Kosaya bahar məktubu - Gülnarə Rəfiq yazır

  • 17 mart, 2020 15:18
Kosaya bahar məktubu - Gülnarə Rəfiq yazır

Ay çərşənbə, sən mənimlə çərşənbələşsən də,

çərşənbələşməsən də, mən səninlə çərşənbələşəcəyəm.

Xalq deyimi

Ay, Kosa, Kosa! Gəlsənə... Gəlib çıxmaq bilmirsən. Onda məktub yazıb gətizdirəcəyəm.

Salam, ay Kosa. Nə var, nə yox? Düz bir il olar səs-sorağın gəlmir. Dedim, bir hal-əhval tutum. Görüm bu il gələcəksən, ya yox?

Kosaya məktub yazmaq ideyası oğlumdan gəldi. Bizim evdə illər uzunu, yəni uşaqlar yetkinlik yaşına çatınca Şaxta babaya məktub yazardıq. İstədiklərini sifariş verər və verdikləri vədin sayəsində hədiyyə qazandıqlarına inanardılar. Bəlkə də bu səbəbdən Şaxta babanı Kosadan çox istəyərdilər. Uşaqların ağzı dada gələndə hədiyyəni Kosadan da istəmək qərarına gəldilər: “Əgər il əslində martda dəyişirsə, deməli, bayramda səhər durub çarpayımın yanında hədiyyə görəcəyəm?” dedilər. Kosa, ürəyini sıxma, bu il hər şeyi koronavirusun boynuna atacam. Sərhədlər bağlıdır, özümüz karantindəyik, ziyarətlər qadağandır və s. bu tip bəhanələrlə uşaqları hədiyyə mövzusundan uzaqlaşdırmaq olacaq. “Kosanı dərmanlayaq, amma gəlsin” deyib dirəşsələr “Yazığın nimdaş paltarını xlora salsaq üzüləcək, çılpaq qalacaq” cavabını artıq silah kimi beynimdə hazır tutmuşam. Hər il uşaqları bayram gəzintisiylə aldadıb hədiyyə mövzusundan uzaqlaşdırmaq olurdu. Bu il el şənliyi də olmayacaq və Kosa ilə Keçəlin reytinqi lap aşağı enəcək. Demək, bayramlaşmağın yeni üsullarını tapmalıyıq. Məktub yazmaq ən salamatıdır. Virusa yoluxmamaqçün ev dustağı olmuş italyanları gördün də, hamısı eyvanlara çıxıb gitara çalıb mahnılar oxudu.

Kosaya bahar məktubu - Gülnarə Rəfiq yazır

Əvvəl özümüzdən yazım. Bayramqabağı şikayət eləyib zarımazlar. Gözümüzün qorasını sıxanda Həmişəbelə gəlib görər, “srok”umuzun üstünə bir il də qoyar. Özümə söz vermişəm, bax bu sətirləri oxuyanların canı, nə dinəcəm, nə danışacam. Mənfi şeylərdən heç yazmayacağam. Nə qədər yazarlar, “qaz yoxdur”, “su gəlmir”, “kimisə doğradılar, kəsdilər, asdılar”, hamısı bekara şeydir. Burada havalar hələ ki, soyuqdur, əyin-başını möhkəm elə. Çuxanın yırtıq-yamağını tikməyə bir il vaxtın yetmir sənə? Gələrsən, aparıb bazardan sənə təzə çuxa da alarıq, ayıbdır. Bayramda təzə geyərlər. Sənin kimi qəhrəmanı yalnız bizim kimi xalq yarada bilər, başqası heç vaxt! Hə, bir də ki, ayaqqabına fikir ver. Gəlişin yağışla bir yerə düşsə, palçıqdan elə tanınmaz günə düşəcəksən ki, hamı səni dərsdən qayıdan yorğun müəllimə bənzədəcək. Xurcunun boş qalacaq.

