Koronavirusa görə toyu ləğv olunan qız: "Yeganə təəssüfləndiyim şey..." - MÜSAHİBƏ

  • 23 mart, 2020 15:59
Koronavirusa görə toyu ləğv olunan qız:

Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 martdan ölkə ərazisində xüsusi rejim tətbiq etməsilə ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi 1 aylıq qadağan edilib. Beləliklə, ölkə ərazisində aylarla əvvəl təyin edilmiş bütün toy mərasimləri təxirə salınıb.

Toyu ləğv edilənlər sırasında olan gənc jurnalist Gülşən Şərif təssüratlarını “MediaPost”la bölüşüb.

- Nə qədər vaxtdır nişanlısınız?

- Bir neçə aydır ki, İmran Əli Qurbanla nişanlıyıq.

- Nə vaxt evlənməyə qərar verdiniz?

- Həmişə düşünürdüm ki, insan özünü evliliyə hazır hiss etdiyi vaxtda ailə qurmalıdır. Lakin məndə “evliliyə hazıram” düşüncəsi heç vaxt formalaşmamışdı. Zamanla evliliyə yanaşmam dəyişdi. Anladım ki, insan istədiyi obraza uyğun birini görəndə, ağlından “evlənəcəyim adam, bax budur” fikri keçir. Bizdə bu fikir ötən il yarandı.

- Toyunuz nə vaxta təyin olunmuşdu?

- Bu ilin aprel ayına təyin etmişdik. Toy üçün lazım olan bütün hazırlıqları yavaş-yavaş görürdük. Planımıza görə, martın sonları hər şey tam hazır olacaqdı. Apreldə isə xına mərasimi və toy olacaqdı. Sadəcə, məlum səbəbdən təxirə salmalı olduq.

- Xüsusi rejimlə əlaqədar toyların ləğv olunduğunu eşidəndə nə hisslər keçirdiniz, məyusluq oldumu?

Toyu ləğv olunan qız danışdı: Ən böyük dəstəyi qayınanamdan gördüm

- Əslində, koronavirus pandemiyası ilə bağlı xəbərləri ilk dəfə oxuyanda mövzuya qismən səthi yanaşmışdım. Düşünmüşdüm ki, ebola virusu kimi ölkəmizdən uzaq olacaq. Lakin koronavirusun bir çox ölkələrdə, xüsusən də qonşu ölkələrdə yayılması artıq narahatlıq yaratmışdı. Toy mərasimlərinin təxirə salınması ilə bağlı rəsmi qərar çıxmamışdan öncə elə özüm də pandemiya fonunda toy mərasimləri və kütləvi tədbirlərin keçirilməsinin nə dərəcədə doğru olub-olmaması ilə bağlı material hazırlamışdım. Toy mərasimlərinin ləğvində medianın rolu böyük oldu.

Xüsusi rejimin tətbiq olunması ilə bağlı xəbər çıxanda ad günündə idim. Xəbəri görəndə bilmədim, məyus olum, yoxsa pandemiyadan qorunmağımız üçün yaradılan şəraitə sevinim...Yəni konkret nə hiss etdiyimi deyə bilmərəm. Çünki can sağ olmayandan sonra toy etmək də alınmır. Yeganə təəssüfləndiyim şey yaşadığım toy öncəsi stres və həyəcanın boşuna olması idi.

- Bəs toylarla bağlı qadağaya ailə üzvləriniz necə reaksiya verdi?

- Hər şeydə bir xeyir varmış. Ən böyük dəstəyi gələcək qaynanamdan gördüm.

- Karantindən əvvəl özünüz toy tarixini təxirə salmaqla bağlı düşünmüşdünüzmü?

- Koronavirus pandemiyası ölkəmizdə aşkarlananda bir çox insanlar könüllü şəkildə toyu təxirə saldı. Ancaq biz bu barədə düşünməmişdik. Çünki toy və xına mərasimi üçün məkanlar və günlər artıq təyin olunmuşdu. Düşünməzdim ki, toy öncəsi belə adrenalin yaşaya bilərik.

