"Bu halda Qarabağda müharibə qaçılmaz olacaq" - ŞƏRH

  • 13 fevral, 2020 15:43

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin mart ayında "prezident seçkiləri"nə gedəcəyi ilə bağlı məlumat yayılıb.

Bir çox siyasətçilər bildirir ki, keçiriləcək seçkilərdə Nikol Paşinyan hakimiyyətə öz nümayəndəsini gətirməyə çalışacaq.

Bununla əlaqədar olaraq, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlarda dəyişikliklərin olması düşünülür.

Ötən gün "Apsnye.ge" Gürcüstan portalına müsahibə verən politoloq Rasim Musabəyov məsələ ilə əlaqədar fikirlərini bölüşüb. O qeyd edib ki, bu ilin yaz ayında Qarabağ konflikti üzrə gərgin danışıqlar olmalıdır, əgər burada ciddi irəliləyişlər olmasa, biz yayda müharibə ilə qarşı-qarşıya qala bilərik.

Belə olan halda müharibənin başlaması qaçılmaz olacaq

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən politoloq Nəzakət Məmmədova bildirib ki, Nikol Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimin onun hakimiyyətinə təhlükə olduğunu bilir və rejimin nəzarətində yaşayan əhalinin dəstəyini almaq istəyir:

"Bunun üçün saxta "seçkilər"də öz adamını separatçıların başına gətirmək onun üçün çox vacibdir. Paşinyan ötən ilin aprelində Avropa Şurasında çıxış edərkən xahiş etmişdi ki, Qarabağdakı QHT-lərə qrant ayırmaq lazımdır ki, orada rəngli inqilab etmək mümkün olsun. ABŞ görür ki, Ermənistanda inqilab etməyin proseslərə elə bir təsiri yoxdur. Çünki Dağlıq Qarabağ Paşinyan və Ermənistan üçün təhlükə olaraq qalır, oradakı təxribatçı qüvvələr istənilən vaxt atəşkəsi poza bilərlər. Bunun da nəticəsində Azərbaycanın müharibəyə başlaması qaçılmaz olacaq. Beləliklə də, Paşinyan hakimiyyəti uduzacaq. Bu da onlar üçün böyük təhlükədir. Buna görə Amerika istəyir ki, Dağlıq Qarabağda da öz adamını “hakimiyyətə” gətirsin. Qarabağ istiqamətindən, buradakı separatçı rejimdən Nikol Paşinyana qarşı heç bir təhdid olmasın. Çünki onların arasında hazırda ciddi fikir ayrılıqları yaranıb".

"MediaPost"