"Qoxu hissinin qəfil itməsi koronavirus əlamətidir"

  • 24 mart, 2020 10:44

Britaniya alimləri: "Bu cür xəstələr Covid-19-un gizli daşıyıcısı ola bilər"

Yeni koronavirus yoluxmuş səthlərdə 9-28 gün yaşayır

Koronavirus geniş yayıldıqca həm insanlardan, həm də ayrı-ayrı səthlərdən yoluxma qorxusu artır. İndi bütün dünyada təxminən eyni mənzərə yaşanır - insanlar qapıları dirsəkləri ilə açır, liftdə düymələrə, ictimai nəqliyyatda isə dirəklərə toxunmurlar. Həmçinin hər səhər ciddi-cəhdlə iş masalarını silirlər. Küçələrdə, parklarda və ticarət mərkəzlərində dezinfeksiya işləri aparılır, xəstəxanalar, dükanlar və restoranlarda daha sərt təmizlik tədbirləri görülür.

BİR DƏFƏ ÖSKÜRƏNDƏ 3 MİN DAMCI YAYILIR

"MediaPost" xəbər verir ki, əksər tənəffüs xəstəlikləri kimi, Covid-19 da hava-damcı yolu ilə yayılan viruslardandır. Daha dəqiqi, bu virus öskürdükdə və ya asqırdıqda ifraz olunan kiçik damlalar şəklində yayılır. İnsan bir dəfə öskürəndə havaya təxminən 3 min damcının yayıldığı deyilir. Damcılar yaxınlıqdakı paltarlara və səthlərə düşür, müəyyən miqdarda damcı isə havada asılı qalır.

Qoxu hissinin qəfil itməsi koronavirus əlamətidir

ABŞ-ın yoluxucu xəstəliklər üzrə mütəxəssislərinin fikrincə, virusun üzə toxunaraq ötürülməsi infeksiyanın əsas yoluxma mexanizmi hesab edilə bilməz. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər tibbi təşkilatlar əllərin yuyulması və səthlərin gündəlik dezinfeksiyasının koronavirusun yayılmasına nəzarətdə vacib şərt olduğunu bəyan edirlər.

Xəstəliyin yoluxmuş səthlərdən keçmə dərəcəsi hələ dəqiq öyrənilməsə də, mütəxəssislər ehtiyatı əldən verməməyi məsləhət görür. Virusun insan bədənindən kənarda mövcudluğunun dəqiq müddəti də hələ məlum deyil.

Digər koronavirusların (o cümlədən SARS və MERS) tədqiqatları göstərir ki, dezinfeksiya olunmadığı təqdirdə, bu viruslar metal, şüşə və plastik səthlərdə 9 günə qədər canlı qala bilirlər. Belə ki, aşağı temperaturda bu müddət 28 gün də ola bilir.

O da məlumdur ki, koronaviruslar müxtəlif şəraitdə yaşamaq qabiliyyətinə malikdirlər. ABŞ Milli Sağlamlıq İnstitutunun virusoloqu Nitle van Dorelman və onun həmkarları Hamilton şəhərindəki Roki Mauntin laboratoriyasında yeni koronavirusun müxtəlif səthlərdə yaşaması mövzusunda araşdırma aparıblar.

DAMCILAR 3 SAAT HAVADA QALIR

Onların "New England Medicine Journal"da yayımladığı araşdırma bu virusun öskürəkdən üç saat sonra havada damlalar şəklində qaldığını göstərir.

Qoxu hissinin qəfil itməsi koronavirus əlamətidir

Lakin elə həmin araşdırmada deyilir ki, yeni koronavirus kartonda 24 saata, plastik və metal səthlərdə isə 2-3 günə qədər qalır. Yəni virus bu müddət ərzində qapı tutacaqlarında, masalarda və digər növ səthlərdə qala bilər. Eyni zamanda, alimlər mis səthdə virusun dörd saata öldüyünü aşkar ediblər.

Aktiv dezinfeksiya şəraitində virus daha sürətli ölür. Tədqiqatlar göstərir ki, virus 62-71 faizlik spirt və ya 0,5 faizlik hidrogen peroksidin təsiri altında bir dəqiqə ərzində ölür.

Yüksək temperatur və rütubət də koronavirusların sürətlə ölümünə səbəb olur. Məsələn, SARS virusu 56 dərəcədə (bu temperaturda olan suyanıq yarada bilər) ölür. 15 dəqiqə bu temperaturda qaldıqda virusun təxminən 10 min hissəciyi məhv olur.

Hələlik, yoluxmuş bir şəxsin bir damla sekresiyasında nə qədər virus hissəciyinin olduğu barədə məlumat verilməsə də, qriplə bağlı mövcud məlumatlar mikrodamlaların onminlərlə nüsxə qrip virusunu ehtiva edə biləcəyini göstərir. Lakin bu say virusun növünə, tənəffüs orqanlarında yerləşməsinə və xəstəliyin mərhələsinə görə dəyişə bilər.

TEMPERATUR VƏ RÜTUBƏTƏ GÖRƏ DƏYİŞİR

Virusun geyimdə və dezinfeksiyası çətin olan digər səthlərdə nə qədər qaldığı bəlli deyil.