Bilirsən, dünya əslində, böyük olduğu qədər əlçatmaz deyil. Allaha şükür, oxuyuruq, baxırıq, bilirik. Başqa millətlərin adətlərini öyrənib sonra məişətimizə də qatırıq. Şaxta baba, Santa Klaus üçün o qədər “yaddır, bizə xas deyil, bizim öz milli personajlarımız, məsələn, Kosa var” dedilər, xeyir eləmədi. Millət hər il yeni il gecəsinə səni yox, onu çağırdı. Aranızı vurmuram, olanı deyirəm. Süfrəsinin başına yanağı qırmızı, yaxud içməkdən qızarmış qoca ağsaqqal babanı oturtdu. Başa düş, sən bizimkisən. Sən keçmişdən gəlmisən, əyin-başın Şaxta Babadakı kimi naftalin yox, keçmişin iyini verir.

Bilirəm, sən inciyənlərdən deyilsən, ona görə ürəknən yazıram. İnciyən olsaydın qadağan olunmuş illərdə başqa millətin qapısına çıxıb gedərdin. Mən bilmirəm bu bir il ərzində sən harada veyillənmisən, kimin qapısını pusmusan. Heç olmaya Laplandiyada ev-eşik sahibi olmuş Santa Klausdan gözün su içsin! Özü gəlməmişdən əvvəl onun buz sarayından elə görüntülər verirlər ki, adamın heyrətdən çənəsi düşür. Bu neçə il nədir, neçə əsrdə bir balaca koma da tikə bilmədin özünə? Vallah, ayıbdır. Mən indi dünya millətlərinin yanında necə dilimə gətirim ki, hər il çiçəklər tumurcuqlayanda, təbiət oyananda mənim milli qəhrəmanım, “bomj” Kosa Keçəli də yanına salıb sallana-sallana gələcək. Gəlməyinə gələcək, amma məqsədi qapı-qapı gəzib pay-puş dilənmək olacaq. Bizim Kosamız birindən yumurta, o birindən qoğal alıb, tuluğunu dolduracaq. Amma Santa Klaus Laplandiyadakı villasıyla fors eləyəndən sonra hamının gözü qabağında xizəkli arabasını hədiyyəylə doldurur. Deyəcəksən, ucuz reklamdı. Nə olar, barı sən də elə?! Heç olmaya vədə yetəndə xurcununu yırtığını yama, əyin başına əl gəzdir.

Kosaya bahar məktubu - Gülnarə Rəfiq yazır

Heç fikir vermisənmi, sənünçün bir dənə də təzə mahnı qoşan yoxdur? Amma Şaxta babaya hər il bir neçə təzə mahnı yazırlar. Odur ki, ağlını başına yığ. Özünə “respektabelnı vid” ver. Villaya gücün çatmasa, təzə “novostroykalardan” birində çoxotaqlı mənzil götür. Bir də ki, adam bir kəsin qapısını açanda əliboş gəlməz, ayıbdır. Onda səninlə hamı bölüşər, biz ürəyi yuxa millətik. Bax mən deyənləri eləsən, başın haqqı, oğlumun hər il Şaxta babaya yazdığı məktubunun üstünə sənin ünvanını qoyacam. Qoy bilsin ki, bizim milli obrazlarımız da bayramda nəsə gətirir. Başa salacam ki, a bala, hədiyyəni Kosadan istəyərlər. Axı o, bizimkidir, özümüzküdür...

Amma fikir verdinmi, bu boyda virus həngaməsindən sonra “Pul əl çirkidir, əllərinizi təmiz saxlayın” deyən olmadı heç. Biz də ki, uşaqlar kimi əllərimizi yumağı sevmirik, xüsusilə əlimizdə pul xışıldayandan sonra. Əslində, pul həqiqətən çox çirkli olur, min əldən keçir. Kim ki, sözün əsl mənasında çirkli pullarla, yəni banklarda işləyir onlar əldən ələ gəzən bu kağızlardan iyrənir də. Artıq nimdaşlaşmış əskinazlar pis qoxuyur. Pullar dövriyyədən çıxarılanda isə böyük bir problemə çevrilir. Məsələn, Almaniyada köhnə pullardan gübrə alan yeni texnologiya tapıblar. Qoy pullar bir qədər də insanları sevindirsin. Rusiyada isə köhnə pullardan damları örtən ruberoid növü hazırlayırlar. Mütəxəssislər deyir ki, onlar daha davamlıdır. Başıbəlalı Çində isə puldan ünsiyyət vasitəsi kimi istifadə edirlər. Orada öz yarını axtaran gənclər özü barədə məlumatı və axtardığı adamda görmək istədiyi keyfiyyətləri pulun üzərinə yazıb bazarlıq edərmiş. Belə orijinal evlilik təklifləri ölkəni başdan başa gəzər. Əgər pul vasitəsilə kimsə bir-birini tapıbsa, həmin ailələrdə bu əskinaz xüsusi çərçivəyə salınıb qorunar. Adamın inanmağı gəlmir, yəni qarışqa kimi qaynaşan Çin əhalisinin də adam tapa bilməmək kimi problemi varmış? Onlara Kosa və Keçəli ezam etmək lazımdı, bir qədər əhvallarını düzəltsinlər.

