsasında yeni iqtisadi modelin formalaşması baş verdi. Bir çoxları bunu Çində ucuz işçi qüvvəsinin olması ilə bağlayırdı. Amma bu, səthi yanaşmadır. Çində iqtisadi idarəetmə modelinin dövlət tərəfindən strateji planlaşdırmasına söykənməsi, eyni zamanda biznesə inkişaf üçün dəstəyin verilməsi, öz effektivliyini günbəgün göstərir. Ona görə, düşünürəm ki, dünya iqtisadiyyatında liderin dəyişilməsi prosesi, artıq baş verməkdədir”.

Xəbərlər departamenti

Gündəm