Avropada "dəmir at" dövrü başlayır

  • 10 may, 2020 19:52
Avropada

Böyük şəhərlər ictimai nəqliyyatla sağollaşır, "velosiyasət"ə keçid edir

Bir çox ölkələrdə ciddi karantin tədbirləri tədricən yumşaldılır. Şəhərlərdə canlanma yaranır, həyat yavaş-yavaş əvvəlki axarına qayıtmağa başlayır. Lakin hökumətlər və siyasətçilər hələ də narahatdırlar. Milyonlarla insanın küçələrə çıxıb ikinci yoluxma dalğasını yaradacağından ehtiyat edirlər.

İZDİHAM QORXUSU

"MediaPost" xəbər verir ki, bu mənada hökumətləri ən çox narahat edən ictimai nəqliyyatdır. Səlahiyyətlilər insanların mövcud şərtlər daxilində özünü necə qoruyacağı, yoluxma riskini necə minimallaşdıracağı sualları ətrafında baş sındırırlar.

Sözsüz ki, koronavirus təhdidi gündəmdə qaldıqca izdiham qorxusu qaçılmaz olacaq və nəticədə şəxsi avtomobillərdən istifadənin miqyası artacaq. Bu da daha uzun tıxaclar, həmçinin havaya daha çox zərərli qazların buraxılması deməkdir.

Avropada dəmir at

Bütün bu xoşagəlməzlikləri minimuma endirmək üçün Avropadakı hökumətlər hələlik bir çıxış yolu görürlər - velonəqliyyatı populyarlaşdırmaq.

"Velosiped ən ucuz və effektiv alternativdir. Velosiped yollarının əlçatan olması üçün şəhərin morfologiyasını dəyişməyə də ehtiyac yoxdur", - deyə CEU San Pablo Universitetinin memarlıq üzrə professoru Karlos Laxoz bildirib.

VELONƏQLİYYAT - AVROPA ŞƏHƏRLƏRİNİN GƏLƏCƏYİ

Məsələn, may ayından sentyabr ayınadək İtaliyanın Milan şəhərinin 35 kilometrlik yeni velosiped infrastrukturu ilə təchiz olunması planlaşdırılır.

Brüsseldə isə şəhərin əsas küçələrindəki zolaqları müvəqqəti olaraq velosipedçilər tutacaqlar. Üstəlik, Belçika paytaxtının bir çox bölgələrində nəqliyyat vasitələrinin maksimal sürəti saatda 20 km-ə endiriləcək.

Avropada dəmir at

"Hazırda Avropada müşahidə etdiyimiz şey yeni velosiped siyasətidir. Bu, həm də müvəqqəti və ya daimi olacaq yeni velosiped infrastrukturu deməkdir. Belə bir tədbir sanitar böhrana verilə biləcək ən dəqiq cavabdır. Çünki velosiped yolunda məsafəni saxlamaq asandır. İnsanlar arasında ən azı bir neçə təkər olur", - Avropa Velosipedçilər Assosiasiyasının həmsədri Morten Kabel deyib.

FRANSA VELONƏQLİYYATA 20 MİLYON AYIRIR

Mayın 11-də karantin rejimini yumşaltmağa hazırlaşan Fransada səlahiyyətlilər velonəqliyyata dəstək üçün 20 milyon avro xərcləməyi planlaşdırırlar.

Fransızları bu nəqliyyat növündən istifadəyə təşviq etməkçün hökumət velosiped sahiblərinə təqribən 50 avro da ayıracaq. Bu vəsait ixtisaslaşmış emalatxanaların təmir xidmətindən istifadə etmək üçün nəzərdə tutulub.

Fransa həmçinin avtomobil zolaqları vasitəsilə müvəqqəti velosiped infrastrukturunu təchiz etməyi də planlaşdırır.

Avropada dəmir at

"Bu dövrün velomədəniyyət üçün bir dönüş nöqtəsi olmasını istəyirik.Karantin bitdikdən sonra velosiped üçün də "ulduz saatı"nın vaxtı gəlmiş olacaq", - deyə Ətraf Mühitin Dəyişiklikləri naziri Elizabet Born"Twitter"də yazıb.

QHT-lər avropalı siyasətçiləri görülən tədbirlərin əksəriyyətinin müvəqqəti xarakter daşıdığına görə tənqid edirlər.

"Müvəqqəti tədbirlər velosipedlərin və çox sayda piyadanın üstünlüyünü göstərmək üçün əladır. Lakin təbii ki, müvəqqəti tədbirlər kifayət deyil. Onların daimi olmasına ehtiyac var. Kopenhagen və ya Amsterdama daha çox şəhər çevrilməlidir", - Morten Kabel hesab edir.

HƏM SAĞLAM, HƏM SƏMƏRƏLİ

Onun sözlərinə görə, hərəkət iştirakçıları üçün velosiped həm daha sağlam, həm də daha səmərəli vasitədir: "Çünki velosiped yolu avtomobil yolundan fərqli olaraq daha yeddi nəfəri qəbul edə bilir. Velosipedlərin Avropa şəhərlərinin gələcəyi olduğuna şübhə yoxdur".