Bu il bayram xərci az olacaq yəqin ki, amma sevincimiz də fontan vurmayacaq. Mahiyyətcə çox mehriban olan Novruz bayramı paylaşmalar və bölüşmələr dövrünə çevrilsə, müasir zamanın insanı üçün daha səmərəli olar. Kiməsə qan lazımdırsa, kimsə başının sığallanmasını gözləyirsə, əvəzində şəkərbura və paxlava vermək məyusluq da gətirə bilər. Kasıblara, imkansızlara bayram payı göndərməklə tənha və əlacsız olmadıqlarını göstərmək imkanı qazanırıq. Paylaşmaq üçün heç Novruzu da gözləməzlər. Bir fermer vardı, hər il yetişdirdiyi qarğıdalı toxumunun keyfiyyətinə görə müsabiqələri udardı. Onun sirri ilə maraqlanın reportyor qəribə bir hadisə ilə rastlaşır. Fermer deyir ki, hər il toxumlarından aldığı cücərtilərin ən yaxşılarını qonşularına paylayır. Çünki sənin-mənim tanımayan külək qarğıdalıları tozlandırarkən pis tozcuqları fermerin ərazisinə gətirib yaxşılarla qonşunun sahəsini tozlandıra bilər. Qonşunun əkdiyi qarğıdalı sortu pis olsa, həmin fermerin aldığı məhsul əla keyfiyyətdə ola bilməzdi. Reportyor soruşur ki, bəs niyə onlar müsabiqədə yer tuta bilmir? Fermer deyir ki, bu artıq öz sahəsinə qulluqdan asılıdır. Həyatda da belədir. Uğurlu olmaq istəyənlər ətrafına paylaşmalıdır.

Kosaya bahar məktubu - Gülnarə Rəfiq yazır

Bizdə belə inam var ki, Novruz bayramında evdə olmasan 7 il sərgərdan gəzəcəksən. Odur ki, nə yolla olursa-olsun. bu il gəlməlisən. Maska, lap istəsən əleyhqaz geyin, əyninə polietilen şalvar çək, əllərini əlcəkdə gizlə, amma gəl. Gözü ocağımızda olan ruhları da məyus eləmə. Gəl, bar verməyən ağacları sözlə qorxut, bəd nəzərli adamların başını qat, ağırlığını ocağa tök, dua və ovsun günlərində ürəyini boşalt. Tədqiqatçılar deyir ki, qədimdə bayram günlərində ocağın çevrəsində oturanlar dəfi gündoğan tərəfdən günbatana dığırlayırdılar. Dəf dığırlandaqca Şərqdən Qərbə gələn Günəşin keçdiyi yolu təsvir edərdi. Mədəniyyət də Günəş yolu ilə gəlib çıxır. Amma bu dəfə Şərqdən gələn virus Qərbə təyyarə, maşın, yəni sivilizasiya yolu ilə gəldi. Odur ki, səni qucaqlayıb bağrıma basa bilmərəm. O üz-bu üzündən öpüb üzünə gülümsəmək işini bir illik təxirə salaq. Sosial şəbəkədə adama bir gülən smaylik bəsidir.

Yeni ilin ilk günündə qədim insanların ilk sözünü axar suya demək kimi adəti vardı. Bu məktubu baharın ilk günü oxuyandan sonra ucadan səsləndirmə. Məktubdan bir gəmi qayır, burax suya. Hara lazımdırsa, özü gedib çıxacaq...

"MediaPost"