Koronavirusa görə qrantlar, kreditlər, ipoteka güzəştləri...

  • 18 mart, 2020 11:24
Koronavirusa görə qrantlar, kreditlər, ipoteka güzəştləri...

Pandemiyanın çökdürdüyü biznesə böyük pullar ayrılır

Koronavirusun çətin vəziyyətə saldığı sahələrdən biri də biznesdir. Dünya üzrə itkilərin və geriləmənin miqyası günbəgün böyüyür. Üstəlik, müşahidəçilər virusun yayılması fonunda milyonlarla insanın işsiz qalacağı, xeyli sayda şirkətin iflasla üzləşəcəyinə dair bədbin proqnozlar səsləndirirlər.

"MediaPost" xəbər verir ki, vəziyyətin tam nəzarətdən çıxmasına imkan verməmək, həmçinin yerli biznesin itkilərini qarşılamaq və inkişafına dəstək olmaq üçün bir çox dövlətlər hərəkətə keçiblər.

330 MİLYARDLIQ DƏSTƏK

Hərtərəfli dəstəyə hazırlaşan ölkələrdən biri Böyük Britaniyadır. Britaniya hökuməti bu məqsədlə 330 milyard funt sterlinq ayırmağa qərar verib.

Bu barədə ölkənin maliyyə naziri Rişi Sunak məlumat verib. Nazir ayrılan məbləği misli görünməmiş dövlət dəstəyi adlandırıb. Onun sözlərinə görə, 330 milyard krallıqdakı ÜDM-nin təxminən 15 faizini, Böyük Britaniya büdcəsinin isə üçdə bir hissəsindən çoxunu təşkil edir.

Koronavirusa görə qrantlar, kreditlər, ipoteka güzəştləri...

Sunakın sözlərinə görə, bu böyüklükdə yardım cəmi bir neçə həftə əvvəl ağılasığmaz görünürdü: "Lakin koronavirus həm ictimai səhiyyə, həm də iqtisadiyyat üçün fövqəladə bir haldır. Buna görə hökumət istər böyük, istərsə də kiçik biznesə dəstək verəcək".

Maliyyə naziri onu da bildirib ki, bu məbləğ çatmasa, hökumət, əlavə maliyyə yardımı da ayıracaq: "İcarə haqqını və digər xərcləri ödəmək üçün, həmçinin maaşları verməkçün pula ehtiyacı olan istənilən sahibkar yaxşı şərtlərlə kredit ala biləcək".

Hökumət xüsusən müxtəlif ölkələrdə karantin tətbiq edilməsindən və sərhədlərin bağlanmasından ən çox təsirlənən hava yolları şirkətlərinə və hava limanlarına dəstək verməyə hazırlaşır.

HƏR BİRİNƏ 25 MİN FUNTLUQ QRANT

Koronavirusdan "pub”lar, klublar və teatrlar daha çox təsirləniblər. Hökumət onlara bu çətin sınaqdan çıxa bilmələri və çökməmələri üçün 25 min funt sterlinqədək birdəfəlik qrantlar verəcək.

Kiçik biznesə ayrılacaq birdəfəlik qrantların məbləği isə 10 min funt sterlinq olacaq. Biznesin eyni zamanda bələdiyyə vergisini ödəməkdən müvəqqəti olaraq azad ediləcəyi də gözlənilir.

Koronavirusa görə qrantlar, kreditlər, ipoteka güzəştləri...

Koronavirus səbəbilə maddi sıxıntı yaşayan mənzil sahiblərinə (ipoteka ilə alanlar) gəlincə, Britaniya hökuməti onları da unutmayıb. Və 3 aylıq ipoteka kreditlərini ödəməməyə icazə verib.

BÜTÜN ZƏRƏRİ DÖVLƏT ÖDƏYƏCƏK

Pandemiyadan ən çox zərər görən ölkələrdən biri İtaliyadır. Bu ölkədə hökumət biznes sahəsinə 340 milyard avro dövlət vəsaiti ayıracağını vəd edib.

İspaniyada Baş nazir Pedro Sançes bəyan edib ki, rəhbərlik etdiyi hökumət biznesə dəstək üçün 200 milyard avro xərcləyəcək. Bu, ölkədə demokratiyanın qurulmasından bəri iqtisadiyyata edilən ən böyük dövlət sərmayəsidir.

Hökumət başçısı dövlətin bütün yükü üzərinə götürəcəyini bildirib.

Fransa hökuməti iqtisadiyyatı dəstəkləmək üçün 500 milyard avro ayıracaq. Bununla yanaşı, Paris rəhbərliyi tərəfindən daha 45 milyard avro ayrılacaq. Daha 2 milyard avronun isə xüsusi olaraq restoranlara və turizm sektoruna yönəldilməsi planlaşdırılır.

MERKEL 550 MİLYARD AYIRIR

Almaniya kansleri Angela Merkel hökumətin biznesi dəstəksiz qoymayacağını açıqlayıb. Onun sözlərinə görə, artıq dövlət kreditləri üçün 550 milyard avro ayrılıb.

Koronavirusa görə qrantlar, kreditlər, ipoteka güzəştləri...

ABŞ prezidenti Donald Trampın isə biznesi dəstəkləmək üçün ABŞ Konqresindən 850 milyard dollar istəyəcəyi gözlənilir.

Yaponiya da biznesi çarəsiz vəziyyətdə qalmağa qoymayacaq. Ölkənin bu sahəyə ayırmaq niyyətində olduğu yardım 193 milyard dollardır.

Bu arada, "Standard & Poor's" (S&P) reytinq agentliyi 2020-ci ildə qlobal iqtisadiyyatın tənəzzüldə olacağını proqnozlaşdırıb.

