Uşaq oturacaqları avtomobildə nə dərəcədə vacibdir?

  • 21 mart, 2020 13:29
Uşaq oturacaqları avtomobildə nə dərəcədə vacibdir?

Avtomobildə uşaqların xüsusi oturacaqda əyləşməsi məsələsi daim gündəmdə olub. Yol polisi sürücülərə tövsiyələrində bu məsələni xüsusilə diqqətə çatdırıb. Yəni bunun sürücü və sərnişinlərin təhlükəsizliyi üçün vacib amil olduğu bildirilib.

Qanunvericilik nə deyir?

“Yol Hərəkəti” haqqında qanunda qeyd edilir ki, 12 yaşadək uşaqlar qabaq oturacaqda xüsusi oturacaqda oturmalıdılar. Əgər bu tələb pozulursa, bu zaman avtomobil saxlanılır və sürücüyə inzibati qaydada protokol tərtib edilir. Sürücüyə 3 bal yazılır və o, 60 manat cərimə edilir.

Lakin arxa oturacaqda xüsusi oturacaqsız 12 yaşadək uşaq oturursa, burada inzibati məsuliyyət nəzərdə tutulmasa da, yolda hər an baş verəcək hadisənin ağırlığını nəzərə almaq lazımdır. Sürücünün hüquq və vəzifələrindən biri təhlükəsizliyi təmin etməkdir.

Uşaq oturacaqları avtomobildə nə dərəcədə vacibdir?

Elməddin Muradlı: "Hər bir valideyn məsuliyyətli olmalıdır"

Nəqliyyat eksperti Elməddin Muradlı "MediaPost"a açıqlamasında bildirib ki, avtomobil qəzalarında həyatını itirən hər 100 insandan 15-i uşaqdır: "Yaralanmalarda da bu rəqəm eynidir. Təsəvvür edin ki, Türkiyədə yol qəzalarında yaralanan, ya da həyatını itirənlərin 30 %-i 0-14 yaş arası uşaqlardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, qərbi Avropa ölkələrində yol qəzalarına məruz qalan hər 100 uşaqdan 3-ü həyatını itirir".

Elməddin Muradlı deyir ki, bəzi valideynlər uşaqları qucaqda aparmaqla problemi həll etdiklərini düşünürlər: "Kiçik bir hesablama aparaq. Qucaqda aparılan 5 kilo çəkisi olan körpə avtomobil saatda 40 km/sürətlə hərəkət edəndə 110 kq-a kimi ağırlaşa bilir. İndi qəza baş versə, necə olacaq? Bax bunu düşünərək hər bir valideyn məsuliyyətli olmalıdır. Uşaq oturacaqlarında isə hər yaşa və çəkiyə görə davamlılıq müəyyən edilir. Uşaq oturacaqlarını alanda da buna mütləq diqqət etmək lazımdır".

Uşaq oturacağı üçün ən uyğun yer haradır?

Uşaq oturacaqları avtomobildə nə dərəcədə vacibdir?

Adətən, sürücülər uşaq oturacağını ön tərəfində yerləşdirir. Amma bu nə qədər doğrudur?

Ekspertlər hesab edir ki, uşaq oturacağı üçün ən etibarlı yer arxa kresloda, yan hava yastıqlarından uzaqda olan hissədir. Hava yastığı şişəndə uşağın başının olduğu yerə bərabər gəlir ki, bu da ciddi zədəyə səbəb ola bilər. Odur ki, uşaq oturacağı üçün ən ideal yer arxa oturacağın ortasıdır.

Qısaca, avtomobilimizdə uşaqların təhlükəsiz səfər etmələri üçün uşaq avtooturacağı lazımdır.

Uşaq oturacağından istifadə qəza zamanı yaralanma riskini minmuma endirir, o cümlədən bəzi hallarda tamamilə qarşısını alır.

Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün