Builki qəbul imtahanları: ödəniş nə qədər olacaq, hansı mövzular düşməyəcək? - ŞƏRH

  • 19 may, 2020 12:32
Builki qəbul imtahanları: ödəniş nə qədər olacaq, hansı mövzular düşməyəcək? - ŞƏRH

Koronavirusla mübarizə çərçivəsində digər ölkələrdə olduğu kimi bir çox müəssisələrlə yanaşı bütün təhsil müəsisələri də fəaliyyətini dayandırdı.

Bu zaman çərçivəsində şagirdlərin təhsildən geri qalmaması üçün teledərslər, "Virtual məktəb" layihəsi həyata keçirilsə də, yaranan boşluğu doldura bilməyib.

Yaranmış vəziyyətlə əlaqədar olaraq hazırlıq kursları, repetitorların da fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu çətinliklər qəbul imtahanı verəcək abituriyentlər üçün daha çox problemə səbəb olub. Bütün abituriyenlər üçün maraqlı məqamlardan biri də builki qəbul imtahanlarını necə verəcəkləri ilə bağlıdır.

Mövzu ilə əlaqədar "MediaPost"a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, vəziyyətlə əlaqədar olaraq son bir neçə aydakı mövzular imtahana salınmayacaq:

"Məlum olduğu kimi koronavirusla bağlı martın 2-dən ölkədə karantin rejimi elan olundu. Bundan asılı olaraq təhsil müəssisələrində tədris dayandırıldı. Müvafiq olaraq Nazirlər Kabinetinin verdiyi qərara əsasən, Təhsil Nazirliyi, eləcə də DİM-in açıqlamasında qeyd olunur ki, mart ayının 2-dən iyun ayının 15-nə qədər nəzərdə tutulmuş proqrama uyğun suallar nə qəbul, nə də buraxılış imtahanlarına salınmayacaq. Ona görə də, abituriyentlər mart ayının 2-nə qədər hansı mövzuları keçiblərsə, ona uyğun suallar təyin olunacaq. Ona görə də düşünmürəm ki, bu baxımdan abituriyentlərin sıxıntısı olsun. Bildirilib ki, artıq ərizə qəbulu may ayının 12-dən etibarən başlanılıb, iyunun 15-nə qədər davam edəcək. Həmin dönəmdə abituriyentlər istər buraxılış, istərsə qəbul imtahanlarında qeydiyyatdan keçə bilərlər".

Ekspert imtahan mərhələsində abituriyentlərin nə qədər ödəniş edəcəkləri ilə bağlı məsləyə də aydınlıq gətirib:

"Buraxılış imtahan mərhələsində cari və əvvəlki ilin məzunları buraxılış imtahanlarından pulsuz istifadə edə biləcəklər. Bu Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunlarına bir jest idi. Amma blok imtahanları bildiyiniz kimi, cari ilin məzunlarına pulsuz, əvvəlki ilin məzunlarına isə 40 manat ödənişdir. Əgər əvvəlki illərin məzunları 5-ci ixtisas qruplarına imtahan verəcəksə, o zaman onlardan əlavə 40 manat da tələb olunur. Ümumi prosesi biz nəzərə aldığımız zaman imtahanlarda hər hansı bir dəyişiklik nəzərədə tutulmur. Yanlız bunu demək olar ki, blok imtahanları bu il sırf pandemiya vəziyyəti ilə bağlı olaraq bir dəfə həyata keçiriləcək. Bilirsiniz ki, ötən illər yaz və yay olmaqla iki dəfə həyata keçirilirdi. Bu il yaz qəbul imtahanları demək olar ki, keçirilməyəcək. Yay qəbul imtahanları əsasında abituriyentlər müvafiq ixtisas qruplarında iştirak etmək hüququ qazanacaqlar. Buraxılış imtahanlarında isə müəyyən dəyişikliklər mövcuddur. Sırf açıq situasiya tipli, cavablandırılması yazılı formada tələb olunan suallarla bağlı dəyişikliklər var. Yaxın günlərdə əmr təsdiq olunduqdan sonra ictimaiyyətə təqdim olunacaq. Həmin qərar ondan ibarətdir ki, bu vaxta qədər Azərbaycan dilindən açıq yazılı tipli 10 sual var idisə, bundan sonra 4 sual ilə əvəz olunacaq. Xarici dildən 7 sual təqdim olunurdusa, artıq 4 sualla əvəz olunacaq. Riyaziyyatdan isə 6 sual idisə, bu da 4 sual ilə əvəzlənəcək. Bu qərarın verilməsində əsas məqsəd ondan ibarətdir ki, abituriyentlərin sırf nəticələrini daha tez yoxlayıb cavablandırmaq üçün DİM vaxt qazanmaq istəyir. Birinci buraxılış imtahanı zamanı maksimum əldə olunacaq nəticə 300 baldır. İkinci mərhələ blok mərhələsidir. Bu mərhələdə isə 400 bal toplaya bilərlər. Hər iki imtahan mərhələsində iştirak etmiş abituriyentlər iki imtahandan müvafiq olaraq neçə bal toplayıbsa, ona uyğun da müsabiqədə iştirak etmək hüququ qazanırlar. Ötən illə müqayisədə 150 ballıq ixtisaslar mövcuddur. Həmin ixtisaslar barəsində Dövlət İmtahan Mərkəzi yaxın günlərdə məlumat verəcək".