Bəlkə tövbə edək?

  • 22 mart, 2020 15:13
Bəlkə tövbə edək?

İnsan vacib ehtiyyacı qədər tükətməli, qalanından əl çəkməyi, nəfsinə hakim olmağı bacarmalıdır

Təbiət yox, biz dəyişmişik. Təbiəti bizim dəyişikliklərə ayaq uydurmağa vadar etmək üçün yollar axtarırıq, bizə tabe olmasını istəyirik. Hələ lap bir az irəli gedib tanrılıq iddiası edənlərimiz də olur. Bəlkə də bəşəriyyəti irəliyə aparan hirsli, iddialı insanların enerjisi olub, ancaq bunun paralelində təbiətə təslim olan, onunla dost olmağa çalışan, dinləməyə səbri çatan insanlar da var və olacaq. Təbiət insanlarının inkişafına qısqanclıq etməz. Lakin insan da həddini bilsə, yaxşıdır. Görünür, həddimizi aşanda, onun səsinə qulaqlarımızı tutub “inkişaf” adı altında irəli qaçdığımızda ayağımızdan tutaraq saxlamaqdan başqa çarə görmür. Ara-sıra durdurur, sakitləşməyimizi gözləyir. Bu ərəfədə də bəşər övladı özünə gəlir, təmkinləşir, aid olduğu təbiəti dinləməyə imkan tapır. Hər nə qədər özümüzü yeniyetmə kimi çılğın, söz dinləməz kimi aparsaq da, sonda dərsimizi alıb sakitliyimizi bərpa etməyi də bilirik. Təbiət bizi ram etməyi yaxşı bacarır. Sellər, daşqınlar, yanğınlar, zəlzələlər olur, amma görünür, onun demək istədiklərinə ya qulağımızı tuturuq, ya da sadəcə, anlamaq istəmirik. Bu dəfə isə məcbur qalıb canımızdan yapışır. Şərtlər bu cür ağırlaşdıqda, sərtləşdikdə sakitləşməkdən başqa çarəmiz qalmır. Ancaq bu da bəs etmir. Bəşər övladı gərək dərsini alsın, təbiət qarşısında tövbə etsin. Onun üstündə yerli-yersiz hökmranlıq etməkdən, qətliam törətməkdən əl götürsün. İnsan vacib ehtiyacı qədər tükətməli, qalanından əl çəkməyi, nəfsinə hakim olmağı bacarmalıdır.

Bəlkə tövbə edək?

Deyirlər, dünya dəyişib

İndi böyüklərdən tez-tez eşidirəm: “İnsanlar əvvəlki kimi torpağa sevgi göstərmir. Biz o vaxtlar xoş sözlərlə əkib-becərərdik, torpağın qulluğunda durardıq. Elə bil o da bərəkətlənərdi. Bircə təsərrüfatla uşağımızı oxudardıq da, evləndirərdik də. Amma indi elə bil təbiət də insanların üzünə dəyişib”.

Düzdür, günboyu təsərrüfatda işləmək, ələlxüsus isti yay, qatı qış günlərində əziyyətli olur. Lakin torpaqla təmasda olanlar elə onun özündən güc alır. Torpaqda çalışan insanlarda əməyə şövq olur. Uşaqlığımda çox müşahidə etdiyim və heç unutmadığım təəssüratlardan biri də torpaq qazan görəndə “bərəkətli olsun!” deyənə təbəssümlə “sağ ol” – deyə cavab verən insanlardakı yüksək əhval-ruhiyyə idi. Torpağa inam, sevgi var idi, sanki əzdikcə əzizləyirdilər.

Mərhəmət labüddür

Nənəmin həyətimizdəki alma ağacının kölgəsində daş üstə əyləşib toyuq-cücə ilə söhbətləşdiyinə də çox şahidlik eləmişəm. Onları lap uşaq kimi əzizləyərdi, elə bil xətirlərinə dəyməkdən ehtiyat edərdi. Ara-sıra düşünürdüm ki, “işə bax bir sən, sabah-biri gün evə bir qonaq gəlsə, içindən ən yaxşısını seçib elə onu kəsəcəklər, amma bu gün nənəm necə də əzizləyir”. Buradakı dərsi lap sonralar öyrəndim: Sonumuzun ölüm adlı reallığı olsa da, yaşamağın da sevmək, sevilmək, qayğı göstərmək, qorumağa yaslanmış gerçəyi var.

"MediaPost"