Koronavirus dünyaya neçəyə başa gələcək?

  • 16 mart, 2020 11:55
Koronavirus dünyaya neçəyə başa gələcək?

Və "hesabı" kim ödəyəcək?

Yeni koronavirus dünya iqtisadiyyatını böhranın astanasına gətirib. Planetin tez bir zamanda "sağalacağına" ümidlər azalır, "müalicənin" hesabı isə əksinə, günbəgün artır. Virus artıq dünyaya 10 milyardlarla dollara başa gəlib və iqtisadçılar xəbərdarlıq edirlər ki, bu, yalnız başlanğıcdır.

"MediaPost" xəbər verir ki, Avropadan ABŞ-a uçuşlara qadağa qoyulana, maliyyə və əmtəə bazarları çökənə qədər ekspertlər dünyada sərvət artımının yavaşlamasını ehtiyatla proqnozlaşdırırdılarsa, indi əksəriyyət dünyanın yoxsullaşacağı fikri ilə razılaşır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yaxınlaşan iqtisadi böhran on il əvvəlki ilə müqayisədə daha dağıdıcı ola, dünya əhalisinin rifahına daha çox zərər vura bilər. Çünki bu dəfə problemlər daha geniş və dərindir.

MƏRKƏZİ BANKLAR XİLASKAR OLA BİLƏCƏK?

Koronavirus dünyaya neçəyə başa gələcək?

Ötən böhranda mərkəzi banklar işə qarışaraq pul çap etmişdilər. Hazırkı böhran isə bütün iqtisadiyyatı (istehsal, xidmət sektoru və s.) sarsıdıb. Bu səbəbdən də ekspertlər hər kəsin hərəkətə keçməsini tələb edən müdaxilələri zəruri sayırlar.

"Bu dəfə problem fərqlidir. Real iqtisadiyyat dayanıb. Və bunu mərkəzi banklar təkbaşına aradan qaldıra bilməz", - deyə dünyanın ən böyük investisiya fondu "BlackRock"un nümayəndəsi Rupert Harrison bildirib.

"Qlobal maliyyə sisteminin və avrozonanın böhranlarından sonra hazırlanan böhran əleyhinə vasitələr tamamilə fərqli təbiətli problemlərin öhdəsindən gəlmək üçün hazırlanıb. Bu dəfə hər şey fərqlidir" deyən iqtisadçılar bildirirlər ki, koronavirus Avropanın təkcə iqtisadiyyatına deyil, eyni zamanda birliyinə də təhdid yaradır: "Dünyanın bütün ölkələrinin hökumətləri həm böhranın səbəbini müəyyən etmək, həm də epidemiyanı dayandıraraq nəticələrini aradan qaldırmaq üçün yüz milyardlarla dollar xərcləmək məcburiyyətində qalacaqlar. Bu da öz növbəsində tez, qətiyyətli və xərc tələb edən fəaliyyət tələb edir. Hökumətlər qonşuları ilə əlaqəli şəkildə hərəkət etməlidirlər ki, bu da bir çox ölkədəki siyasətçilər üçün çətindir".

NƏ QƏDƏR XƏRCLƏMƏK LAZIM GƏLƏCƏK?

Koronavirus dünyaya neçəyə başa gələcək?

Artıq bəzi ölkələr böhrana qarşı mübarizə üçün vəsait ayıracaqlarını açıqlayıblar. İlkin məbləğlər 100 milyard dolları keçib. Məlum məsələdir ki, bu məbləğ kifayət etməyəcək.

Bir qrup iqtisadçı hesablayıb ki, Avropa İttifaqı ölkələri bir aylıq karantinin nəticələrini aradan qaldırmaq üçün il ərzində təxminən 350 milyard dollar xərcləməli olacaq. Bu pul nəyə gedəcək? Üç əsas şeyə - səhiyyəyə (epidemiyanın öhdəsindən gəlməyə kömək edəcək), insanlara (iqtisadiyyatda tələbata dəstək verəcək və sosial sabitliyi qoruyacaq) və biznesə (mal və xidmət təklifini canlandırmağa).

Dövlət dəstəyi həm karantin səbəbindən qazancını itirmiş insanlar üçün, həm də işçi qüvvəsi və istehlakçı itirmiş şirkətlər üçün lazımdır. Bu dəstək büdcə subsidiyaları, vergi "tətilləri" və pul kompensasiyası şəklində verilə bilər.

Hökumətlər böhran dövründə siyasətlərini zəiflətsələr, bir çox ölkələrin büdcəsində sosial xərclər artacaq.

Biznes artıq həyəcan təbili çalır və kömək üçün ilk hayqırışlardan aydın olur ki, söhbət, yalnız qazanc itkisindən getmir. Milyonlarla insan işini itirəcək, minlərlə şirkət iflasa uğrayacaq.

Hökumətlər çətin bir seçimlə üzləşirlər - dəstəyi indi biznesə versinlər, yoxsa sonra işsizlərə?! Nəzərə almaq lazımdır ki, bütün bunlar vergi daxilolmalarının azalması səbəbindən büdcədə daha az vəsaitin olduğu şəraitdə həyata keçirilməlidir.

TURİZM: 50 MİLYON İNSAN İŞSİZ QALA BİLƏR

Koronavirus dünyaya neçəyə başa gələcək?

Ön planda turizm və aviasiya dayanır. Ümumdünya Turizm və Səyahət Şurası xəbərdarlıq edir ki, pandemiya bu sektoru 50 milyon iş yerindən məhrum edə, turizm xidmətləri bazarının həcmini dörddə birə endirə bilər.