"Ehtimal edirik ki, məsaməli bir materiala düşdükdən sonra virus sürətlə quruyur və liflərə yapışır", - deyə Roki Mauntin laboratoriyasında tədqiqat aparan qrupun rəhbəri Vinsent Myunster bildirib.

Temperatur və rütubətdəki dəyişikliklər də virusun yaşama müddətinə təsir göstərə bilər. Bu, virusun havada asılı qalmış damlalarda niyə daha az sabit olduğunu izah edir. Onlar bu təsirə daha həssasdırlar.

"İndi biz temperatur və rütubətin virusa təsirini daha ətraflı öyrənmək üçün təcrübələrə davam edirik", - Myunster bildirib.

Onun sözlərinə görə, virusun bu qədər uzun müddət səthlərdə yaşamaq qabiliyyəti yalnız əl gigiyenasının və səthlərin təmizliyinin vacibliyini vurğulayır.

Qoxu hissinin qəfil itməsi koronavirus əlamətidir

BRİTANİYA QAYDALARI SƏRTLƏŞDİRİR

Londonun İmperial Kollecində hazırlanan və hökuməti məlumatlandırmaq üçün istifadə olunan bir kompüter modelinə görə, profilaktik tədbirlər görülməsə, Britaniyada yarım milyon insan koronavirusdan ölə bilər.

Məhz bu məlumatlar hökuməti bir həftə əvvəl insanların hərəkətini məhdudlaşdıran (İkinci Dünya müharibəsindən bu yana ən sərt) tədbirlərə əl atmağa vadar etdi. İnsanlara "pablar", teatrlar, kinoteatrlar, klublara baş çəkməkdən imtina etmək və mümkünsə, evdən işləmək tapşırıldı.

Artıq bu tədbirlər iqtisadiyyat üçün ciddi nəticələrə səbəb olub. Bir çox iş yerlərinə təhdid yaranıb, məktəblər bağlanıb, imtahanlar ləğv edilib.

Ölkənin aparıcı epidemioloqlarından olan professor Neil Ferquson bildirib ki, hökumət kütləvi insan ölümünün qarşısını almaq istəyirsə, sərt qərarlar verməlidir.

İndi həkimlər ümid edir ki, insanları təcrid etmək üçün sərt tədbirlər görülsə, ölümlərin sayı 20 mindən çox olmayacaq. Bunu hökümətin baş elmi məsləhətçisi Patrik Vallans parlamentin səhiyyə komitəsinin iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, Britaniyada hər il təxminən 8 min insan adi qripdən ölür. Vallans hesab edir ki, 20 min ölüm hadisəsi "dəhşətlidir", lakin indiki şəraitdə yenə də ən yaxşı nəticədir.

QOXU VƏ DADBİLMƏ HİSSİ İTİR

Bu arada, Britaniyadakı elm adamları qoxu hissinin qəfil itməsinin koronavirusa yoluxma əlaməti ola biləcəyini deyiblər. Bu barədə Britaniyanın ENT tibb təşkilatının yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, bu simptomun xəstəliyin digər əlamətləri olmadan da üzə çıxması mümkündür. Yəni bu cür xəstələr Covid-19-un gizli daşıyıcısı ola bilər.

Qoxu hissinin qəfil itməsi koronavirus əlamətidir

Sənəd müəlliflərinə görə, bu simptomun Cənubi Koreya, Çin və İtaliyadakı koronavirus xəstələrində ortaya çıxdığına dair güclü sübutlar var.

Britaniya, ABŞ, Fransa və İtaliyanın şimalında da anosmiya (qoxu hissinin olmaması) hallarında qəfil artım müşahidə edilib.Bu barədə Britaniyada tibb professorları Klair Hopkins və Nirmal Kumarın birgə açıqlamasında deyilir: "Bu xəstələr Covid-19-un sürətlə yayılmasına kömək edən gizli daşıyıcılar ola bilər. Təəssüf ki, bu xəstələrin simptomları test və ya özünütəcridi zəruri edən meyarlara cavab vermir".

Həkimlər bu simptomu yüksək hərarət və ya quru öskürəkdən əziyyət çəkməyən koronavirus xəstələrini aşkarlayan vasitə hesab etməyi tövsiyə edirlər: "Çox güman ki, anosmiya əlaməti olan (digər simptomları olmayan) şəxs yeddi gün özünü təcrid etsə, özləri də bilmədən daşıyıcı olan xəstələrin sayını azalda bilərik".

Bir müddət əvvəl Britaniya səhiyyə nazirinin koronavirusa yoluxan 62 yaşlı müavini Nadine Dorris bu xəstəlikdən sonra qoxu və dad hissini itirdiyini bildirmişdi.

Alman virusoloqu professor Hendrik Strik də anosmiyanın koronavirusun əlaməti olduğunu bildirib. Onun sözlərinə görə, ona müraciət edənlərin üçdə ikisi bir neçə gün dad və qoxu itkisi yaşadıqlarını deyiblər.

Tərcümə "MediaPost"a məxsusdur