Azərbaycan növbəti illərdə də neft ölkəsi statusunu qoruyub saxlayacaq - Yeni neft yatağı

  • 19 mart, 2020 16:06
Azərbaycan növbəti illərdə də neft ölkəsi statusunu qoruyub saxlayacaq - Yeni neft yatağı

SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər.

"MediaPost" xəbər verir ki, bu, müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıq olduğu bildirilir.

"Qarabağ" yatağının ölkə iqtisadiyyatına və eyni zamanda neftçilər üçün xüsusi bir əhəmiyyətinin olduğu qeyd olunur. Belə ki, dünyada böyük ölkələrin neft istehsalını artırdığı dövrdə ölkəmizin də əlavə neft ehtiyatlarının olması xüsusi önəm daşıyır.

Azərbaycan növbəti illərdə də neft ölkəsi statusunu qoruyub saxlayacaq - Yeni neft yatağı

Bununla bağlı "MediaPost"a açıqlama verən deputat Vüqar Bağırovun sözlərinə görə, yeni yatağın kəşf edilməsi, ondan xəbər verir ki, Azərbaycan növbəti illərdə də neft ölkəsi statusunu qoruyub saxlayacaq: “Nəzərə alsaq ki, əsrin müqaviləsinin 2050-ci ilədək uzadılması, praktik olaraq Azərbaycanın növbəti dekadalarda məhz enerji ölkəsi statusunun qorunub saxlanması anlamına gəlir. Yeni yataqların kəşf edilməsi Azərbaycanın gəlirlərini artırması baxımından çox vacibdir. Çünki nəticə etibarilə neftin bazar qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, ölkə nə qədər çox neft ixrac edirsə, o qədər çox gəlir əldə edir. Təbii ki, qiymət əldə edilən gəlirə təsir göstərir. Amma bütün hallarda neftin həcmi də önəmlidir. Çünki neftin həcmi ölkəyə daxil olan valyutanın həcminə təsir edən faktorlardan biridir. Eyni zamanda bu vəsaitlərin gələcək nəsillər üçün saxlanılması baxımından da çox vacibdir. Çünki nə qədər çox valyuta daxilolmaları olursa, valyutanın bir hissəsinin gələcək nəsillər üçün saxlanma imkanları genişlənir. Bu vəsaitin bir hissəsi cari xərclər üçün büdcəyə transfer olunur. Digər hissəsi isə gələcək nəsillər üçün saxlanılır ki, bu da sözsüz neft satışından əldə olunan gəlirlərdən gələcək nəsillərin daha çox faydalanması üçün vacibdir. Eyni zamanda neft gəlirlərimiz bizim üçün qeyri-neft sektorunda islahatlar proqramlarının maliyyələşməsi üçün vacibdir. Çünki Azərbaycan neft satışından əldə olunan gəlirlərin bir qismini fərqli proqramların maliyyələşməsinə sərf edir. Bu da nəticə etibarilə qeyri-neft sektorunun inkişafı baxımından vacibdir. Yeni yatağın kəşf edilməsi, həm Azərbaycanın valyuta rezervlərinin artırılması, həm də gəlirlərin gələcək nəsillər üçün saxlanılması, eyni zamanda qeyri-neft sektorunda olan proqramların maliyyələşdirlməsi üçün önəmlidir”

Millət vəkili Azər Badamov isə "MediaPost"a açıqlamasında bildirib ki, yeni yatağın kəşf edilməsi, neft sahəsində növbəti uğurumuz hesab oluna bilər: “Neft bizim milli sərvətimizdir. Azərbaycan neft-qaz resursları ilə zəngindir. Bu illər ərzində inkişafımızın təməlində neftin istehsalı və ondan gəlirlərin ölkə iqtisadiyyatına yönəldilməsi dayanıb. Bu gün yeni neft yatağının tapılması da, təbii ki, Azərbaycanın neft sahəsində əldə etdiyi uğurların nəticəsidir. Çünki bu gün Azərbaycan müstəqil ölkə olaraq sərbəst şəkildə neft sahəsində tətqiqat işlərini apara bilir və yeni yataqlar kəşf edir. İstehsal olunan hər neft yatağı da Azərbaycan müstəqilliyini möhkəmləndirir və gəlirlərini artırır”.

Azərbaycan növbəti illərdə də neft ölkəsi statusunu qoruyub saxlayacaq - Yeni neft yatağı

İqtisadçı ekspert Elşad Məmmədovun "MediaPost"a açıqlamasında söyləyib ki, yeni yatağın kəşfi Azərbaycanın Xəzər hövzəsində neft potensialının hələ də mövcud olduğunu göstərir: “Bugünkü neft bazarında hansı təlatümlərin baş verdiyini görürük. Qiymətlərin kəskin azalması, göz qabağındadır. Amma belə olan halda unutmamalıyıq ki, neft sənayesi Azərbaycan iqtisadiyyatının uzun illər ərzində lokomativi olub. Bazarlara daha böyük həcmdə neft çıxarmaq neft ölkələri tərəfindən faktiki prioritet hesab olunur. Yeni neft yatağının kəşf olunması və bu yataqla bağlı işlərin görülməsi ona görə xüsusilə vacibdir ki, biz son illər hasilat həcmi il bağlı azalan dinamikanın müəyyən dövr ərzində yeni yataq hesabına balanslaşdırmasının şahidi ola bilərik. Bu da çox önəmlidir. Bilirik ki, son illər hasilat azalırdı və yeni neft yataqları ilə bağlı hansısa müsbət dinamika qeyd olunmurdu. Amma bu yatağın kəşf olunması, Azərbaycanın, xüsusən də Xəzər hövzəsində neft potensialının hələ də mövcud olmasını göstərir. Hesab edirəm ki, beynəlxalq təcrübəyə söykənərək belə yataqların istismarına xarici fondları və ya maliyyə qurumlarının cəlb olunması ilə investisiyaları reallaşdırmaq olar. Hazırda neft qiymətlərində olan ucuzlaşma da bir müddətdən sonra artacaq. Burada ən mühüm məqamlardan biri odur ki, biz bu neftin xammal şəklində ixrac olunmasına deyil, bu neftin ölkə ərazisində təkrar emalına və daha yüksək əlavə dəyər tutumlu bazara çıxarılmasına nail olmalıyıq.

Yeni yatağın kəşf edilməsi, ölkədə yeni iş yerlərinin açılması və məşğulluğun artmasına təsir edəcək. Bundan başqa yeni yataq ölkədə neft hasilatının artırılmasına imkan yaradacaq ki, nəticədə gəlirlər çoxalacaq və gələcək nəsillər üçün bir töhfə olacaq".

Xatırladaq ki, "Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. SOCAR-ın CDC (Caspian Drilling Company) qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazıb. Yatağın məhsuldar layları 3,4 kilometr dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.