Koronavirusun aktuallaşdırdığı videodərslər

  • 22 mart, 2020 12:56
Koronavirusun aktuallaşdırdığı videodərslər

Hər şərdə bir xeyir var. İllərin sınağından keçmiş bu misal, tam yerində deyilmiş, insanları ən pis vəziyyətdə də ruhlandıran, təhlükəli bəlada belə, kiçik də olsa, xeyir tapmaqda ümid mayakı kimi qalır. Son günlərdə dünyanı hörümçək toru kimi bürümüş koronavirus bəlası insanlarda təlaş, təşviş yaratdığı kimi, çıxış yolu tapmaq üçün kütləvi düşünməyə də vadar edir.

Virus bir çox sahədə iqtisadi, sosial təsirini göstərməkdə davam edir. Hətta psixoloji cəhətdən də insanların bir qismi sarsıntı içindədir. Lakin yerində addımlamaq olmaz. Elə ona görə də dövlət tərəfindən zəruri addımlar atılır, əsas da təhsil sahəsində durğunluğu aradan qaldırmaq üçün ciddi addımlar atılır ki, bunlardan da biri son günlərin ən aktual məsələlərindən biri də dərslərin onlayn qaydada keçirilməsidir. Sözügedən təhsil formasının yayılması ən optimal variantdır, amma praktik məsələlərdə yetərincə boşluqlar var.

Orta və yaşlı nəslin nümayəndələrindən ibarət müəllim heyəti demək olar ki, heç bu işə hazır deyildi. Belə ki, bir çox müəllim heç kompüterlə işləməyi belə bilmir, heç videodərsi demirəm. Çoxları isə min bir əziyyətlə işin öhdəsindən gəldi.

Videodərslərin işə düşməsi, müəllimlər və şagirdlər üçün nə verdi və ya nələri aldı?

Düşünürəm ki, "korona" nə qədər təhlükəli olsa da, ölkəmizdə təhsil sahəsində ciddi iz buraxacaq. Ənənəvi tədris üsullarının verdiyi imkanlardan kənara çıxmaq istəməyənlər artıq istər-istəməz yeniliklərlə ayaqlaşmağa məcbur qaldıqlarını gördülər və nəticədə müəllimlər özlərinin kompüter sahəsində bilik və bacarıqlarını, şagird və tələbələr isə elektron vəsaitlərdən düzgün istifadəsini öyrəndilər.

Distant təhsil formasını heç də hamı birmənalı qarşılamadı. Ölkənin nüfuzlu universitetlərindən birində təhsil alan dostlarımdan biri bu gün mənə distant təhsilə başladıqlarını söylədi, çox sevindim. Ardınca "yayıma qoşulan uşaqlar mahnı-zad qoşdular, müəllimlər əsəbiləşdi. Dekanlıq məsələyə qarışdı" deməsi məni çox məyus etdi. Deməli, iyirimi birinci əsrdə hələ də texnologiyanı oyuncaq kimi görənlər var.

"MediaPost"