Stepanın şəhəri, yoxsa xanın kəndi? - Münhendəki “Xankəndi” məsələsi

  • 21 mart, 2020 12:08
Stepanın şəhəri, yoxsa xanın kəndi? - Münhendəki “Xankəndi” məsələsi

“Şəhər və qəsəbələrin, kəndlərin adlarının dəyişdirilməsi bilavasitə işğal nəticəsində mümkün olur. Təəssüf ki, Azərbaycan tarixində belə hallar bir neçə dəfə olub”.

Bunu “MediaPost”a açıqlamasında “Çapar” tarix dərgisinin Baş redaktoru Dilqəm Əhməd deyib.

“Gəncə şəhərinin adı Çar Rusiyası dönəmində Yelizavetpol adlandırılırdı. Təsəvvür edin ki, şəhərin həqiqi adını, yəni “Gəncə” adını çəkənlər cəza ödəməli idilər. Cümhuriyyət hökuməti Gəncənin adını özünə qaytardı, amma təəssüf ki, bolşevik Rusiyası vaxtında şəhərə Azərbaycan millətinin qatillərindən Kirovun adı verildi. Eləcə də Münhen debatında dövlət başçısının haqlı olaraq xatırlatdığı Xankəndi şəhərinin adı. Bolşeviklər 50 min azərbaycanlının qatili Stepan Şaumyanın – bir erməni cinayətkarın adını Qarabağ xanının qurduğu əraziyə verdilər. Xankəndi adından da göründüyü kimi “Xana məxsus kənd”, “Xanın kəndi” anlamındadır. Azərbaycanın başqa bölgələrində də bu adda onlarla yaşayış yeri var”.

Dilqəm Əhməd bildirib ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra Qarabağ ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsi Xankədinin taleyində mənfi rol oynayıb:

Stepanın şəhəri, yoxsa xanın kəndi? - Münhendəki “Xankəndi” məsələsi

“1813-cü ildə Xankəndində erməni və rus ailəsi yaşamadığı halda, 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsi vardı. Həmin ildə Xankəndinə böyük rus alayı da yerləşdirildi. 1898-ci ildə Xankəndi çar höküməti tərəfindən hərbi qərargaha çevrildi. Nəticədə əgər 1823-cü ildə Xankəndində ermənilər ümumi əhalinin 8,4 %-ni təşkil edirdilərsə, 1832-ci ildə 34,8 %-ə qalxdı. Bu siyasət bilavasitə Çar Rusiyası tərəfindən aparılırdı, sanki gələcək münaqişələr üçün təməl hazırlanırdı. Cümhuriyyət dövründə ermənilərin Qarabağda başlatdıqları üsyanlar, qırğınlar Qarabağın hərbi valisi Xosrov bəy Sultanov tərəfindən yatırıldı, ermənilər rəsmi şəkildə Azərbaycanın idarəçiliyini tanıdılar. Təəssüf ki, bolşevik işğalından sonra Zəngəzur və Göyçəyə sahib olan ermənilər Qarabağla bağlı iddialarını yenidən gündəmə gətirdilər. 1921-1923-cü illərdə ermənilər planlı şəkildə Sovet Rusiyasından bu ərazilərin onlara verilməsi üçün bütün güclərini istifadə etdilər. Buna müəyyən qədər nail də oldular. Amma Azərbaycan rəsmilərinin böyük basqı altında qalmalarına rəğmən bu planın qarşısı alındı, mövcud şərtlər daxilində ən uyğun variant qəbul edildi. Belə ki, 1923-cü il iyulun 7-də Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Vilayətin də mərkəzi Xankəndi şəhəri oldu. Amma ermənilər Qarabağdakı türk faktorunu tammailə silmək üçün bolşeviklərin də xoşuna gələcək addımlara başladılar. İlk olaraq Qarabağ xanının əsasını qoyduğu Xankəndi şəhərinin adını dəyişdirərək keçmişini silməyə başladılar. 1923-cü il sentyabrın 18-də Xankəndinin adı Stepanakert olaraq dəyişdirildi. Xanın kəndi “Şaumyanın şəhəri” oldu. Ermənilər əmin idilər ki, öldürülmüş komissarın adı bolşeviklər tərəfindən qəbul ediləcək, onun xatirəsi “əbədiləşdiriləcək”. Təəssüf ki, 1991-ci ilədək bu qondarma ad davam etdi. Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra Xankəndi adı qaytarılsa da, bu gün işğal faktı nəticəsində Stepanakert adı da dünyaya bilinir. Şaumyanın kim olduğuna gəldikdə isə Leninin mandatını əlində daşıyan bu şəxsin Bakıdakı fəaliyyəti nəticəsində təkcə paytaxtda 1918-ci ildə 11 min insan qətlə yetirildi. 1918-ci il hadisələri faktiki soyqırımı idi. Ermənilər Azərbaycan torpaqlarında qurmaq istədikləri ikinci dövlətin paytaxtının adının bir qatilin adı ilə adlandırmaqdan zövq almaları təbiidir. İnanırıq ki, 1918-1920-ci illərdə olduğu kimi azərbaycan ordusunun qətiyyətli həmləsindən sonra bütün erməni yalanları kimi Stepanakert yalanı da birdəfəlik gömüləcək”.

Azadə Yolçu