Aprel döyüşlərində əsgərlərə kömək edən hərbi həkim-Vəfatından 1 il ötür FOTOLAR
24.11.2022 20:50 Gündəm

Aprel döyüşlərində əsgərlərə kömək edən hərbi həkim-Vəfatından 1 il ötür FOTOLAR

MediaPost xəbər verir ki, bu gün Dr. Azər Əkbərovun vəfatından bir il keçir.

Dr. Azər Əkbərovsuz keçən 1 il..

Hərbi həkim, uzman neyrocərrah Dr. Azər Əkbərovu vəfatının birinci ildönümündə dərin minnətdarlıq və sevgi ilə anırıq...

Tam 1 il əvvəl səhəri bu mesajla açdım: “Azər həkimi itirdik...”

Dr. Azər Əkbərovsuz açılan ilk səhər tək ailəsini, doğmalarını deyil, onu tanıyan hər kəsi yasa boğdu. Azərbaycan üçün ağır itki idi. Neyrocərrahiyyə üzrə o səviyyədə yüksək mütəxəssis asanlıqla yetişmir. A.Əkbərov uzmanlıq təhsilini aldığı Gülhanə Hərbi Tibb Akademiyasında da ad-san qazanmış bir cərrah idi. Onun həkim həmkarları arasında da böyük hörməti vardı. Dr. Anar Rəhimov Azər həkimdən bəhs edərkən onun çox savadlı və bacarıqlı neyro cərrah olduğunu qeyd etdi: “ O, ağır və riskli beyin əməliyyatlarını uğurla icra edən mütəxəssis idi. Mən 2008-ci ildə “Gülhanəyə” gedənə qədər Azər Əkbərov qədər mənəvi, zehni və fiziki güclü ikinci bir adam tanımamışam. Bunu hər kəs təsdiqləyə bilər. Kimsə ürəyində belə inkar etməz. O doğuşdan hərbçi idi. Səhhəti imkan versəydi, sona qədər orduda xidmət edərdi”.

 

Azər Əkbərova kasıbların həkimi də deyirdilər. Bu adı ona pasiyentləri vermişdi. İmkanı olmayan xəstələri də geri qaytarmaz, onları ödənişsiz  əməliyyat edərdi. Xəstəsi Şəmsi Abdullayev müsahibə verərkən demişdi:  “Azər doktor bizim kimi kasıb adamların pənahı idi. Məni də pulsuz əməliyyat etmişdi. Bu gün onun sayəsində sağ qalıb yaşayıram”.

 

Onun təmənnasız kömək etdiyi yüzlərlə vətəndaşdan biri-Nərmin Bədəlova A. Əkbərovu belə xatırlayır:

-Rəfiqəm qəza keçirmiş, “Semaşko”da (Kliniki Tibbi Mərkəz-red.) əməliyyat olmuşdu. Narahat idik. Azər həkimə axşam saat 10-da zəng etdim. Dedim yaxın  bir adam əməliyyat olub, sizin müayinə etməyinizi istəyirəm. Dedi ad günümdür, evdə adamlar var, sizinlə əlaqə saxlayacam. Bir saat sonra zəng etdi ki, xəstəxananın həyətindəyəm. Evdə qonaqlarını qoyub gəlmişdi (ağlayır)”.

Bu “xəstə mənim namusumdur”,-deyən Azər həkim haqqında söylənilən saysız misaldan sadəcə biridir. Ölüm yatağında ikən pasiyentlərini düşünən, vəfatından 1 gün öncəyə qədər xəstə zənglərini qəbul edən A.Əkbərov öz nümunəsi ilə mükəmməliyi mümkünə çevirdi.

Dr.Azər Əkbərov kimdir?

Arayış

Dr. Azər Əkbərov 1979-cu il aprelin 26-da Bərdə şəhərində doğulub. 1996-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub. 2002-ci ildə Hərbi tibb fakültəsini bitirərək orduda hərbi həkim kimi xidmətə başlayır. 2009-cu ildə Türkiyə Republikasının Gülhanə Hərbi Tibb Akademiyasına daxil olur. 2014-cü ildə neyrocərrahiyyə üzrə uzmanlıq dərəcəsini qazanır. 2014-cü ildə vətənə dönərək, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xidmətə davam edir. Dəfələrlə qüsursuz xidmətinə görə təltif olunan Əkbərov Aprel döyüşlərində də çoxsayda yaralıya kömək edir. 2015-ci ildə səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olunur. 2021-ci il oktyabr ayına qədər özəl xəstəxanaların birində fəaliyyət göstərir.

***

Bu gün vəfatından 1 il ötür... Azər həkimi elə evində yad etmək üçün Əkbərovlar ailəsinə baş çəkdik. Bizi övladları Mədinə və Rasim qarşıladı. Dərslərindən, gələcək arzularından həvəslə danışsalar da, söz  atalarından düşəndə gözləri uzaqlara zillənir, evə qəribə bir sükut çökür. Atasının ölümü ilə artıq barışdığını deyən Mədinə Əkbərova hələ də möcüzə gözlədiyini söyləyir:

-16 yaşım tamam oldu. İlk ad günüm idi ki, atasız keçirdim. Bilirəm möcüzələr olmur. Amma yenə də ad günümdə bir möcüzə olsun istədim. Səhər oyananda başımın üstündə atamın dayanıb mənə baxacağını gözlədim. Ən çox da atası yanında olan qızları görəndə pis oluram. Bu qısqanclıq deyil. Sadəcə atasızlığımı o an daha çox hiss edirəm.

Yeni vəfat edəndə atamdan incimişdim. Düşünürdüm ki, bəlkə müalicəyə  davam etsəydi bir az yaşayardı. Amma sonra anladım ki,  hər kəsin öz zamanı var. Atamın seçimi olsaydı bizimlə qalardı. O istəmirdi biz onu elə ağır vəziyyətdə görək. Yəqin indi olduğu yerdə xoşbəxtdir. Atam bizim xoşbəxt olmağımızı istəyirdi. Ona görə çalışıram ki, mümkün qədər xoşbəxt olum.

 Rasim Əkbərov da atasının nəsihətlərini tez-tez xatırladığını deyir:

 

-Atam həmişə söyləyirdi ki, hansı peşəni seçirsənsə seç, əsas  dürüst insan ol. Dərslərimi yaxşı oxumağa çalışıram. İstəyirəm ki, atama layiq övlad olum. İndi onun üçün daha çox darıxıram. Barmağımdakı üzüyü atam hədiyyə edib. Üzüyə baxıb atamla söhbət edir, ona onsuz necə yaşadığımızı danışıram. Tək deyilik, anamız yanımızdadır. Amma atamın yeri evdə həmişə boş görünür. Onsuz ad günlərimizin, bayramların da marağı qalmayıb. Çünki nə zaman masa başına yığışsaq, atamın yeri boş qalır. Bilirəm ki, o indi burdakından qat-qat yaxşıdır. Çünki ağrıları yoxdur, ağrımır.

Övladlarında fərqli olaraq Ləman Əkbərova həyat yoldaşının ölümü ilə barışa bilmədiyini söylədi:

-Hələ də ölümü ilə barışmamışam, heç vaxt da barışmayacam. Yenə də düşünürəm ki, uzaq bir yerə gedib, nə vaxtsa qayıdacaq. Əgər indi məni eşitsə, deyərdim ki, çox darıxırıq, bacarırsansa qayıt gəl. Martın 18-i ad günüm idi. Səhər tezdən Azərin məzarını ziyarət etdim. Ona dedim ki, həmişə sən mənə gül alırdın, indi mən sənə gül gətirmişəm (ağlayır).

Mənə 2 balasını əmanət edib, övladlarımız üçün güclü olmağa məcburam. O gücü də Azərdən alıram. Bilirəm, əminəm ki, yanımızdadır. Bunu hiss edirəm.

Ləman xanım düz deyir, Azər həkim onlardan ancaq cismən ayrılıb. Sözü-söhbəti hər gün evdə danışılır, yad edilir. Tək ailə üzvləri deyil, A.Əkbərovu tanıyan hər kəs üçün o sağdır. Bəlkə də zamanla ölümü ilə barışanlar olacaq, amma yoxluğunu kimsə qəbul edə bilməcəyək. Əvəzsiz insanların yeri heç vaxt dolmur.

 

Barəsində ən gözəl sözlərin deyildiyi insan haqqında daha nə yazmaq olar ki? Tanıdıqca daha çox heyfsləndiyim, insanlığına, böyüklüyünə heyran qaldığım şəxs barədə ancaq bunu deyə bilərəm: Bu dünyadan bir də Azər Əkbərov kimi möhtəşəm həkim, mükəmməl insan keçdi. Dünya durduqca 42 yaşında qalacaq əvəzsiz Dr.Azər Əkbərov...

Dr. Azər Əkbərov 2021-ci il noyabrın 24-də uzun illlər əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişib. 

Könül Cəfərli

news department

Gündəm