Koronavirus və biznes: kim uduzdu, kim uddu?

  • 17 may, 2020 12:10
Koronavirus və biznes: kim uduzdu, kim uddu?

Saniyədə 11 min dollar qazanan "Amazon", 16 milyon yeni abunəçi tapan "Netflix", iki dəfə varlanan "Zoom"

Koronavirus pandemiyası qlobal iqtisadiyyata böyük ziyan vursa da, bu mərhələdə "bazarı" çiçəklənənlər də olub. Virusla mübarizə üçün tətbiq olunan karantin rejimi, insanların zərurət olmadıqca evlərini tərk etməmələri bəzi şirkətlərin işinə əməlli-başlı yarayıb. Məsələn, onlayn ticarət bu böhranlı dövrdən ən yaxşı halda uduşlu, ən pis halda isə az zərərlə çıxan azsaylı sahələrdən sayılır. Lakin bu sahədə də hər şey arzuolunan səviyyədə deyil və pandemiya dövrünün nəzərdə tutulmayan xərcləri onların da işini çətinləşdirib.

"MediaPost" xəbər verir ki, onlayan ticarət nəhəngi olan "Amazon" ilk baxışda koronaböhrandan qazanclı çıxmış kimi görünsə də, rəqəmlər ortaya fərqli mənzərə çıxarır.

GƏLİRLƏR DƏ ARTIB, XƏRCLƏR DƏ

Koronavirus və biznes: kim uduzdu, kim uddu?

"Amazon" dünyanın ən varlı adamı olan Ceff Bezosa məxsusdur. Aprelin ortalarında - epidemiyanın ən qızğın vaxtında belə təəssürat yaranırdı ki, pandemiya şirkətin xeyrinə işləyir. Müştərilər "Amazon"un saytını kütləvi şəkildə ziyarət edir, saniyədə təxminən 11 min dollarlıq alış həyata keçirirdilər. "Amazon"un səhm qiymətləri də kəskin artmışdı.

Lakin iki həftə sonra şirkətin mühasibləri tamamilə fərqli mənzərə ilə üzləşdilər. İkinci rüb üçün məlumatlar təhlil edildikdə şirkətin son 5 ildə ilk dəfə pul itirəcəyi ortaya çıxdı.

Koronavirus və biznes: kim uduzdu, kim uddu?

Əslində, yanvardan martadək şirkətin gəlirləri kəskin artmışdı. Lakin əlavə 175 min adamın işə götürülməsi avtomatik olaraq xərcləri də kəskin artırdı. Bundan başqa, şirkət bəyan edir ki, COVID-19-a (nəhəng saxlama anbarlarının dezinfeksiya edilməsinə və əməkdaşlara virusdan qorunma məhsullarının alınmasına) 4 milyard dollar xərcləməyi planlaşdırır. Bu, "Amazon"un 2019-cu ilin ilk dörd ayındakı qazancından 2.5 milyard dollar çoxdur.

"Amazon" artıq illərdir ki, həmkarlar ittifaqları ilə işləməkdən imtina edir. Əməkdaşların problem və narahatlıqlarını birbaşa özü müzakirə etməyə üstünlük verir. Bu arada, koronavirusa qarşı mübarizə üçün 4 milyard dollar ayırmamışdan əvvəl şirkət işçilərinin təhlükəsizliyini təmin etmədiyinə görə tənqid olunurdu.

"NETFLİX" CAZİBƏSİ...

Koronavirus və biznes: kim uduzdu, kim uddu?

Karantin müddətində əsas məşğuliyyətlərdən biri də internetdə film və serialların izlənilməsidir. Bu tendensiya pandemiyadan əvvəl də müşahidə edilirdi, karantin şəraitində isə daha geniş vüsət aldı. Son iki ildə dünyada kinoteatra gedənlərin sayı 18 faiz, "Netflix" abunəçilərinin sayı isə 47 faiz artıb.

Hamının evdə oturmağa məcbur olduğu karantin günlərində "Netflix"ə müraciət edənlərin sayında növbəti artım müşahidə olunub. Məsələn, İtaliyada "Netflix" abunəçilərinin sayında 57 faiz, İspaniyada isə 34 faizlik artım olub.

Aprelin 22-də şirkətdən bildirmişdilər ki, yanvar-mart aylarında "Netflix"in təxminən 16 milyon yeni abunəçisi yaranıb. İnsanlar indi heç vaxt olmadığı qədər yaxşı şeylər izləmək və baş verənləri unutmaq istəyirlər.

KİNO SƏNAYESİNDƏ DURĞUNLUQ

Koronavirus və biznes: kim uduzdu, kim uddu?

Kino sənayesində isə vəziyyət ürəkaçan deyil. Karantin rejiminə görə yeni filmlərin və serialların çəkilişi faktiki olaraq dayandırılıb. Üstəlik, pandemiya səbəbilə bir çox ölkələrdə valyuta məzənnəsi aşağı düşüb və kino şirkətləri yeni abunəçilərdən daha az qazanc əldə edirlər.

"Disney" şirkəti pandemiya zamanı eyni anda həm itirib, həm qazanıb. Məsələn, virus səbəbilə əyləncə parklarını bağlamaq məcburiyyətində qaldığı üçün xeyli maddi itki yaşayıb. Şirkət rəhbəri Bob Çapekin sözlərinə görə, bu, onlara ən azı 1,4 milyard dollara başa gəlib.

Lakin eyni zamanda internetdə "Disney" filmlərinə tələbat kəskin artıb. Təkcə ötən ilin noyabrında açılan "Disney +" artıq 55 milyon abunəçiyə sahibdir. Bu rəqəmlərə çatmaq üçün "Netflix" yeddi ilini xərcləməli olmuşdu.

Koronavirus və biznes: kim uduzdu, kim uddu?