Avropada dəmir at

Şəhərlərin nəqliyyat strukturunu dəyişmək fikri yeni deyil. Fransa paytaxtı velosipedə keçidə hələ pandemiyadan əvvəl qərar vermişdi. Rəsmi rəqəmlərə görə, 2019-cu ildə ölkənin velotrafikində 54 faiz artım olub.

Yanvar ayında Paris meri "15 dəqiqəlik şəhər" adlı inkişaf konsepsiyasını təqdim etmişdi. Sənədə görə, şəhərin alış-veriş və iş mərkəzləri yaşayış yerlərindən elə bir məsafədə olmalıdır ki, ora piyada, yaxud velosipedlə rahat getmək mümkün olsun.

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, az inkişaf etmiş şəhərlər üçün belə nümunə məqbul deyil. Çünki iş yerləri və məktəblər yaşayış yerlərindən çox uzaqda yerləşir. Belə şəraitdə ictimai nəqliyyat və ya avtomobillərdən istifadəyə qayıtmağın qarşısını almaq mümkün deyil.

Amerikalı sosioloq Riçard Sennet deyir ki, belə şəhərlərdə yaşayanları işə gəlib-getmək üçün hər dəfə üç saat pedal çevirməyə məhkum etməyin mənası yoxdur.

Məsələn, Rusiyada velosiped infrastrukturu zəif inkişaf edib. Paytaxt Moskvada velosiped nəqliyyatının sistemli inkişafı 2013-cü ildən - ölkədə "Velobayk" layihəsi icra olunandan başlayıb. Layihə mülayim fəsillərdə işləyir və hazırda təxminən bir milyona yaxın aktiv istifadəçisi var.

Avropada dəmir at

2020-ci ildə kirayə şəbəkəsinin sayı artırılaraq 100 yeni stansiyaya çatdırılacaq, parklama ərazisi isə 6500 velosipedə yetəcək qədər genişləndiriləcək.

PANDEMİYA VƏ VELOKİRAYƏ

Pandemiyanın başlaması ilə Moskvada velosiped kirayəsi öz funksiyalarını dəyişdi və 10 apreldən etibarən pulsuz işləyir. Lakin onlar sadəcə, sosial işçilər və çatdırılma xidmətinin işçiləri üçün əlçatandır.

Layihənin rəhbəri Maksim Akimov bildirib ki, könüllülər və kuryerlər artıq 70 mindən çox səyahət həyata keçiriblər: "Hər gün velosipeddən azı 4 min dəfə istifadə olunur. Moskvada özünütəcrid rejimindən sonra "Velobayk" bütün istifadəçilər üçün əlçatan olacaq".

Moskva meriyası layihənin əməliyyat xərclərini təmin edir, həmçinin velosiped yollarının, xüsusi işıqforların və şəxsi velosipedlər üçün dayanacaqların inşasına sərmayə qoyur.

Paytaxtın Nəqliyyat Müdirliyindən verilən məlumata görə, bugünədək şəhər, həmçinin şəhər parkları 850 kilometrlik velosiped yolları və zolaqları ilə təchiz edilib.

Müsbət dinamikaya baxmayaraq, velosipedçilər bu dəyişikliklərin yetərli olmadığını düşünürlər.

Avropada dəmir at

MADDİ VƏZİYYƏTİN PİSLƏŞMƏSİ TƏLƏBATI ARTIRACAQ

"Hakimiyyətin düşüncəsində yeni-yeni keçid başlayır. Çox mühafizəkar bir rəhbərliyimiz var və qətiyyətli addımları çox ləng atırlar. Problemlər olduğu kimi qalır. Velosiped infrastrukturu çox yavaş inkişaf edir. Velosiped zolaqları, dayanacaqlar və ya işə getmək üçün təchiz olunmuş yerlərin sayında hələ də çatışmazlıqlar var", -"Velo-Qorod" təşkilatının rəhbəri Konstantin Moçalov bildirib.

Onun sözlərinə görə, orta hesabla rusların 4 faizi velosipeddən istifadə edir. Və onlardan yalnız 30-40 faizi velosipedə nəqliyyat vasitəsi kimi baxır: "Lakin müsbətə doğru dəyişikliklər var. Ümid edirəm ki, yaxın beş ildə velosipedçilərin sayı 10-15 faizə çatacaq".

Qurum rəhbəri hesab edir ki, iqtisadi vəziyyətin pisləşməsi hərəkatın inkişafına təkan verə bilər: "Pandemiya vətəndaşların pul kisələrinə, iqtisadiyyata zərər vurur. Velosiped avtomobil və ya ictimai nəqliyyatla müqayisədə çox sərfəli bir nəqliyyat vasitəsidir".

Tərcümə "MediaPost"a məxsusdur