Koronavirusun "qara günləri" hələ qabaqdadır

  • 10 fevral, 2020 12:52
Koronavirusun

Qorxulu tarix açıqlandı: 500 min adam xəstəliyə tutulacaq

Çin koronavirusundan ölənlərin sayı 800-ü keçib, virusa yoluxanların sayı isə 37 mindən çoxdur. Lakin alimlər yeni virusun pik həddə yayılma dövrünün hələ qarşıda olduğunu bildirirlər. Proqnozlara görə, bu, fevralın ikinci yarısına təsadüf edəcək.

"MediaPost" xəbər verir ki, bu proqnozla London Gigiyena və Tropik Xəstəliklərin Tədqiqat Məktəbi çıxış edib.

"Əldə olunan məlumatlara əsasən deyə bilərik ki, pik dövründə Uhan şəhərində əhalinin təqribən 5 faizi yeni koronavirusun yaratdığı xəstəliyə tutulacaq. Yəni təxminən 500 min insan xəstələnəcək. Ehtimal olunur ki, bundan sonra bu göstərici azalmağa başlayacaq", - deyə mütəxəssis Adam Kuxarski bildirib.

Fevralın 9-da Çin Dövlət Səhiyyə Komitəsi ölümcül koronavirusdan qorunmağa çalışan yerli sakinləri qoruyucu kostyumlara, eynəklərə və tibbi maskalara qənaət etməyə çağırıb: "Əks halda həkimlər, epidemiya ilə mübarizə aparanlar və xəstələrlə təmasda olanlar qoruyucu vasitələrlə təmin olunmaq baxımından problem yaşayacaq".

Koronavirusun qara günləri

HƏKİMLƏR NECƏ İŞLƏYİR?

Yeni koronavirusa tutulanların və xəstəlikdən ölənlərin sayı günbəgün artsa da, Çin xəstəxanaları və klinikalarında həkimlərin hansı şərtlər altında işlədiyi və virusa qarşı necə mübarizə apardığı haqda çox az məlumat verilir.

İlk vaxtlar Çin mətbuatı baş verənlər haqqında daha sərbəst və daha ətraflı yaza bilirdi. İndi isə hakimiyyətin bu məsələ ilə bağlı mövqeyini tənqid edən materiallar internetdən çıxarılır.

BBC Hubeyin ikinci böyük şəhəri olan Sanyanda yerləşən bir xəstəxananın tibb bacısı ilə danışa bilib. Soyadı Yao olan, adının açıqlamasını istəməyən tibb bacısı yeni koronavirusun diaqnozu üçün qan analizlərinin götürüldüyü xəstəxanada işlədiyini deyib.

Epidemiya başlamamışdan əvvəl Yao Çin Yeni ilini qohumları ilə keçirmək üçün Quançjou əyalətinə getməyi planlaşdırıbmış. Uşağını və anasını əvvəlcədən ora göndərib. Lakin epidemiya başlayanda Yao Sanyan xəstəxanalarının birində könüllü olmağa qərar verib.

"Bəli, yalnız bir həyatımız var, amma mən sanki aydın bir səs eşitdim: "sən qalmalısan", - deyə Yao xatırlayır.

Tibb bacısı deyir ki, əvvəlcə doğru qərar verib-vermədiyinə dair tərəddüdləri olub: "Öz-özümə dedim ki, hər şeyə hazır ol və ehtiyat tədbirləri gör. Qoruyucu paltar yoxdursa, yağış paltarını geyinəcəm. Qoruyucu maska yoxdursa, Çindəki bütün dostlarımdan xahiş edəcəm ki, mənə poçtla göndərsinlər. Həmişə bir çıxış yolu tapa bilərsiniz...".

Yao xəstəxanada yaxşı avadanlıqların olduğunu deyir: "Onların bir qismi hökumət tərəfindən göndərilib, qalanını isə özəl şirkətlər bağışlayıblar. Lakin xəstəxanada hələ də kifayət qədər qoruyucu geyimlər və maskalar yoxdur. Bütün tibb işçiləri lazımi səviyyədə qorunmur. İşimiz çətindir. Bu işi görmək çox üzücü və və mənəvi cəhətdən ağırdır. Lakin çox vaxt öz təhlükəsizliyimiz barədə düşünməyə zaman belə, olmur. Səbirli olmalıyıq, çünki bura gələnlərin əksəriyyəti çox qorxur. Bəziləri əsəb pozğunluğunun astanasındadır".

Koronavirusun qara günləri

"HEÇ KİM YEYƏ, İÇƏ, TUALETƏ GEDƏ BİLMƏZ"

Xanım Yaonun sözlərinə görə, xəstə axınına görə həkimlər gündə 10 saat işləməli olurlar: "İş vaxtı heç kim yeyə, içə, tualetə və ya bir az dincəlməyə gedə bilməz. Növbəmiz başa çatanda qoruyucu kostyumları soyunarkən görürük ki, bütün paltarlarımız tərə batıb. Üz, alın, burun və boyun nahiyəsində isə dərin izlər var. Çünki qoruyucu maskalar dəriyə çox yaxındır. Bəzən həmin hissələrdə kəsiklər də olur. Növbədən sonra bir çox həmkarım yorğunluqdan evə getmir, stulda oturaraq yuxulayır".

