Ailələr bu günlərdə nə etməlidir? - Ekspertdən vacib tövsiyələr

  • 14 mart, 2020 16:44
Ailələr bu günlərdə nə etməlidir? - Ekspertdən vacib tövsiyələr

Ötən gündən etibarən ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiqinə başlanılıb. Bununla əlaqədar olaraq bir sıra müəssisələrdə iş vaxtının daha tez bitməsi insanların boş vaxtların daha da çoxalmasına səbəb olub.

Məsələ ilə bağlı “MediaPost”a danışan psixoloq Fuad Əsədov Çində olduğu kimi ölkəmizdə də bir-biri ilə çox vaxt keçirən cütlüklər arasında problem yaşanmaması üçün bir sıra məsləhətlər verib. Ekspert bildirib ki, cütlüklər uzun müddət birgə vaxt keçirən zaman təbii olaraq bir-birlərindən sıxıla bilərlər. O, sözügedən problemlərin baş verməməsi üçün ailələrə ev şəraitində əylənməyi tövsiyə edib:

“Ailəvi şəkildə yaxşı vaxt keçirmək üçün bir sıra versiyalar mövcuddur. Məsələn, valideynlər övladları ilə birgə filmə baxa, stolüstü və ya kompüter oyunları oynaya, pazl yığa bilərlər. Bu daha çox cütlüklərin zövqündən asılı olan bir məsələdir. Diqqət etmək lazımdır ki, biri digərini onun zövqü ilə hərəkət etməyə məcbur etməsin. Əvvəlcə cütlüklər öz aralarında müəyyənləşdirməlidirlər ki, onlar nə etməyi xoşlayırlar. Birlikdə əylənməyin ən gözəl yollarından biri də “Youtube”da karaokeni açaraq mahnı oxumaqdır.

Ailələr bu günlərdə nə etməlidir? - Ekspertdən vacib tövsiyələr

Ümumiyyətlə, unutmaq lazım deyil ki, nə olursa-olsun insan əyləncəsindən geri qalmamalıdır. Yəni koronavirusun səbəb olduğu məhdudiyyətlərdən müsbət mənada istifadə etmək olar. Əgər çölə çıxmaq onları narahat edirsə, evdə əylənməyə çalışsınlar. Hətta valideynlər uşaqlarla birlikdə maraqlı vaxt keçirmək istəsələr onların oyuncaqları ilə oynaya bilərlər. Beləliklə, uşaqların ata-anası ilə arasında olan emosional bağ güclənər.

Digər tərəfdən bir ailədə ər ev işlərində həyat yoldaşına yardım edən biridirsə, evdə keçirdikləri müddətdə buna davam edə bilərlər. Bu stresi azaltmaq üçün yaxşı olar. Amma bu ailənin strukturundan da asılıdır. Məsələn, bəzi qadınlar var ki, mətbəxə kiminsə girməsini və ya işlərinə kiminsə qarışmasını, kişilər isə ev işləri görməyi xoşlamır. Hesab edirəm ki, xoş vaxt keçirmək üçün evin xanımına kömək etməyin heç bir zərəri yoxdur”.

Psixoloq birlikdə vaxt keçirən cütlüklər arasında gərginlik yaranacağı təqdirdə əməl edilməli olan bəzi qaydalardan da danışıb:

“Ailə-məişət problemləri cütlüklər arasında həm adi vaxtlarda, həm də indiki şəraitdə mövcud ola bilər. Hazırda koronavirusla bağlı insanlar arasında təşviş var və bu gərginlik münasibətlərə də təsir göstərə bilər. Bunların yaranmaması və ya yaranıbsa, həll edilməsi üçün bəzi qaydalara riayət etmək lazımdır.

İlk növbədə insan onu narahat edən hər bir şeyi portnyoru ilə danışmalıdır ki, bu münasibətə başqa formada təsir göstərməsin. İkincisi, bir tərəf danışanda digəri sözün həqiqi mənasında dinləməlidir. Cütlüklər arasında konflikt yarandıqda danışıq nəzakət qaydaları çərçivəsində baş tutmalıdır. Yəni qışqırmaq, təhqir etmək, alçaltmaq olmaz.

Ailələr bu günlərdə nə etməlidir? - Ekspertdən vacib tövsiyələr

Üçüncü vacib məqam ondan ibarətdir ki, mübahisə şəraiti yarandıqda ilk növbədə qarşınızdakı insan dünyanın ən məntiqsiz, ən haqsız sözünü danışmış olsa belə, onun dediklərində haqlılıq payı tapın. Çünkihər kəs öz əməlində haqlılıq görür. Onun özünə görə səbəblərivar. Yəni“başa düşürəm ki, məhz filan səbəbdən belə düşünürsən” - tipli cümlələr qurmaq lazımdır.

Yaxşı olardı ki, belə zamanlarda kimsə sizin fikrinizlə razılaşmasa belə, ona həmin dəqiqə qarşı çıxmayasınız. Sual verərək onu daha da təşviq etmək lazımdır ki, qoy danışıb rahatalaşsın.Bundan sonra əgər irad bildirəcəksinizsə, bu iradı “sən beləsən, sən eləsən” formasında yox, “mən”li cümlələrdən istifadə edərək bildirmək lazımdır. Yəni“belə bir şey baş verəndə mən filan cür hiss edirəm” şəklində demək lazımdır.

Münasibətlərin yüksək səviyyədə olması üçün unutmaq lazım deyil ki, insanların qüruru onlar üçün çox dəyərlidir. Ona görə də qarşınızdakı insanın qürurunu oxşamaq lazımdır. Bunun üçün partnyorunuza onun yaxşı xüsusiyyətlərini sadalayaraq tərifləmək, ürəkdən gələn xoş sözlər demək lazımdır”.