- Toyu təxirə salarkən şadlıq evi ilə problem yaşadınızmı?

- Şadlıq evləri ilə bağlı heç bir problem yaşanmadı. Çünki behi geri almaq yox, gününü dəyişmək üçün razılaşmışıq. Sadəcə, bir aylıq karantin müddəti bitəndən sonra vəziyyətin necə olacağı hələ dəqiq bilinmir. Eləcə də xına mərasimi və gözəllik salonu ilə bağlı hər hansısa problem olmadı.

Toyu ləğv olunan qız danışdı: Ən böyük dəstəyi qayınanamdan gördüm

İlk dəfə toyun gününü 6 aprel tarixində təyin etmişdik. Xüsusi rejimin tətbiqindən sonra 23 aprelə keçirdik, lakin bu tarix də sual altındadır. Çünki xüsusi rejim uzadılsa, yenə təxirə salmalı olacağıq. Qarşıdan da orucluq ayı gəlir.

- Gəlinlik danışmışdınızmı?

- Elə gəlinlik seçmişdik ki, mağazaya bir neçə gün öncə gətirilmişdi və ilk geyinən olacaqdım. Hələ ki, koronavirusun nazını çəkirik, gəlinlik kənarda qalıb.

- Bəzi cütlüklər nikah mərasimini toya salır, bəziləri isə toydan bir neçə gün öncə nikaha düşür. Sizdə necə olacaqdı?

- Toyun içində nikah mərasiminin olmasının tərəfdarı deyiləm. İmran da həmçinin. Düşünürəm ki, onsuz da toyun keçirilməsi dəvət olunan bütün qonaqların şahidliyi deməkdir. Nikah mərasiminin cütlüklər və sırf şahidləri ilə birlikdə keçirilməsi daha maraqlı gəlir mənə. 5 apreldə nikah mərasimi olacaqdı. Xüsusi rejimin tətbiqindən sonra toy təxirə salınsa da, hələ ki, ASAN Xidmətin fəaliyyəti və nikahın təxirə salınması ilə bağlı rəsmi qərar yoxdur. Belə getsə, nikahlı, amma hələ toyu olmayan bir gəlin olacam.

- Bu məhdudiyyətlər psixoloji vəziyyətinizə necə təsir etdi?

- Toy adəti İmranla mənə görə formal görüntüdür. İki insan bir-birini sevirsə, istənilən çətinliyin öhdəsindən gec və ya tez gələ bilir. Karantinin psixoloji təsiri toyla bağlı bütün planlarımızın vaxtının bir az uzanması oldu. Kaş ki belə bir virus yayılmazdı. Təkcə toyu təxirə salınanlar deyil, ümumilikdə hər kəs psixoloji sarsıntı yaşadı və hazırda da yaşayır.

- Ölkədə fövqəladə vəziyyət elan olunması ehtimalı da var...

- Hazırda qəbul edilən bəzi qərarların yarımçıq addımlar olduğunu düşünürəm. Bir dəfəlik fövqəladə vəziyyət olunsaydı, çaşqınlıqlar bu dərəcədə artmazdı. Məsələn, biz bilmirik ki, 23 aprel üçün təyin etdiyimiz toy baş tutacaq, yoxsa xüsusi rejim hələ də uzadılacaq? Halbuki bizim kimi bir çox cütlüklərin toyu, nişanı təxirə salındı və onlar xüsusi rejim müddətinin bitəcəyi 14 aprel tarixini gözləyirlər. Aprelin sonunda orucluğun da daxil olacağını nəzərə alsaq, toyu tez etmək istəyən cütlüklər necə davranacaqlarını bilmirlər. Toyu yay aylarına salsınlar, yoxsa aprelin 24-nə kimi toy gününü təkrar təyin etsinlər.