Hələ ki Yao və onun həkim həmkarları virusdan qoruna biliblər. Dediyinə görə, xəstəxanaya gələn məktublardakı isti sözlər və dəstək mesajları da onlara çox kömək edir: "Bəziləri xəstəxanaya hətta yemək və digər zəruri əşyalar da göndərirlər. Mənə elə gəlir ki, bu virus hamımızı ayağa qaldırdı. Baxmayaraq ki, insanlar evlərində karantində otururlar".

Tibb bacısı deyir ki, ümumiyyətlə, Çin hakimiyyəti epidemiyaya tez reaksiya verib və dünyanın heç bir ölkəsi bununla müqayisə edilə bilməz: "Qərbdə daha çox azadlıq və insan hüquqları haqqında danışırsınız, lakin biz Çində həyat və ölüm haqqında danışırıq. Səhərə sağ çıxıb-çıxmayacağımız sual altındadır. İnsanların yeganə çarəsi hakimiyyətə və tibb işçilərinə kömək etməkdir".

Koronavirusun qara günləri

QORUYUCU VASİTƏLƏRİN QİYMƏTİ 20 DƏFƏ ARTIB

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus son açıqlamasında epidemiyanın əsasən Hubey əyalətinə təsir etdiyini və son bir neçə gündə xəstələrin sayında müəyyən sabitləşmənin olduğunu bildirib. Bununla belə, qurum rəhbəri qeyd edib ki, epidemiyanın ən yüksək həddə çatdığını söyləmək hələ tezdir. Çünki bu cür epidemiyalar güclənməyə başlamadan əvvəl yavaşlayırlar.

ÜST rəhbəri yeni koronavirusa qarşı mübarizə üçün birdəfəlik maskalar və respiratorların qlobal tədarükünün kifayət etmədiyini deyib: "Dünya fərdi qoruyucu avadanlıq bazarında ciddi problemlərlə üzləşib. Tələb normadan 100 dəfə, qiymətlər isə 20 dəfə artıb”.

Gebreyesus fərdi qoruyucu vasitələrin tibb müəssisələrindən kənarda geniş və qeyri-düzgün istifadə edildiyini, bunun nəticəsində qlobal maska və respirator ehtiyatının 4-6 ay ərzində tükənəcəyini bildirib: "Qoruyucu vasitələr ilk növbədə xəstəliklə birbaşa təmasda olan həkimlərə və digər tibb işçilərinə verilməlidir".

Yeri gəlmişkən, bazar günü Çinin hökumət nümayəndələri Hubey əyalətində məktəblərin ən azı martın 1-dək açılmayacağını bəyan ediblər.

Koronavirusun qara günləri

KORONAVİRUS BİOLOJİ SİLAHDIR?

Çinin ABŞ-dakı səfiri Çuy Tyankay yeni koronavirusun bioloji silah olması barədə yayılan şayiələri cəfəngiyyat adlandırıb: "Müxtəlif fərziyyələr irəli sürülür. Məsələn, bəziləri virusun Çindəki və ya ABŞ-dakı bir hərbi laboratoriyadan yayıldığını iddia edirlər. Bütün bu cəfəngiyyatlara necə inanmaq olar?".

Səfirin sözlərinə görə, elm adamları yeni virusun haradan gəldiyini hələ tam müəyyən edə bilməyiblər: "İlkin məlumatlara görə, bəzi heyvanlardan yayılıb. Ancaq bu barədə daha çox məlumat toplamalıyıq".

Çinin Moskvadakı səfiri Çjan Xanxuey isə bildirib ki, koronavirusun yayılması ilə bağlı yaranan çaxnaşma Çinin inkişafına mane olmaq istəyənlərin işinə yarayır.

Bu arada, yeni koronavirus ölüm sayına görə 2003-cü ildə Çində yayılan SARS-ı (Şiddətli Kəskin Respirator Sindromu) geridə qoyub. SARS epidemiyası nəticəsində 20-dən çox ölkədə 774 nəfər həyatını itirmişdi.

Koronavirusun qara günləri


SON STATİSTİKA

Son məlumatlara görə, Çində yeni koronavirusa yoluxanların sayı 37 mini keçib, virusdan ölənlərin sayı 814-ə çatıb. Virusa yoluxanlardan 2100 nəfəri sağalaraq evə buraxılıb.

Çindən başqa Honkonq, Tayland, Tayvan, Makao, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Britaniya, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, İtaliya, İspaniya, Belçika, Şri-Lanka, Kamboca, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Finlandiyada da virusa yoluxanlar var.

Fevralın 9-da Ukrayna vətəndaşları arasında koronavirusa ilk yoluxma halı haqqında məlumat yayılıb. Hazırda xəstə Yokohama liman bölgəsində karantində olan "Diamond Princess" kruiz gəmisindədir. Rusiya da daxil olmaqla, 50 ölkədən 3,5 mindən çox insanın olduğu gəmidə onlarla sərnişin yenu koronavirusa yoluxub.

Tərcümə "MediaPost"a məxsusdur