Amerikada prezidentliyə namizədlər arasında din savaşı: "O, ABŞ-da dini yox edəcək" - ŞƏRH
10.08.2020 13:34 Xarici siyasət Siyasət

Amerikada prezidentliyə namizədlər arasında din savaşı: "O, ABŞ-da dini yox edəcək" - ŞƏRH

ABŞ üçün 2020-ci il həm də prezident seçkiləri ilə yadda qalacaq. Bəzi siyasətçilərin fikirlərinə görə, hazırkı dövlət başçısı Donald Trampın növbəti seçkilərdə qalib gəlməsi üçün şansı azdır. 

Xatırladaq ki, builki seçkilərdə Trampın əsas rəqiblərindən biri ölkənin əvvəlki vitse-prezidenti Co Baydendir. 

“MediaPost” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 3 noyabrda keçiriləcək prezident seçkilərində rəqibi Co Bayden haqda danışıb və bildirib ki, Bayden Tanrıya qarşıdır, o hakimiyyətə gəlsə, amerikalıların dinini əlindən alacaq.

Bununla bağlı araşdırmaçı jurnalist Bəybala Mirzəyev “MediaPost”a açıqlama verib.

"Tramp müəyyən mənada haqlıdır. Çünki demokratlar Tanrıdansa, daha çox qlobalizmə meyillidirlər və dünyada qlobalizmin bərqərar olması üçün indiyə qədər hər cürə allahsızlıqlara əl atıblar. Bayden də demokratdır. Lakin Tramp hər nə qədər haqlı olsa da, buna rəğmən, onun Bayden haqda söylədiyi sözlər Amerika cəmiyyətində birmənalı qarşılanmayıb. Prezidentin bu açıqlaması geniş rezonans doğurub və qızğın müzakirələrə səbəb olub. Trampın bu ittihamı ilə razılaşanlar da, onun əleyhinə çıxanlar da az deyil. Siyasi müşahidəçilərin isə əksəriyyəti Trampın öz rəqibi (katolik əqidəli Co Bayden) haqqında verdiyi bu açıqlamasının düzgün olmadığını bildirib və Trampı qisasçılıqda suçlayıblar. Trampın bu qisasçılığının səbəbi kimi isə Co Baydenin iyul ayının əvvəlində xristianların müqəddəs kitabı "İncil"lə şəkil çəkdirən Trampa "seçici sayı üçün dindən istifadə etmə" deməsini göstəriblər", - deyə B.Mirzəyev bildirib.

Mütəxəssis əlavə edib ki, seçkidə qalib gəlmək, ABŞ kimi hegemon, super dövlətin lideri olmaq üçün rəqiblər hətta din amilindən də yararlanmağa çalışırlar: "Avropalılardan fərqli olaraq amerikalılar kifayət qədər dindar və mühafizəkardırlar. Hazırda amerikalıların təxminən 71 faizi inanclı insan hesab olunur. Onların əksəriyyəti bazar günləri kilsəyə gedir, "İncil"i mütaliə edirlər (söhbət xristian əqidəli amerikalılardan gedir).

Ancaq Trampın son 4 illik prezidentliyi dönəmində amerikalıların siyasi-ideoloji baxışlarında dərin böhran və hərc-mərclik müşahidə edildiyi kimi, onların dini inanclarında da ciddi sarsıntılar, aşınmalar hiss olunmaqdadır. Sıravi amerikalılarda sürətlə dindən uzaqlaşma prosesi baş verir. İndi amerikalılar tam bir mənəvi-ruhani krizis içində yaşayırlar".

Məleykə Ağasoy

Gündəm