Reabilitasiya mərkəzlərində faktiki olaraq sağlamlığın bərpası aparılır - Hüquqşünas

  • 22 mart, 2020 12:58
Reabilitasiya mərkəzlərində faktiki olaraq sağlamlığın bərpası aparılır - Hüquqşünas

“Tibb müəssisələrində, xüsusi təyinatlı mərkəzlərdə bərpa və adaptasiya prosesi aparılır, yaralıların xarici ölkələrə bərpa məqsədi ilə ezamiyyəti təşkil edilir”.

Bunu "MediaPost"a hüquqşünas Vüqar Dadaşov Azərbaycanda ehtiyata buraxılan zabitlər üçün uyğunlaşma proqramları haqqında danışarkən deyib.

Onun sözlərinə görə, ehtiyatda olan hərbçilər üçün bir sıra proqramlar nəzərdə tutulub:

“Evsiz hərbçilər qulluq müddətinə uyğun növbələşmə prinsipi ilə mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilirlər. Reabilitasiya mərkəzlərində faktiki olaraq sağlamlığın bərpası aparılır”.

O bildirib ki, dünyanın bir çox ölkəsində də keçmiş hərbçinin yeni həyata adaptasiya məsələsinə ciddi önəm verilir:

“Qonşu Rusiyada hərbçinin adaptasiya məsələsi dövlət səviyyəsində həll olunur. Bir neçə təhsil ocağı – Moskva Dövlət Texniki Universiteti, Prezident yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının filiallarından biri hərbçilərə yeni peşə əldə imkan verən kurslar təşkil edir. Ehtiyatda olan zabitlər yarım ildə 500 saat dərs almaqla diploma yiyələnə bilirlər.

Reabilitasiya mərkəzlərində faktiki olaraq sağlamlığın bərpası aparılır - Hüquqşünas

ABŞ, Böyük Britaniya, Almaniya və Fransada ehtiyatda olan hərbçinin adaptasiya və yeni peşə əldə etməsinə yönəlmiş onlarla proqram var. Bu proqramların çoxu vaxtilə ekstremal şəraitdə qulluq etmiş insanların tezliklə yeni şəraitə uyğunlaşmasına imkan yaradır”.

Qeyd edək ki, “Hərbi qulluqçuların statusu haqqında” qanununda hərbçilərin sağlamlığının mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququnun olduğu qeyd olunur. Həmin qanunda hərbi qulluqçuların sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malik olmaları göstərilir. Hərbi qulluqçuların bu hüquqları xidmət dövründə tam maneəsiz və problemsiz təmin olunur. Hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilir.

"MediaPost"