Təkcə İspaniyada fevral ayında otellərin dolma səviyyəsi ötən ilə nisbətən 20-30 faiz azalıb. Madrid otelləri hər dördüncü, Barselona otelləri isə hər beşinci qonağı itirib.

Aviaşirkətlər əvvəlcə Asiyaya, sonra ABŞ-a və Avropaya sərnişin daşınmasını kəskin şəkildə azaldıb. Onlar mülki aviasiya tarixindəki ən pis böhranı yaşadıqlarını deyirlər və uçuş qadağalarının hələ qüvvəyə minməməsinə baxmayaraq, hökumətlərdən milyardlarla dollar yardım istəyirlər.

Restoranlardan tutmuş, kinostudiyalara və taksilərə qədər bütün xidmət sektoru təhdid altındadır. Böyük idman oyunların yayımından və bilet satışından milyardlarla pul itirib. Öz növbəsində, neft və qaz şirkətləri də dotasiya üçün (tələb və neft qiymətlərinin düşməsi səbəbindən) sıraya düzülüblər.

"ORTAQ KASSADA" NƏ QƏDƏR PUL VAR?

Koronavirus dünyaya neçəyə başa gələcək?

Qarşılıqlı yardım "kassasında" az pul var. ABŞ-da büdcə yardımı paketi yalnız Konqresin aşağı palatasından keçib. Özü də məbləğ prezident Donald Trampın dediyi kimi, 50 milyard dollar deyil, 10 milyarddan bir qədər çoxdur.

Avropa İttifaqı təxminən 40 milyard avro ayıracağına söz verib. Koronavirusun zərərini o biri ölkələrdən daha çox görən İtaliya 25 milyard avro, İsveçrə və Cənubi Koreya - hər biri 10 milyard dollar, Misir - 6 milyard dollar ayıracaq.

Fransa, Avstraliya, Yeni Zelandiya və Yaponiya dövlət büdcəsi hesabına iqtisadiyyatı dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə söz veriblər. Çin vergi güzəştləri və güzəştli kreditlər vasitəsilə istehsalın stimullaşdırılması üçün genişmiqyaslı proqrama başlayıb.

Və bütün bunlarla yanaşı, bu ölkələrin heç biri hələ böhranın tam nəticələri ilə üzləşməyib.

BVF-də Barak Obama administrasiyasında, həmçinin "Pimco" investisiya fondunda və "Allianz" sığorta şirkətində yüksək vəzifələrdə çalışmış iqtisadçı Məhəmməd Əl-Erian əmindir ki, bu nəticələr çox ciddi olacaq: "Çox yaxın gələcəkdə dünya iqtisadi problemlərlə üzləşəcək. Və bu problemlər inkişaf etmiş ölkələrin əhalisinin nə vaxtsa yaşadığı problemlərdən daha ciddi və daha böyük olacaq".

Ekspert bu qənaətini iqtisadçılar, həkimlər və elm adamları ilə bir neçə həftəlik söhbətlərdən sonra bölüşüb: "Biz bir-birilə əlaqədə olan qlobal bir iqtisadiyyatda yaşayırıq. Lakin qəfildən sağlamlığın mühafizəsi bizdən ayrılıq və təcrid olmağımızı tələb etdi. Bu, iqtisadi artımı, rifah və maliyyə sabitliyini şərtləndirən hər şeyə ziddir".

NƏ QƏDƏR GERİ DÜŞÜRÜK?

Koronavirus dünyaya neçəyə başa gələcək?

Koronavirusdan əvvəl iqtisadçılar qlobal iqtisadiyyatın 2020-ci ildə təxminən üç faiz artacağını gözləyirdilər. İndi tənəzzüldən bəhs edirlər və yalnız onun müddəti ilə bağlı təxminlərində fikir ayrılığı yaşayırlar. Bu da pandemiyanın necə inkişaf edəcəyi ilə bağlıdır.

İlin yekunlarına görə, iqtisadiyyat böyüməsə, dünya təxminən 4 trilyon dollar itirə bilər. Bu, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın ümumi daxili məhsulundan çoxdur.

Üç aparıcı dünya iqtisadiyyatından (ABŞ, Avropa İttifaqı və Çin) ikisi hələ də gözləniləndən az olsa belə, artıma inanır. Avropa İttifaqı isə "kəmərləri sıxmağa" hazırlaşır.

Koronavirus dünyaya neçəyə başa gələcək?

Mart ayının əvvəlində Avropa rəsmiləri bildirmişdilər ki, yekunda təxminən 1 faizlik azalma gözləyirlər.

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı hələ böyümə yolundadır. Lakin orada da iqtisadçılar proqnozlara yenidən baxmağa başlayırlar. Çikaqo Universitetinin mart ayında keçirdiyi sorğuda onların avropalı həmkarlarına nisbətən daha bədbin olduqları ortaya çıxıb. Belə ki, koronavirus səbəbilə dünyada miqyaslı tənəzzül ehtimalını görənlər Avropada 62, ABŞ-da 82 faizdir.

Dünya üzrə iqtisadi fəallığın üçdə ikisi ABŞ, Çin və Avropa İttifaqının payına düşdüyündən Avropadakı tənəzzül və Çindəki əhəmiyyətli yavaşlama bütün qlobal iqtisadiyyatı yavaşlatmaq üçün kifayət edəcək. Bura neftin və metalın qiymətinin düşməsi təhlükəsini əlavə etsək, mənzərə heç də ürəkaçan olmayacaq...

Tərcümə "MediaPost"a məxsusdur