Virusun "vurduğu" ənənə - Novruz bayramı...

  • 23 mart, 2020 17:25
Virusun

Koronavirusun mənfi nəticələrini aradan qaldırmaq üçün uzun müddətdir ölkəmizdə qərarlar qəbul olunur.

Məktəblər, məclis evləri, iri ticarət obyektləri fəaliyyətini müvəqqəti dayandırıb, kafe və restoranlar müəyyən vaxta qədər işləyir.

Bütün bu proseslərin Novruza təsadüf etməsi insanların bayramı istədikləri kimi keçirməsində müəyyən çətinliklər yaradıb. Bayram günlərində insanlar arasında gediş-gəliş artır, qohum-əqrəbalar bri-birinə bayram təbrikinə gedir. Lakin demək olar ki, bütün dünyada karantin vəziyyəti elan olunub və insanlar arasında ünsiyyət minimuma enib.

Mövzu ilə əlaqədar "MediaPost"a açıqlama verən sosioloq Sahib Altay bildirib ki, əgər insanın davamlı məskunlaşdığı, nəslini davam etdirdiyi və öz varlığını sürdürdüyü bir planetdə pandemiya elan olunubsa, burada ilkin şərt insanın sağlamlığını qorumaqdır:

"Karantin nədir? Müxtəlif fövqəladə vəziyyətlərdə və ya yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə bir xəstəliyin daşıyıcısı olan müəyyən edilmiş insanların və heyvanların təyin olunmuş qapalı mühitdə saxlanılmasına karantin vəziyyəti deyilir. Hazırda koronavirusla bağlı aparılan tədbirlərən ağır şərtlərdə təşkil olunan karantin vəziyyətinin qaydalarına əsasən aparılır. Vəziyyət xeyli ciddidir. Ən pis tərəfi isə karantindən əlavə xəstəliyin kütləvi yoluxduğu ölkələrdə fövqəladə vəziyyət elan olunmasıdır. Sosial münasibətlər insanlığın bir parçasıdır. İnsanı insan edən dəyərlərdən biridir. Müxtəlif adətlər, bayramlar isə sosial münasibətləri genişləndirən və möhkəmləndirən mədəni elementlərdir. Ancaq bütün bunların mövcud olması üçün başlıca amil insanın mövcud olmasıdır. İnsan yoxdursa, sosial birlik, sosial münasibətlər, ənənələr, bayramlar və mədəniyyət də yoxdur. Elan olunmuş pandemiyanın nə qədər sürəcəyini heç kim bilmir. Ancaq bu vəziyyətin hökm sürdüyü müddətdə hər kəs həm öz, həm də başqalarının sağlamlığı üçün qaydalara əməl etmək məcburiyyətindədir".

novruz bayramı ile ilgili görsel sonucu

Sosioloq mövcud vəziyyətdə nə kimi alternativlərin ola biləcəyi ilə bağlı təkliflərini verib:

"Toy mərasimlərini ənənəyə uyğun, kütləvi insan müşayiətilə keçirmək istəyənlər mərasimi təxirə salmalı və pandemiyanın bitməsini gözləməlidirlər. Yox, əgər evlənmək mütləqdirsə, nikah edib, evlənə və toyu sonra da edə bilərlər. Təbii ki, buna da ənənə icazə vermir. Amma insan hər vəziyyətə uyğunlaşır, məcburiyyətə uyğunlaşmaq olar. Yas mərasimləri təxirəsalınmaz mərasimlərdir, dəfn mərasimini icra edib, mərasimi sonlandırmaq məcburidir. Bayramları isə hər kəs öz evində necəsə qeyd edə bilər. Qeyd edə bilməyənlər də öz sağlamlıqlarının hər şeydən üstün olduğunu qəbul etməli və qaydalara əməl etməlidirlər. Əvvəllər hər kəs böyükləri, sevdikləri ilə bayramlaşmağa gedirdi. İndi bizdən asılı olmayan səbəblərə görə, elə həmin sevdiklərimizin və öz sağlamlığımızın xatirinə evdə qalmalıyıq. Təbrikləşmək üçün "Whatsapp", "Messenger" kimi paltformalar var. Hər kəs istədiyi insanla görüntülü əlaqə saxlaya bilər. Məktəblərin bağlanması, evlərdə səs-küyə, narahatlığa səbəb olub. Ancaq bu, öncəki məsələlərdən daha vacibdir. Əsasən də məktəblilər üçün. Təxirə düşmüş dərslər hər nə qədər sonradan bərpa olunsa da, yenə də şagirdlər üçün o dərsləri mənimsəmək çətin olacaq. Bunun üçün də valideynlərin indiki asudə vaxtda övladlarıyla məşğul olması, bilmədikləri məqamlarda müəllimlərlə "online" əlaqə saxlayıb, o dərsləri övladlarına qismən izah etmələri məsləhətdir. Ümumilikdə, ev şəraitində sosial aktivliyi artırmaq üçün kitab oxumaq, film izləmək, əsasən də, məlumatlanmaq üçün sənədli filmlərə müraciət etmək daha uyğun vasitədir. Azyaşlı məktəb şagirdləri üçün valideynlər öz aralarında razılaşıb, "online" intellektual yarışmalar da keçirə bilərlər. Hər şey insanın sosial aktivliyindən asılıdır..."