Sol zolaqla daimi hərəkət hansı hallarda və niyə qadağandır?

  • 6 fevral, 2020 14:54
Sol zolaqla daimi hərəkət hansı hallarda və niyə qadağandır?

Təəssüf ki, bir çox hallarda sürücülər bu qaydaları pozmağa məcbur olurlar. Xüsusilə də magistral yollarda belə olur. Çünki...

Magistral yollarda sürücülərin mütəmadi olaraq sol zolaqla hərəkət etməsi qanunla qadağandır. Sürücülər sağ zolaqla hərəkət etməli və sol zolağı ötmə üçün boş saxlamalıdırlar.

Qanun nə deyir?

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun “Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi” bəndində qeyd olunur ki, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.

Eyni zamanda üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir.

Niyə cərimə olunuruq?

Sol zolaqla daimi hərəkət hansı hallarda və niyə qadağandır?

Bəzən sürücülər yol polisi əməkdaşları tərəfindən nə üçün cərimə edildiklərini tam başa düşə bilmirlər. Bir çoxları soruşur ki, yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etməyə görə cərimə düşürmü? Ümumiyyətlə, nəqliyyat vasitəsini yolun hərəkət hissəsində düzgün yerləşdirməməyə görə cərimə nə ilə bağlıdır?

İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 327.1-ci maddə ilə 40 manat cərimə nəzərdə tutulur. Həmin maddədə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməməsi dedikdə həm də bu xəta nəzərdə tutulur. Bunu həm də 3 zolaqlı yolda 4-cü zolaq yaradanlara da aid etmək olar.

Yeri gəlmişkən, ötmə ilə bağlı bəzi sürücülər kobud səhvə yol verir. Əksər sürücülər ötməyə başladığı nəqliyyat vasitəsinə həddindən artıq yaxınlaşırlar və hətta bəzən 1-2 metr ara məsafəsindən ötməyə başlayırlar. Normal ara məsafəsi saxlayıb və ötməyə də ən azı 15 metr məsafədən başlamaq lazımdır. Qaydalar belə tələb edir. Lakin səhvən yaxın məsafədən ötməyə başlayanlar bilməlidirlər ki, həmin anda qarşıdakı nəqliyyat vasitəsi qəflətən əyləci basarsa, onun qarşısında hər hansı bir maneə olsa, ötməyə başlayan sürücü bunu görə bilməyəcək.

Sol zolaqla daimi hərəkət hansı hallarda və niyə qadağandır?

Sürücülər bu qaydalara bəzən niyə əməl edə bilmir?

Təəssüf ki, bir çox hallarda sürücülər bu qaydaları pozmağa məcbur olurlar. Xüsusilə də magistral yollarda belə olur. Çünki bir çox yollarımızda sağ zolaqla yük maşınlarınn intensiv hərəkəti olduğu üçün asfalt qatı dağılır və yolda nahamarlıq yaranır. Nəticədə həmin zolaqla minik avtomobillərini idarə etmək dikomfort yaradır. Eyni zamanda avtomobil üçün təhlükə mənbəyinə çevrilir. Məhz bunu nəzərə alaraq bir çox hallarda sürücülər bu qaydanı pozurlar. Hətta 40 manatlıq cərimə olunmağa razıdırlar ki, avtomobilə ona ikiqat artıq xərc çəkməsinlər, yaxud da həyatları təhlükəyə düşməsin.

Amma magistral yolun sağ hərəkət zolağında hərəkət mümkün olmadığı və yaxud çətin olduğu vaxtlarda sürücülərə sol zolaqda hərəkət etməyə icazə verilir.

Orxan Əli, xüsusi olaraq "MediaPost" üçün