Söhbət ondan gedəndə: mövzunu deşən kim, üstündən keçməyə çalışan kim...

  • 17 mart, 2020 17:28
Söhbət ondan gedəndə: mövzunu deşən kim, üstündən keçməyə çalışan kim...

"Sabah görüşəndə deyəcəyəm, 2 gün sonra özün görəcəksən və s." Əminəm ki, oxşar idiomlardan gündəlik həyatımızda hamımız tez-tez istifadə edirik.

Məsələn, hər gün yatmağa hazırlaşanda növbəti gün üçün planlar qurur, nələrisə xəyal edirik. Hətta, söhbət əsnasında illər sonra etmək istədiklərimizin necə olacağı barədə fikir yürüdürük. Onlarla belə nümunə göstərərək siyahını uzatmaq olar.

Dəfələrlə şahidi olmuşam ki, çox adam söhbət ölümdən düşəndə mövzunu dəyişir. Düşünürəm, burada bir neçə məqam var, amma ən əsası insanın nə qədər günahkar olmasını bilməyi, bir də sınaq dünyasının ləzzətindən doymamasıdır.

Məsələyə ümumiləşdirilmiş bir ad verilsə, düşünürəm ki, bu, "ümid" adlandırılmalıdır. Çünki elə birbaşa insan ümid etdiyi üçün ölüm haqqında düşünmək istəmir, axı vaxtı deyil. Bəlkə də elə bu fikirləri xəyal etdikdən bir neçə dəqiqə sonra artıq həyatda olmayacaq, amma yenə də ümidini itirmir.

Təbii ki, fikirlər müxtəlifdir, amma qızıl orta adlandırılan ifadə var ki, bu da bəzi polemika doğuran mövzularda ortaq nöqtəni təyin etməkdə qəbul olunmuş ümumbəşər vasitədir. Bu məsələnin qızıl ortası, zənnimcə, şərəfli, doğru, düzgün yaşamaqdır ki, heç vaxt nədənsə narahat qalmırsan, necə deyərlər, gözün arxada qalmır.

Bizi bu fani dünyada bir çox vərdiş "pis insana" çevirir ki, onlardan ən birincisi də artıq bəzi insanların həyatında adi "vərdişə" çevrilən yalan danışmaq xəstəliyidir. Ən xırda danışacağımız yalan da bizi digərlərinin inanmadığı, etibar etmədiyi və qərarsız bir insan kimi tanımasına yol açır. Siyahını hara kimi desən uzatmaq da olar, lakin onsuz da yaxşı bilirik.

Söhbət ondan gedəndə: mövzunu deşən kim, üstündən keçməyə çalışan kim...

Yalan danışmaq sindromu elə xırda məsələlərdən başlayır. Məsələn, biri ilə görüş təyin edirsiniz və görüşün vaxtını çox düşündükdən sonra saat 3-ə təyin edirsiniz. Görüş vaxtı yaxınlaşır və siz "hələ on dəqiqə var da" deyib arxayın hazırlaşmağa başlayırsınız, sonra da elə saat üçdə evdən çıxırsınız. Təbiidir ki, artıq beş dəqiqə də olsa, gecikəcəksiniz, nə də olmasa, hələ insanoğlu işıq sürətinə çatmır. Bu elə bir şeydir ki, hər şey ilk dəfə ilə başlayır. Məşhur videoçarxda deyildiyi kimi, bir dəfə lazımdır sənə...

Adəmin yarandığı ilk gündən onunla düşmənlik edən onun nəfsidir. İnsanoğlu yaranandan ta bu günə qədər bizi ən pis, zərərli vərdişlərə sürükləyən də elə nəfsimizdir. "Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur", "alkoqoldan hədsiz istifadə səhhətiniz üçün ziyandır" kimi xəbərdaredici kəlmələrə cavablarımız da hazırdır. Yəqin ki, "Qətl günü" televiziya filmindəki mərhum ustad aktyorumuz Yaşar Nurinin "bütün kənd bilir ki, biz dərdimizdən içirik" xatırlayırsınız. Və ya dərdimə yanan bir siqaretimdir. Bu kimi absurd sözlərlə biz sadəcə özümüzü aldadırıq, başqa heç nə.

Normal düşüncə qabiliyyəti olan insanlar tez-tez olmasa da, arada özləri ilə söhbət edirlər. Bax, elə o anlarda insan papağını qarşısına qoyan kimi anlayır ki, sözügedən dırnaqarası vərdişlər bizim ancaq boş vaxtımızı, tənbəllikdən, lazımsız işlərlə doldurmaq istəməyimizdən başqa bir şey deyil...

Yaşayırıq, öz aləmimizdə "kef çəkirik", sonra da ölüm vaxtı çatanda canımıza vəlvələ düşür. Bilirsinizmi niyə ?

Çünki Adəmin dərdiyi almanı ömrümüzün yarısına kimi dərməyə can atdıq, ömrümüzün yarısında dərdik, sonra da...

"MediaPost"