S&P 2020-ci ildə qlobal iqtisadiyyatın cəmi 1-1,5 faiz böyüyəcəyini bidirib. Təhlilçilər hesab edirlər ki, birinci və ikinci rüblərdə avrozonada ÜDM azalacaq, bundan sonra yavaş-yavaş bərpa prosesi başlayacaq.

S&P Çində ÜDM-nin ilin ikinci yarısında bərpa olunmağa başlayacağını və ilin yekunlarına görə 2.7-3.2 faiz artacağını proqnozlaşdırır. Avrozona iqtisadiyyatı 2020-ci ildə 0,5-1 faiz azalacaq. ABŞ iqtisadiyyatında isə 0,5 faizə qədər azalma ola bilər.

BƏRPA PROSESİ NƏ VAXT BAŞLAYACAQ?

"Goldman Sachs" və "Morgan Stanley" də ilin ilk yarısında ABŞ-da və avrozonada ÜDM azalmalarını gözləyir. İlin ikinci yarısında bərpa işləri başlayacaq.

Koronavirusa görə qrantlar, kreditlər, ipoteka güzəştləri...

"Morgan Stanley"in analitikləri hesab edirlər ki, qlobal iqtisadiyyat 0.9 faizə qədər yavaşlayacaq. "Goldman Sachs"a görə isə əksinə, 1.25 faiz böyüyəcək.

Son iki həftə ərzində koronavirusun yayılması genişlənib və pandemiyanın iqtisadi nəticələri pisləşib. Yanvar-fevral aylarında Çində sənaye istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz azalıb. Bu, əvvəl proqnozlaşdırıldığından dörd dəfə pis göstəricidir. Vəziyyət sabitləşib, lakin ciddi iqtisadi ziyan artıq öz sözünü deyib.

ABŞ və Avropada iqtisadiyyata təsir edən insanların hərəkətinə məhdudiyyətlər qoyulub. Məktəblər bağlanır, insanların kütləvi toplaşması halları məhdudlaşdırılır, idman və mədəniyyət tədbirləri təxirə salınır, əməkdaşların evdə işləməsi ilə əlaqədar ofislər bağlanır. Ən çox zərər görən sahələrdən biri turizmdir.

Maliyyə bazarlarında kotirovkalar sürətlə aşağı düşür. İnvestorlar koronavirusa görə vəziyyəti günbəgün pisləşən şirkətlərin səhmlərini satırlar. Bəzi göstəricilər 2008-ci ildəki qlobal böhran səviyyəsinə çatıb. Vəziyyət OPEC + hasilatı məhdudlaşdırma sazişinin pozulması nəticəsində ucuzlaşan neft qiymətləri fonunda daha da ağırlaşıb.

Koronavirusa görə qrantlar, kreditlər, ipoteka güzəştləri...

SON DURUM

Son məlumatlara görə, dünyada yeni koronavirusa yoluxanların ümumi sayı 179 min nəfəri ötüb. Ümumdünya Səhiyyə Təşkilatı son sutka ərzində COVD-19-dan 475 nəfərin öldüyünü, bununla da dünyada koronavirusdan ölənlərin sayının 7426 nəfərə çatdığını açıqlayıb.

Yeni koronavirusun episentri sayılan Çinin Hubey əyalətində son sutka ərzində bir yeni yoluxma faktı belə, qeydə alınmayıb. Bu barədə Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Hazırda bu əyalətdə 7795 xəstə var, onlardan 2580-nin vəziyyəti ağırdır.

Yaponiyanın infeksion xəstəliklər üzrə məşhur mütəxəssisi və epidemioloqu Sato Akixiro bildirib ki, kütləvi tədbirlərin təhlükəliliyi təkcə ora toplaşanların sayı ilə deyil, həm də məkanın açıq və ya qapalı olması ilə bağlıdır: "İzdihamda insanlar arasındakı məsafə və seçilən məkan daha çox önəmlidir, nəinki adamların sayı. Küçədə risk azalır. Yəni say məhdudiyyəti mənasızdır. Təsəvvür edin ki, minlərlə insan bir yerə toplaşıb. Lakin bu adamlar küçədədirlər, aralarında 1,5 metrdən 2 metrə qədər məsafə var və bir-birləri ilə danışmırlar. Bu, az adamın havalandırması olmayan bir məkanda, həmçinin bir-birlərindən 30 sm-dən 1 metrədək məsafədə toplaşmasından və aralarında danışmalarından daha təhlükəsizdir".

Koronavirusa görə qrantlar, kreditlər, ipoteka güzəştləri...

KÜTLƏVİ TOPLAŞMAQ QADAĞANDIR!

Moskva meri Sergey Sobyaninin sərəncamı ilə paytaxtda 50-dən çox insanın iştirak etdiyi kütləvi açıq tədbirlər və yığıncaqlar qadağan edilib. Eyni zamanda teatrlarda tamaşaları ləğv edilir, kinoteatrlar 50-dən çox tamaşaçını buraxmır. Rusiya Futbol İttifaqı Rusiya Premyer Liqası və aşağı divizion çempionatları da daxil olmaqla bütün futbol matçlarını və turnirləri təxirə salıb.

Moskvanın bütün məktəblərində martın 21-dən aprelin 12-dək məcburi karantin tətbiq edilib.

ABŞ prezidenti Donald Tramp isə bu həftənin əvvəlində koronavirus epidemiyasının öhdəsindən gəlməyə kömək edəcək yeni qaydaları açıqladı. Və insanlara evlərini iki həftə tərk etməmək, böyük izdihama yol verməmək, 10 nəfərdən çox qrupda toplaşmamaq və ətrafdakılardan demək olar ki, iki metr məsafədə olmağa çalışmaq tövsiyə olundu.

Tərcümə "MediaPost"a məxsusdur