İsveç karantin rejiminə keçməkdən niyə imtina edir?

  • 28 mart, 2020 11:14
İsveç karantin rejiminə keçməkdən niyə imtina edir?

Mağaza və restoranlar işləyir, məktəb və bağçalar qapadılmır

Koronavirus pandemiyasına görə dünyanın, o cümlədən Avropa İttifaqının əksər ölkələri karantin rejiminə keçsə də, İsveç öz vətəndaşları üçün hər hansı məhdudiyyət tətbiq etmir. Rəsmi məlumatlara görə, ölkədə 2800-dən çox insan bu virusa yoluxub, 70 nəfər isə dünyasını dəyişib. Hətta bu rəqəmlər belə, hökuməti karantin və bu kimi sərt tədbirlərə əl atmağa tələsdirmir.

"MediaPost" xəbər verir ki, İsveçin Baş naziri Stefan Lyoven vətəndaşlara telemüraciətində yeni koronavirusun yayılmağa davam etdiyini bildirib: "İnsanların həyatı və sağlamlığı, iş yerləri təhlükə altındadır. Bir çox insanlar hələ xəstələnəcəklər və bir çoxları yaxınları ilə vidalaşmaq məcburiyyətində qalacaqlar".

Baş nazirin bu həyəcanlı bəyanatına baxmayaraq, hökumət hələ ki, sərt tədbirlərə getmir.

İsveç karantin rejiminə keçməkdən niyə imtina edir?

TƏLƏB YOX, TÖVSİYƏ...

Yeri gəlmişkən, Almaniyada yoluxanların sayı təqribən 43 min nəfərdir. 250-dən çox insan bu virusa görə həyatını itirib. Almaniyadan fərqli olaraq, İsveçdə ictimai həyat öz axarındadır. Hökumət vətəndaşların hərəkət və təmaslarına sərt məhdudiyyətlər qoymur. Sadəcə, mümkün qədər evdə qalmağı, vacib olmayan səfərlərdən çəkinməyi və yaşlı insanlarla sosial əlaqələri məhdudlaşdırmağı tövsiyə edir.

Ölkədə bütün mağaza və restoranlar açıqdır. Avropa İttifaqı ölkələrinin vətəndaşları İsveçə maneəsiz girə bilirlər. Hökumət 500 nəfərə qədər olan tədbirlərə də icazə verir.

Uşaq bağçaları və məktəblər normal rejimdə işləyir. Yalnız lisey və universitetlərin tələbələri dərslərlə tədris müəssisəsindən kənarda məşğul olurlar. Xaricdən gələnlərin heç biri profilaktik karantinə göndərilmir. Hətta tibb bacıları və həkimlər belə.

Ailədə kimdəsə koronavirusun simptomları yaranarsa, evdə yalnız o qalmalıdır. Ailənin bütün digər üzvləri sərbəst hərəkəti davam etdirə bilərlər.

İsveç karantin rejiminə keçməkdən niyə imtina edir?

KOLLEKTİV İMMUNİTET?

Bütün dünyanın təşvişdə olduğu, pandemiyadan daha az zərərlə çıxmaq üçün bir-birinin ardınca sərt tədbirləri işə saldığı vaxtda İsveçin məsələyə bu cür yanaşmasının kökündə nə dayanır?

Ölkənin baş epidemioloqu Anders Teqnel hesab edir ki, kollektiv immunitet yaratmaq üçün isveçlilərin əksəriyyəti koronavirusa yoluxmalıdır.

Son vaxtlara qədər Böyük Britaniya da bu strategiyaya riayət edirdi. Bu yanaşmaya görə, yalnız "risk qrupları" təcrid olunmalıdır. Xüsusilə də yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər. Qalanları koronavirus infeksiyasından qorxmamalıdır.

Teqnel əmindir ki, bu yolla ölkə əhalisi bir növ, kollektiv immunitet qazanacaq və virus uzunmüddətli perspektivdə effektivliyini itirəcək.

İsveç karantin rejiminə keçməkdən niyə imtina edir?

Lakin COVID-19-a qarşı immunitetin qazanılması və bunun nə qədər davam edəcəyinə dair sübutlar yoxdur. Bu fonda Teqnelin açıqlamaları getdikcə daha çox tənqid olunur.

Martın 5-də "Aftonbladet" qəzetinə verdiyi müsahibədə Teqnel koronavirus epidemiyasının artıq pik həddə çatdığını iddia etmişdi. Həmin vaxt yoluxmuş insanların sayı cəmi 94 nəfər idi. Martın 18-də İsveç televiziyasına müsahibəsində isə demişdi ki, ailədə koronavirus xəstəsi varsa belə, qalan üzvlər təhlükəsiz şəkildə məktəbə gedə və işlərinə davam edə bilərlər.

Bu iddialar bir çox yerli sakinlərdə çaşqınlıq yaradıb. Məsələn, qonşu Danimarka həm sərhədlərini, həm də universitetləri, məktəbləri, uşaq bağçalarını və kitabxanalarını tamamilə bağlayıb. Bundan başqa, hökumət iki nəfərdən çox olan qrupların görüşlərinə qadağa tətbiq etməyi planlaşdırır.

İsveç karantin rejiminə keçməkdən niyə imtina edir?

Pasxa tətilləri ərəfəsində İsveçin dağ-xizək kurortlarına axın olur. Məlum pandemiyaya görə bu sahənin operatorları ölkə rəsmilərini insanların hərəkətinə nəzarəti gücləndirməyə çağırıb.

ƏHALİ NARAZIDIR

Sosial şəbəkələrdə bir çoxları İsveç hökumətinin koronavirusla mübarizə üçün kifayət qədər sərt tədbirlər görməməsindən şikayətlənir.

İsveç Sionist Federasiyasının rəhbəri Saskiya Pantel "Twitter" səhifəsində barlarda və restoranlarda istirahət edənlərin fotosunu paylaşaraq yazıb: "Koronavirus epidemiyası zamanı İsveçdə qalmaqdan qorxuram. Bu dəlilikdir!".

"The Local" xəbər platformasının redaktoru Ketrin Edvards İsveçi Almaniya nümunəsi ilə getməyə və sosial əlaqələri məhdudlaşdırmağa çağırıb.

TEST BÖHRANI

Koronavirusu müəyyən edən testə gəlincə, İsveç hökuməti bu məsələdə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə zidd hərəkət edir. Pandemiyanın ilk həftələrində yüksək riskli bölgədən qayıtdıqdan və ya yoluxmuş bir şəxslə əlaqə qurduqdan sonra özündə xəstəliyin simptomlarını hiss edən hər kəs koronavirus testindən keçə bilirdi.

İsveç karantin rejiminə keçməkdən niyə imtina edir?

Lakin indi İsveçdə yalnız risk qrupuna daxil olan insanlar yoxlanılır. Məsələn, ciddi tənəffüs problemləri olanlar.

Koronavirusla bağlı digər simptomları olan bütün digər xəstələr tamamilə sağalana qədər evdə qalmalıdırlar. Onlar testdən keçirilməyəcək.

İsveç İctimai Səhiyyə Agentliyinin sözçüsü Karin Teqmark Viesel bildirib ki, hökumət məsələ ilə bağlı strategiyasını dəyişməlidir: "Artıq test nəticələrini gözləməyə vaxtımız yoxdur. Koronavirus simptomları olan hər kəsə sosial əlaqələrini məhdudlaşdırmağı tövsiyə edirik".

Maraqlıdır ki, bəzi yerli sakinlər hökumətin qərarını gözləmədən özünütəcridə başlayıb. İtaliyadan gələn xəbərlər fonunda bir çox isveçli evdə qalmağa üstünlük verib. Hazırda Stokholm küçələri demək olar ki, boşdur və əksər teatr və kinoteatrlar öz təşəbbüsləri ilə fəaliyyətlərini dayandırıblar.

Tərcümə "MediaPost"a məxsusdur