Ana dilində danışmaqdan əzab çəkən xanım
28.02.2020 12:36 Fikirlər

Ana dilində danışmaqdan əzab çəkən xanım

Hər gün olmasa da, həftədə bir neçə dəfə radioya qulaq asıram. Müxtəlif mövzuda maarifləndirici söhbətlər heç də az olmur. Bəzən aparıcının nədənsə haqqında danışılan mövzunu yaxşı araşdırmaması və ya dediyinə riayət etməməsi məni məyus edir. Bu dəfə də elə oldu...

21 Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı veriliş gedirdi. Aparıcılar dilimizin özəlliyi, gözəlliyindən danışıb, elə həmin arada da rus sözlərindən istifadə edirdilər. Doğrudur, xanım aparıcı, sanki nitqindəki qüsurları bilərək söylədi ki, bu gün sözlərin seçilməsinə, düzgün ifadəsinə daha çox diqqət yetirməlidir, çünki bu gün Ana Dili Günüdür... Yalnız bu gün... Bəs qalan vaxtlar?!.. Axı televiziya və radionun ən ümdə funksiyalarından biri də maarifləndirməkdir.

Sosial şəbəkədə demək olar, hər gün televiziya verilişləri qınaq obyektinə çevrilir. Bir neçə il öncə tənqidə heç fikir verilmirdi, amma etiraf edək ki, bu il efir məkanının istər texniki, istərsə də bədii tərtibatında xeyli irəliləyiş olub. Əlbəttə, bu, çox sevindiricidir, lakin hər şey əladır deyib, yerində addımlamaq yolverilməzdir.

Günlərdir televiziya kanallarının birində yayımlanan “Səs uşaqlar” layihəsilə bağlı tənqid eşidirəm. Ətrafımda hər kəs bir ağızdan “uşaqlar hamısı rus dilində danışır. Bu nə deməkdir?!” deyərək öz etirazını bildirir. Verilişə baxdım. Vəziyyət həqiqətən də acınacaqlıdır. Uşaq yaşında öz ana dilini unudan birinin aqibəti necə olacaq görəsən? Su kimi aydındır ki, bu məsələdə uşağın heç bir günahı yoxdur. Evdə, bağçada, məktəbdə ana dili eşitməyən uşaq öz dilimizdə danışmağı haradan öyrənsin axı...

Ana dilində danışmaqdan əzab çəkən xanım

Problem təkcə vizual məkanda deyil, elə real həyatda da qarşımıza çıxır. Məsələn, ətir mağazasına gedəndə satıcı mənimlə birbaşa rusca danışmağa başlayır. Sonra mən ona yenə də öz dilimizdə cavab verirəm. Maraqlı burasıdır ki, mənim rusca danışmaq istəmədiyimi görən satıcı yenə də həmin dildə danışmağa davam edir. Nəhayət, birdən öz dilimizdə danışmağa başladı. Elə bil xanım danışdıqca əzab çəkirdi, hiss etdim ki, ona çox çətindir. Danışa bilmədiyinə görə tər tökürdü, mən isə onun halına baxıb əsəb keçirdikcə özümü sakitləşdirməyə çalışdıqca...

Hadisənin təsirindən təzəcə ayılmışdım ki, həkimə getməli oldum. Özəl klinikaların birinə daxil olduqda sözün həqiqi mənasında ürəyim açıldı. Mətbuatda həkimlərin səriştəsizliyi ilə bağlı xəbərlər məni yormuşdu. Amma gördüm ki, heç də mənzərə elə deyil. Yetərincə savadlı həkim var, özü də xaricdə oxumuş... Xaricdə oxumaq çox gözəl, perspektivli addımdır. Amma xaricin təcrübəsinə, savadına yiyələnəndə, dilinə yox. Həkimlə bir müddət həmsöhbət oldum. Çox savadlı idi, amma elə bildim, ya o əcnəbidir, ya da mən Türkiyədəyəm... Həmin anda “Ana dilim ölən deyil” şerindən bir misranı xatırladım: “Doğransa da dilim-dilim, başqa dilə çönən deyil”.

Xarici dil biliyi çox önəmlidir. Çünki qloballaşan dünyada hansısa mövzunu araşdırdıqda, dolğun informasiya tapmaq üçün bir neçə mənbəyə müraciət etmək lazım gəlir. Heç şübhəsiz, belə olan halda mütləq dil biliyi köməyimizə çatır.

Lakin heç bir üstünlük bizə haqq vermir ki, dədə-babalarımızdan bizə miras qalan dilimizi unudaq və yox olmasına yol verək.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm