Xoşbəxt olmaq istəsən - Gülnarə Rəfiq yazır

  • 19 mart, 2020 15:40
Xoşbəxt olmaq istəsən - Gülnarə Rəfiq yazır

Yaz günəşi torpağın içindəki toxumları qızdırıb çırtlamaq üçün qıdıqladıqca adamın ürəyində toxum salmış bütün arzuları cücərməyə başlayır. Şəhər kənarında yaşayanlar bunu daha yaxşı bilər, axşamüstü bağlara aparan yollarda maşın çoxluğundan tıxaclar olur. Qabaqlar bu mənzərə istirahət günlərində olardı. İndi əhali şəhər kənarında yaşamağa üstünlük verir. Şəhərdəki mənzilini kilidləyib, bağda şəraitini düzəldib burada yaşayanlar nəzərə çarpacaq dərəcədə çoxalıb. Şəhərdən qaçmaq istəyi o qədər böyükdür ki, yollardakı tıxaclar da kimsəni günün sonunu təbiətin qoynunda keçirməkdən çəkindirmir. Dəlisov şəhər həyatını yaşayanlarçün bu, sonuncu məqbul, xilasedici addım kimi görünür. Şəhərin 90 faizi “reallıqdan qaçmaq” arzusuyla yaşayır.

Hər kəs içində dilinə gətirə bilməyəcək bir arzu daşıyır: “Hər şeyi bir anın içində atıb, başını götürüb harasa getmək”. Bu mənzərə içində mənzilini kirayə verib işini atmağı özünə icazə verə bilənlər çox uğurlu adamlar kimi görünür. Axı bağa köçüb hər gün dənizin səsiylə yatıb-durmaq, qızılı qumda ayaqyalın gəzmək, payızın ləzzətini, eləcə də qışın sərtliyini, sonra baharın nəfəsini duymaq, təbiətin ritmiylə və ən vacibi öz ritminlə, öz istəklərinlə yaşamaq olar. Bu, tıxaclarda və qırıq asfalt cəngəlliyində boğulan insanlar üçün nağıla bənzəyir.

Xoşbəxt olmaq istəsən - Gülnarə Rəfiq yazır

Niyə də olmasın? Nə olsun ki, təqaüdə hələ çox var. Özü də təqaüdün məbləğini nəzərə alsaq ona arxayınlaşmaq olmur. Günlərin bir günü işini, peşəni bütün uğurlarınla birgə atıb sükuta qovuşmaq istəsən sənə dəli deyənlər həsəd aparanlardan da çox olacaq. Axı hamı ən əvvəl uğur qazanmağı arzular. Kimliyini cəmiyyətə sübut eləməlisən, maddi nemətlər toplamalısan, sevilən, arzulanan və lazımlı olmalısan. Ona görə də ilkin arzun - xoşbəxt olmaq arzusu gözləməli olur. Bəyəm taxta döşəmənin arasından qarışqalar çıxan külafirəngidə kitab oxumaq, axşam sərin düşən kimi balaca bostanında bitən tərəvəzləri sulamaq və öz həyətindən olan məhsullardan bişirdiyin yeməyi əzizlərində birlikdə yemək çoxmu əlçatmaz arzudur?

Əlbəttə, arabir harasa getməli, kiminləsə görüşməli, hansısa işini yerinə qoymalı, nəsə bir şeylər qazanmalısan. Amma bu, dəlisov şəhər həyatıyla müqayisədə cansıxıcı görünmür. Həyat tərzini kökündən dəyişən adamların sayı il-ildən çoxalır. Ola bilər işini atıb şəhər kənarına köçməyi hələ ki, bacarmayanlar bu addımı qəfil ata bilmir. Amma şeir yazan həkimlər, foto ilə maraqlanan mühasiblər, rəsm çəkən müəllimlər və internet resurslarından yararlanmaqla pul qazanan frilanserlərin sayı çox artıb.

Məktəbdə, institutda oxuyanda heç kim bizə deməmişdi ki, bu marafonun hansısa vacib məqamında yorula bilərik. Həyatdan da, uğurdan da, maddi nemətlərdən də yorulmaq olarmış. Hər şey uşaq bağçasından başlayır. Səhər tezdən durmalı, iyrənc manna sıyığını yeməli, günorta yatmalı və mütləq sakit oturmalısan. Bu məsələdə “bəxti gətirənlər”in üstəlik, rəsm, ingilis dili, rəqs məşğələləri də olurdu. Məktəbdə də eləcə, səhər tezdən dur, dərsdə dinc otur, evə gəl dərs elə, imtahan ver. Sonra yenə də imtahan ver ali məktəbə daxil ol, leksiyalar, imtahanlar, iş. Sonra yenə də tezdən durmaqlar, iclaslar, hesabatlar, yoxlamalar və s.

Xoşbəxt olmaq istəsən - Gülnarə Rəfiq yazır

Sən əgər xəstələnməyən, icazə almayan, gecikməyən işçi olsan, müdirin səni qiymətli sayacaq, amma bu sənə bir qram da xoşbəxtlik gətirməyəcək. Sən hələ də “süpürgəçi” olmaq qorxusuyla yaşayırsan. Ağlımız kəsən gündən bizə deyirdilər ki, oxumasan süpürgəçi, ya da daş daşıyan olacağıq. Amma indi, diplomun başının altında, işin, peşən, ev-eşiyin və ailən yerli-yerində olanda bu uğurdan qaçmaqdan başqa arzun yoxdu ürəyində. Paltar şkafı ağzınacan doludur, amma “geyməyə heç nəyim yoxdu” deyirsən. Soyuducuda yeməklər qalıb korlanır, amma bazarlığa mütəmadi gedirsən. Yaşayırsan, amma sənə elə gəlir ki, kimsə səni yaxşıca aldadıb. Uğurlu ailələrdə doğulub böyümüş uşaqların işi lap çətindir. Artıq 20 yaşında həyatdan yorulma sindromu yaşayırlar.

Ola bilər kimsə xəstəxana çarpayısında, kimsə həyatının ən böyük stresini yaşayıb həyatına bir daha baxmaq imkanı qazandı. Axı hamı bilir ki, harasa gedəsi olsan bir çanta əşya kifayətdir. Ondan artığı israfçılıqdı. Əgər düşünsən ki, bu gün həyatının axırıncı günüdür, həmin o çanta da artıq görünər. Hər dəqiqəni yaşamaq istedadı hər kəsdə olmur. Bunu bizə öyrətməyiblər. Dünya təbiətə qayıdış məqamını yaşayır. Çadırda gecələyənlərin, dağa dırmaşıb ordan dünyaya baxmaq istəyənlərin, paraşütlə tullananların, okean dərinliyinə baş vuranların sayı görünəcək dərəcədə artmaqdadır.

Bəzən uşaqlıq fobiyaları, məsələn süpürgəçi, ya fəhlə olmaq sutkanı kompüter arxasında keçirən redaktor vəzifəsindən daha cəzbedici görünməyə başlayır. Axı fəhlənin “sabah nədən yazacağam axı?!” adında narahatlığı yoxdur. Səninsə evdə hələ dərslərini eləməmiş, inşasını “5”ə yazmamış uşağın var, üstəlik, sabah ağappaq köynək də getməlisən, ayıbdır axı…

Kimsə kresloda oturmaq və əmr vermək üçün doğulub. Yerə düşən xəzəli də kimsə süpürməlidir. Amma bunların heç biri həyatın tamını hiss etməyə mane olmamalıdır. Uğur qazanıb bundan ləzzət alanlar və həyatdan yorulub qırağa çəkilmək istəyənlər - onlar heç vaxt bir-birini anlamayacaq. Çünki onlar hamısı həyatını kökündən dəyişməyi arzular. Sadəcə, xoşbəxt olmaq üçün...