Elə təsəvvür yaranır ki, elektron ticarətin böyüməsi müştəriyə bağlamaları, yeməkləri və bu kimi mal və məhsulları çatdıranların da üzünü güldürüb. Lakin hər şey bu qədər sadə deyil. Amerikanın "Fedex" və UPS kimi şirkətləri (dünyanın ən böyük daşıma şirkətləri) ABŞ hökumətinə müraciət edərək yardım istəyiblər. Bildiriblər ki, karantin səbəbilə ciddi logistika çətinlikləri yaşadıqları üçün köməyə ehtiyac duyurlar.

Bir tərəfdən fərdi müştərilərinin sayı kəskin artıb. Lakin bu şirkətlərin biznesinin ən gəlirli tərəfi (bir müəssisədən digərinə çatdırılma) zərər görüb. Belə ki, bir çox müəssisə ya bağlanıb və ya iş həcmini məhdudlaşdırıb. İl başlayandan UPS-in mənfəəti 26 faiz azalıb.

RESTORAN, YOXSA MARKET?

Koronavirus və biznes: kim uduzdu, kim uddu?

Pandemiyanın qida çatdırılması ilə məşğul olan şirkətlərə təsiri müxtəlif olub. Bəzi ölkələrdə və şəhərlərdə restoranlara yemək hazırlamağa və evlərə çatdırmağa icazə verilir. Bəzilərində isə icazə verilmir.

Epidemiya zamanı supermarketlərdən ərzaq tədarükünə tələbat kəskin artıb. O da məlum olub ki, evdə oturan insanlar restoranlardan yemək sifariş etməyə tələsmirlər. "Reuters" xəbər verir ki, "Cust Eat" və "Uber Eats" kimi, Avropadakı restoranlardan çatdırılma həyata keçirən şirkətlər bir çox müştərilərini itiriblər. Bu, supermarketlərdən ərzaq tədarükünün nəzərəçarpacaq dərəcədə artması fonunda baş verib.

İDMAN SALONLARI DAD DÖYÜR

Koronavirus və biznes: kim uduzdu, kim uddu?

Hərəkətin məhdudlaşdırılması və izdihamlı yerlərin bağlanması idman salonlarına da ağır zərbə vurub. Məsələn, Hindistanın idman salonu zənciri olan "Cult.fit" may ayının əvvəlində 800 əməkdaşını işdən çıxardığını və ölkə daxilində bir çox idman salonlarını bağladığını elan edib. İşdən çıxarılmayanların maaşı isə yarıbayarı azaldılıb.

Lakin idman avadanlıqları satan şirkətlər bu işdən qazanclı çıxıb. Məsələn, Avstraliyada insanlar kütləvi şəkildə qantellər və yoqa xalıları alırlar. Bəziləri sağlamlığını qorumaq üçün ağıllı saatlardan istifadə edir, bəziləri internet vasitəsi ilə məşqçidən təlimatlar alır.

Karantin dövründə Kolumbiyadan Danimarkaya qədər bir çox ölkədə intim oyuncaq satışlarında nəzərəçarpacaq dərəcədə artım olub. Bazarı təhlil edən mütəxəssislərin fikrincə, bu, əvvəldən gəlirli sahə olub. Məsələn, təkcə 2019-cu ildə bütün dünya üzrə bu sənaye istehsalçı şirkətlərə 27 milyard dollar qazandırıb. COVID-19 pandemiyası isə bu məhsullara tələbatı daha da artırıb.

ONLAYN ÜNSİYYƏT

Koronavirus və biznes: kim uduzdu, kim uddu?

Pandemiyaya görə dünyada yüz milyonlarla insan evdən işləmək məcburiyyətində qalır. Nəticədə onlayn ünsiyyətə tələbat kəskin artır. Fərqli şəhərlərdə, hətta ölkələrdə insanlarla video vasitəsilə ünsiyyət qurmağa imkan verən "Zoom" bu durumdan çox yaxşı bəhrələnib. Aprel ayında 130 milyondan çox insan "Zoom" tətbiqini quraşdırıb ki, bu da pandemiyaöncəsi dövrlə müqayisədə 60 dəfə çoxdur. Yeni "Zoom" istifadəçilərinin 18 faizi Hindistanın, 14 faizi ABŞ-ın payına düşür.

Əksəriyyət "Zoom" tətbiqindən pulsuz istifadə edir. Şirkət əlavə xidmətlərdən pul qazanır. "Zoom" 2020-ci ilin ilk 3 ayında 122 milyon dollar qazanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

11 SENTYABRDAN DAHA BETƏR...

Koronavirus və biznes: kim uduzdu, kim uddu?

Sözsüz ki, böhran ilk növbədə "oflayn biznesə" təsir göstərib. Bu biznesdə kütləvilik və insanlarla sıx təmas zəruridir. Pandemiya dövründə isə bütün bunlar arzuolunmazdır. Aviaşirkətlər, turoperatorlar, otellər və s. görünməmiş mənzərə ilə üzləşiblər. Sərhədlər bağlanıb, təyyarələrə, qatarlara, hətta avtobuslara və taksilərə tələbat kəskin azalıb. ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, koronavirusun hava yolları şirkətlərinə vurduğu zərər 11 sentyabr hücumlarından daha pisdir. Məlum olub ki, səyahət edənlərin sayı yox səviyyəsində olsa da, əməkdaşlara maaş vermək, icarə, təmir, yanacaq və bu kimi, xərcləri qarşılamaq lazımdır. Bir məqam hamıya aydın olub - biznesinin həcmindən asılı olmayaraq, hər bir iş adamı, hər bir şirkət pandemiyanın təsirini hələ uzun müddət öz üzərində hiss edəcək.

Tərcümə "MediaPost"a məxsusdur